Şamil Əliyevin “Yaradanlar” filmi “Oskar”a təqdim olundu

Rejissor Şamil Əliyevin “Yaradanlar” (“Creators”) bədii-sənədli filmi 95-ci Amerika İncəsənət və Elmlər Akademiyasının “Oskar” mükafatına namizədlərin siyahısına daxil edilib.

Azərbaycan memarlıq sənətinin iki görkəmli nümayəndəsi Sadıx Dadaşov və Mikayıl Hüseynovun xatirəsinə həsr edilən sənədli film  Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə 2020-ci ildə “Salnamə” kinostudiyasında lentə alınıb.

Filmi Amerika Kino Akademiyasına  “Salnamə” film studiyası və  Memarlar İttifaqı təqdim edib.

www/international-feature.com saytının məlumatına görə, 12 mart 2023-cü ildə mükafatlandırma mərasimi keçiriləcək və mərasim ABŞ-ın ABC kanalında canlı yayımlanacaq. Bundan başqa, namizədlər gələn il yanvarın 24-də elan olunacaq. 95-ci Akademiya mükafatların qısa siyahısı isə bu il dekabrın 21-də elan ediləcək.

Qeyd etdiyimiz kimi, “Yaradanlar” sənədli filmində XX əsrin dahi Azərbaycan memarları Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda kommunist-bolşevik ideologiyasının Azərbaycanın mədəni irsinə və düşüncə tərzinə amansız təsirinin öyrənilməsindən bəhs edir.

Fİlmdə Azərbaycanın siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq onlara necə qayğı göstərməsi, yaşayıb-yaratması üçün qayğısını əsirgəməməsi xüsusilə diqqətə çəkilir.

Filmin ideya müəllifi Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri, Əməkdar memar, professor Elbəy Qasımzadə, ssenari müəllifi xalq yazıçısı Natiq Rəsulzadə, quruluşçu rejissoru Şamil Əliyev, quruluşçu operatoru Rüfət Süleymanov, rəssamı Lalə Hüseynzadə, bəstəkarı Azər Əsgərov, prodüseri Nazim Hüseynovdur.

“Yaradanlar” filmi bu ilin əvvəllərində ABŞ, İspaniya, Rusiya, BƏƏ və Hindistanın müxtəlif beynəlxalq kinofestivallarında iştirak edərək uğur qazanıb.

Yeri gəlmişkən, “Yaradanlar” sənədli filmi Şamil Əliyevin “Oskar” nominasiyası üzrə uzun siyahıya daxil olan ikinci filmidir. 2012-ci ildə lentə alınan ilk filmi – son illərin ən titullu filmi olan “Çölçü” (“Steppe man” filmi rejissora dünya şöhrəti qazandırıb. “Çölçü” filmi 2014-cü ildə “Xarici dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatının ilkin siyahısına daxil edilib. Bundan başqa, müxtəlif beynəlxalq festivallarda iştirak edərək demək olar ki, bütün kateqoriyalar üzrə 100-dən çox mükafat alıb.

aki.az