AKTRİSA ŞÜKUFƏ YUSUPOVANI YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏBRİK ETDİLƏR
Mayın 30-da, Azərbaycanın Xalq artisti, “Şöhrət” ordenli Şükufə Yusupova öz yubileyini qeyd edib.Bu əhəmiyyətli hadisə Şükufə xanımın da idarə heyətinin üzvü olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) diqqətindən kənarda qala bilməzdi. İyunun 4-də AKİ-nin idarə heyətinin iclası onun yubileyinin şərəfinə deyilən sözlərlə başladı. Şükifə xanıma gül buketi təqdim olundu, görkəmli kinematoqrafçılar aktrisanın yaradıcılığından bəhs etdilər.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov, Şükufə Yusupovanın yubileyini vacib hadisə adlandırıb: “Bu günlərdə respublikamızda əhəmiyyətli hadisə baş verib. Müasir dövrün ən böyük aktrisalarından biri olan Şükufə Yusupovanın yubileyidir. Bütün kinematoqrafçılar adından sevimli aktrisamızı ürəkdən təbrik edirik”.
Xalq artisti Rasim Balayev bildirib ki, Şükufə Yusupova öz işinə peşəkar yanaşan, teatr, kino sənətinə sadiq olan istedadlı aktrisalarımızdan biridir: “Digər kolleqalarından fərqli olaraq, Şükufə xanım başqalarının işinə qarışmır, sadəcə işləyir, həmişə onda irəliləyiş hiss etmişəm. O, öz üzərində işləyən, peşəkarlığını daim inkişaf etdirən aktrisadır. Şükufə Yusupovanın Azərbaycan kino və teatrının inkişafında xüsusi xidmətləri var”.
Xalq şairi Ramiz Rövşən qeyd edib ki, Şükufə Yusupova görkəmli aktrisa və əsl şəxsiyyətdir: “Peşə” və “Şəxsiyyət” məfhumları mənim üçün ayrılmazdır. Aktyor kimdir: Bu, müxtəlif obrazları canlandıran, başqa bir şəxsiyyətin obrazını asanlıqla qəbul edə bilən, bununla belə öz şəxsiyyətini itirməyən adamdır. Şükufə Yusupova əsl aktrisadır. O həmişə şəxsiyyətini qorumağı bacarıb. Bu aktrisanı çox sevirəm. Mənim tamaşaçı olaraq Şükufə xanıma sevgim sonsuzdur. Onu yubileyi münasibətilə ürəkdən təbrik edirəm”.
Xalq artisti Həmidə Ömərovanın dediklərindən: “Bizim peşə yollarımız dəfələrlə kəsişib və mən deyə bilərəm ki, Şükufə Yusupova bir aktrisa kimi hər rola razılaşmır, addımlarını ölçüb biçir və onun seçimi maksimum dəqiq olur, hədəfə vurur. Aktrisaya can sağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları arzulayıram».