“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı qalibləri elan etdi
2017-ci ildə təsis olunan, artıq üçüncü dəfədir keçirilən və Azərbaycan Kinematoqrafçılar İttifaqının tərəfdaşı olan DokuBaku Beynəlxalq Sənədli Film Festivalı (BSFF) başa çatdı.
Kapellhausda keçən bağlanış mərasimində münsiflər heyəti qalibləri elan etdi:
“Ən yaxşı qısa sənədli film” nominasiyasında “Aralıqda” (rejissor Samir Karahoda)
“Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında “Anamın yox oluşu”(ssenari müəllifi və rejissoru Benyamino Barrezi)”
“Ən yaxşı yerli, qısa sənədli film” nominasiyasında “Bir dəfə Şanxayda”(rejissor Leyli Qafarova),
Münsiflər heyətinin fəxri mükafatı “Salaamı xilas edin” (rejissor Orxan Adıgözəlov) .
İlk dəfə tamaşaçı rəyi üzrə də qalib elan edilən “Ümidin dadl” (rejissor Laura Coppens) filmi, çox saylı tamaşaçıların marağına səbəb olub.
Tədbirdə çıxış edən Azərbyacan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov bildirdi ki, festival təkcə kinomuz üçün yox, cəmiyyətimiz üçün də əhəmiyyətlidir: “Bu əməkdaşlıqdan qürur duyuruq və növbəti illərdə daha sıx əməkdaşlıq etmək əzmindəyik”.
İmam Həsənov öz çıxışında bütün tərəfdaşlara, könüllülərə, festivalın heyətinə təşəkkürünü bildirdi: “Artıq 3-cü dəfədir baş tutan festivalın keçirilməsində rolu olan Veronika Yanatkova və Oqtay Namazova xususilə minnətdaram. Çünki onlar, gözlənilməz halda qarşımıza çıxan problemlərin həllində böyük köməklik göstərdilər”.
Yeri gəlmişkən, İmam Həsənov və Veronika Yanatkova tərəfindən yaradılan festival dünyanın bir çox ölkələrində istehsal olunan ən yaxşı sənədli filmləri tamaşaçılara nümayiş etdirmək üçün Bakıya gətirir. Festival çərçivəsində qısa, eyni zamanda tammetrajlı sənədli filmlər nümayiş olunub. Bu il festivala 32 ölkədən 181 film qəbul olunub. Filmlərin 43-ü tammetrajlı, 138-i qısametrajlıdır. Bundan başqa, bu il ilk dəfə olaraq, Almaniya “qonaq ölkə” kimi festivalda iştirak etdi.
Azərbaycan Kinematoqrafçılar İttifaqı