“Qazax xalçaları” qısametrajlı sənədli filmi yekunlaşıb

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, kinorejissor Ziya Şıxlinskinin çəkdiyi “Qazax xalçaları” sənədli filmi artıq yekunlaşıb.

Azərbaycan xalçaçılıq sənətinin fonunda Qazax xalçalarından bəhs edən filmdə müxtəlif muzeylərdə, şəxsi kolleksiyalarda qorunan, rəsm əsərlərində təsvir edilən Qazax xalçalarından istifadə edilib.

Z.Şıxlinski bildirir ki, xalçaların təsvirləri Azərbaycan və Avropa bəstəkarlarının klassik musiqisinin müşayiətilə və bir neçə dildə titrlərlə təsvir olunacaq: “Azərbaycan xalçaçılıq sənəti dünyada tanınır və qiymətləndirilir. Gözəl Azərbaycan xalçaları dünyanın ən böyük muzeylərini bəzəyir. Filmin ideyası mərhum sənətşünas, alim Rasim Əfəndiyevin 1971-ci ildə ABŞ-da çap olunmuş “Qazax xalçaları” kitabını mənə göstərməsindən sonra yarandı. Onun müəllifi xalçaçı Raul Şəbuldur. Kitabda, xaricdə Azərbaycan xalçalarına olan maraqdan bəhs olunur”.

“Amerikalı yazıçı, detektiv romanların müəllifi Reks Stautun qələmə aldığı “Yekun qərar” əsərində Qazax xalçalarından bəhs olunub” deyən rejissor, Azərbaycan xalçalarının artıq dünya ölkələrinin də diqqətində olduğunu vurğulayır.

Z.Şıxlinski, filmi Azərbaycan xalçalarının böyük sərrafı olmuş anası Cəmilə xanım Şıxlinskayanın əziz xatirəsinə ithaf edib. Bakıda və Qazaxda çəkilən sənədli filmin operatoru Yuri Varnovskidir.

Xatırladaq ki, Ziya Şıxlinski Sovet qoşunlarının Budapeştdə, Novoçerkasskda, Praqada, Əfqanıstanda, Almatıda, Tbilisidə və Bakıda törətdikləri qanlı qırğınla bağlı siyasi hadisələri əhatə edən “Ruslar müharibə istəyirlərmi?”(1990), general Əliağa Şıxlinskiyə həsr edilmiş “Artilleriyanın allahı sayılırdı” (1996), vaxtilə Azərbaycan ərazisində yaşamış almanların həyatından bəhs edən “Bir həsrətin nəğməsi” (1997), Xalq yazıçısı İsmayıl Şıxlıya həsr edilmiş “Ayrılan yollar” (1998), “Şopenin qayıtması” (1998), “Səkkiz dəqiqə yarımlıq düşüncə” (1999), “Doğma diyar” (2003), “Həyat çeşməsi” (2005), “Həyat izləri” (2006), “İbadət” (2007), “Azərbaycan motivləri” (2008), “Azərbaycan musiqisi” (2009), “Dünyaya açılan pəncərə”, Xalq yazıçısı, dramaturq və kinossenarist İmran Qasımova həsr edilmiş “Onun böyük ürəyi” (2010), zəmanəmizin ən yaxşı reportaj fotoqraflarından biri olan Reza Deqatiyə həsr edilmiş “Ürəklə şəkil çəkən rəssam” (2010), “Fotorəssam” (2011), məşhur italyan şairi, yazıçı və ssenarist Tonino Querranın Bakı xatirələrindən bəhs edən “Bu yol hara gedirdi?” (2012), 1918-ci il hadisələrinə və Azərbaycan Milli Ordusunun yaradılmasına həsr edilmiş “Ağır illərin xronikası” (2013), Azərbaycanın tanınmış dövlət xadimi Əliş Ləmbəranskinin həyat və fəaliyyətindən bəhs edən “İthaf” (2014) kimi sənədli filmlərin rejissorudur.

aki.az