H.B.Zərdabi Rəhman Bədəlovun nəzərində

31 mart Azərbaycan Kinematoqrafçılar İttifaqında Rəhman Bədəlovla ənənəvi görüş baş tutub. Həsən bəy Zərdabinin həyat və yaradıclıq yoluna həsr olunmuş görüşdə professor, Zərdabinin fəaliyyəti ilə bağlı zəlzələ ifadəsini işlədir. O deyir, Zərdabi bir “zəlzələ” idi və müasir dövrümüzün də belə “zəlzələyə” ehtiyacı olduğunu bildirir. Professor etiraf edir ki, 2000-ci illərin əvvəlində milli identifikasiyası ilə keçirdiyi dərin krizisdən sonra, məhz Zərdabi onu milli kimliyinə, azərbaycanlığa qaytarıb. Dinləyicilər Zərdabini zamanın passionar şəxsi kimi şərh etdilər. “Əkinçi” qəzetinin oynadığı inqilabi rolunu xüsusi vurğuladılar.

Görüşdə musiqişünaslar Zümrüd Dadaşzadə, Arzu Məmmədova, filosof Teymur Daimi, sənətşünas Cahangir Səlimxanov, DokuBaku festivalının direktoru İmaməddin Həsənov iştirak edirdi.

Musiqişünas Z.Dadaşzadə görüş haqqında təəssüratlarını bölüşüb:

“Azərbaycan Kinematoqrafçılar İttifaqında filosof Rəhman Bədəlov növbəti dəfə çıxış etdi, daha doğrusu, bizi başına yığdı. Soyuq, küləkli və yağışlı gün idi, amma Rəhman müəllim fikirlərini bizimlə bölüşürdü, özü də Həsən bəy Zərdabi haqqında. Mühazirənin adı da belə idi: “Zərdabi: həyatı və yaşantıları”. Azərbaycanımızın ən şərəfli və ən kədərli simalarından biri. Əqidə adamı, ƏMƏL adamı. Cəmiyyətimiz tərəfindən başa düşülməyən, uğursuz, amma yolundan son nəfəsinədək dönməyən. Rəhman müəllimin məqsədi nə idi? Əlbəttə, üzümüzü Zərdabiyə çevirmək. “Zəlzələ yaratmaq”, özünün təbirincə desək – bizi çalxalamaq. Rəhman müəllimə ancaq minnətdarlıq bildirmək qalır”.

Sənətşünas Rəhman Bədəlovla silsiləvi görüşlər il ərzində mütəmadi davam edəcək.

aki.az