“Türk dünyasının mədəniyyət paytaxtı” ilində kino tədbirləri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nında kino tədbirləri sırasında “Xarı bülbül” sənədli filminin nümayişi və “Qorqud Ata Türk Dünyası” Film Festivalının keçirilməsi də daxildir.

Tədbirlər planında Şuşada “Əhməd bəy Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Eyni zamanda “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq konfransın, “Şuşa Türk dünyası tarixində” mövzusunda beynəlxalq konfrans, “Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa” mövzusunda elmi seminarın keçirilməsi də nəzərdə tutulub.

Sevindirici haldır ki, Tədbirlər planını hazırlayan işçi qrupuna  Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində Ə.Ağaoğlunun irsinin qeyd edilməsi də təklif edilmişdi. Azərbaycan Kinematoqrafçılar İttifaqından AR Mədəniyyət nazirliyinin aidiyyatı şöbəsinə göndərilən təklifdə Tədbirlər planı milli maraqlarımıza cavab verən bir sənəd kimi xarakterizə edilmiş və xüsusilə planda kino tərkibinin olması kinematoqrafımızın beynəlxalq əlaqələrinin qurulması üçün çox vacib olduğu qeyd olunmuşdur. Bundan başqa, Əhməd Ağaoğlu və Yusif Vəzir Çəmənzəminli kimi görkəmli fikir adamı və ədiblərin irsinin tədbirlərdə nəzərə alınması da təklif olunmuşdur.

11 yanvar 2023-cü il tarixli məktubda işçi adları “Cümhuriyyət qurucuları Şuşada” və ya “Şuşadan Turana” başlıqlı Əhməd bəy Ağaoğluna həsr edilmiş konfransın keçirilməsi, Əhməd bəyin irsinin bu tədbirlərdə xatırlanmasının əhəmiyyəti, onun məqalələr toplusunun plana salınması təklif edilir. Məktubda deyilir: Əhməd bəyin irsinin bu tədbirlərdə xatırlanmasının əhəmiyyəti onun türkçülük və Türk cümhuriyyətçiliyinin banilərindən biri olması, təkcə Azərbaycan miqyasında yox, türk elləri üçün də vacib bir şəxs olmasıdır. Plana Ağaoğlunun məqalələr toplusunun (azəri, türk, ingilis dillərində) salınması da mümkündür. (sitatın sonu)

Tədbirlər planının tam mətni ilə burdan tanış ola bilərsiniz: https://bit.ly/3XnvRv4

aki.az