Azərbaycan animasiyası Beynəlxalq Festivalda
Azərbaycanın “Hədis” animasiya filmi Annecy Beynəlxalq Animasiya Filmləri Festivalının müsabiqəsinə daxil edilib.
Bu barədə Aki.az-a ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təsisçisi və direktoru Rəşid Ağamalıyev məlumat verib.
R.Ağamalıyev bildirib ki, bu festival bütün dünya ölkələrində istehsal olunmuş animasiya filmlərindən ən yaxşılarını nümayiş etdirən aparıcı animasiya festivalı kimi tanınır: “Annecy müsabiqəsinə daxil edilmək Azərbaycan kinosənayesi üçün mühüm nailiyyətdir. “Hədis” simvolik olaraq qarğaların hökm sürdüyü ədalətsiz dünyada haqq-ədalət uğrunda mübarizə aparan gənc qız haqqındadır”.
Qeyd edək ki, “Hədis” qısametrajlı animasiya filmi 2022-ci il sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı İran azərbaycanlısı Hədis Nəcəfiyə həsr edilib və bu ölkədə gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub.
Filmin ssenari müəllifləri İsmayıl İman və Nəzrin Ağamalıyeva, məsləhətçisi Məsud Pənahi, aparıcı animatoru Andrea Szelesovádır. Filmin montajını Jorge Sánchez Calderón həyata keçirib. Filmə musiqini Ondřej Zavadil yazıb. Zöhrə Kərimi isə filmi səsləndirib.
“ANİMAFİLM Studio” animasiya studiyasının istehsal etdiyi “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin maliyyə dəstəyilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası və “Əkinçi” platforması filmə media dəstəyi verib.
aki.az