“START-2023” müsabiqəsinin nəticələri elan olunub
Xəbər verdiyimiz kimi, “Azərbaycanfilm” kinostudiyası 2022-ci ilin noyabr ayında “Start-2023” adlı film layihəsi müsabiqəsi elan etmişdi.
Qeyd edək ki, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyinə həsr olunan, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, eləcə də kino mühitinə yeni adlar qazandırmaq məqsədilə keçirilən müsabiqənin nəticələri elan olunub.
“Azərbaycanfilm” kinostudiyasının verdiyi məlumata görə, müsabiqəyə tammetrajlı bədii, qısametrajlı bədii və qısametrajlı animasiya film layihələri qəbul olunub. Müsabiqə, müraciət olunan kateqoriyada debüt (birinci və ya ikinci) filmini çəkmək istəyən rejissorlar üçün nəzərdə tutulub.
Xatırladaq ki, 1 noyabr 2022-ci il tarixində layihələrin qəbulu başlamış 31 yanvar 2023-cü il tarixində başa çatmışdır. Ümumilikdə 45 layihə dəyərləndirilmək üçün kinostudiyanın nəzdində yaradılmış Ekspert Şurasının ixtiyarına verilib.
Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərovun sədrlik etdiyi Ekspert Şurasının üzvləri filologiya üzrə fəlsəfə doktoru, ssenari üzrə dərsliklərin müəllifi Gülşən Qafarova, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov, Xalq artisti Vidadi Həsənov, rejissor İlham Qasımov, məsul katib isə Leyla Vəzirzadədir.
Ekspert Şurasının son keçirdiyi iclasda qaliblər müəyyənləşdirilib:
“Tammetrajlı bədii film layihəsi” kateqoriyasında:
“Özgə ağrı” (Rövşən İsgəndərov);
“Qısametrajlı bədii film layihəsi” kateqoriyasında:
“Erkən hisslər” (Nurlan Həsənli)
“Neytral zonanın sonuncu sakini” (Tahir Tahiroviç)
“Qısametrajlı animasiya filmi layihəsi” kateqoriyasında
“Balıq” (Fuad Quliyev)
“Sonuncu lələk” (Firəngiz Bağırova).
Yaxın günlərdə Ekspert Şurasının üzvlərinin də iştirakı ilə mətbuat konfransının keçirilməsi və qaliblərə diplomların təqdim olunması planlaşdırılır. Növbəti mərhələdə isə qalib olunan layihələrin istehsal olunması nəzərdə tutulub.
aki.az