``Dilin yataq otağı``nda

Azərbaycan Kinematoqrafçılar İttifaqında növbəti görüşün qonağı tanınmış media eksperti Zeynal Məmmədli olub. “Dilin yataq otağı” başlıqlı çıxışın mövzusu dilimizin suggestiv (gizli) imkanlarını üzə çıxarmaq idi. Zeynal Məmmədlinin fikrincə, dilimiz ümumtürk konteksində doğma mühitdədir və bu istiqamətdə qarşılıqlı zənginləşməkdən narahat olmağa ehtiyac yoxdur. “Hansı sözlər dilin mətbəxindən qırağa çıxmaz? Hansı sözlər qonaq sayılar? Hansı sözlər dilin yataq otağına buraxılmaz?” suallarına görüşdə cavab axtarıldı. Dinləyicilərin müasir Türkiyə türkcəsindən dilimizə təpki ilə bağlı sualına, mühazirəçi bildirdi ki, bu qarşılıqlı prosesdir və bizdən də türkcəyə keçən sözlərə rast gəlinir. Dinləyicilərin müasir yazı və nitq dilimizi zənginləşdirməyin metodları haqda sualına ekspert lüğətlərin çapını vacib bir metod olduğunu bildirdi. Özünün rəhbərliyi ilə aparılan tədqiqatları misal gətirərək məlumat verdi ki, aparılan təcrübələr ali məktəb tələbələrinin belə söz bazasının yuxarı sinif məktəblilərdən az olduğunu göstərir. Dilimizin istifadə edilməyən potensialı, yaddan çıxmış söz qatı həddən artıq çoxdur. Bu geriləmənin qarşısını almaq üçün lüğətlərin çapı ilə yanaşı, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri (valideynlər, məmurlar, idmançılar və s.) arasında dil zənginliyi istiqamətində tədqiqatlar aparılmasının vacibliyini bildirdi.

aki.az