Pavel Finn: Kino elə bir hala gəlib ki, dramaturgiya və rejissura praktik olaraq birləşib

Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbində görkəmli kinodramaturq Pavel Finnin ustad dərsləri başlayıb.

P.Finn ÜDKİ-nin ssenarist və rejissorların Ali kurslarında V. Xotinenko və V. Fençenko ilə birlikdə yaradıcılıq emalatxanasına rəhbərlik edir. AKİ Kino Məktəbində ustad dəsrlərinə başlayan kinodramaturq Məktəbin tələbəsi Oleq Namzovla fikirlərini bölüşüb: “Mən burda 20 ildir çalışdığım Ali rejissorluq və ssenari kurslarının emalatxanasını təmsil edirəm. Bizim özünəməxsus tədris metodumuz var. Bu tədris metodu vasitəsilə peşə sirlərini öyrənmək olar. Qeyd edim ki, müasir Rusiya kinematoqrafiyasının uğurlu nümayəndələri arasında məhz bizim kursun yetirmələridir. Bakıdakı mühazirələrdə tələbələri, bəhs etdiyim tədris metodu ilə tanış edirəm. Hazırda müasir kino elə bir vəziyyətə gəlib ki, rejissura ilə kinodramaturgiya tam olaraq birləşib. Bizim kursun da metodu ondan ibarətdir ki, rejissorlarla  ssenaristlərə bir yerdə dərs keçilməlidir. Bir neçə gündür başladığım mühazirələrdə əsas tezisim bu oldu”.

P.Finn onu da bildirir ki, tələbə həm rejissura, həm də dramaturgiyanın sirlərinə bələd olmalıdır: “Əslində yaşadığımız dövr iqtisadi baxımdan çətin olduğu üçün, tələbələrin, ümumiyyətlə  yeni başlayan kinematoqrafçıların şəraitə çevik adaptasiya olmağa ehtiyacı var .Yeri gəlmişkən, tələbələrimizdən biri artıq Moskvada telefon vasitəsilə bir neçə film çəkib. “Faqot” adlı həmin film Rusiyada ilk telefona çəkilən film olub. Bu, bizim kursun uğurudur. Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, kinodramaturq Rüstəm İbrahimbəyovun Kino Məktəbini yenidən bərpa etməsinə çox sevindim. Rüstəm müəllim daima gənc nəslə dəstək verir. Onun keçirdiyi “Şərq-Qərb” Beynəlxalq  Kino Festivalının dəfələrlə qonağı olmuşam. Belə festivallar sadəcə filmlərə baxış, müzakirələrdən ibarət deyildi, eyni zamanda böyük kino hadisəsi idi. Sizin şəhərə xas olan qonaqpərvərlik hissi, məndə silinməz izlər buraxıb. Çünki  qırılmış əlaqələr bərpa olunurdu, unikal qardaşlıq atmosferi vardı”.

Xatırladaq ki, Kinematoqrafçılar İttifaqının Kino Məktəbində “kinorejissura”, “kinodramaturgiya” və “animasiya rejissoru” qrupları üzrə tədris aparılır.

Müsahibənin videosu burada: https://www.youtube.com/watch?v=au0d1E3t010&t=78s

Azərbaycan Kinematoqrafçılar İttifaqı