Özbəkistan kinosu 2020-ci ildə
Özbəkistan kinosundakı dinamika, milli kinonun problemlərinə konseptual münasibət qibtə doğurmaya bilməz.
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Respublika milli kinematoqrafiyanın inkişaf perspektivləri: Məqsəd və vəzifələr” Forumunda bu bir daha özünü doğrultdu. Forum çərçivəsində özbək kinosunun dünəni, bu günü, sabahı əsas müzakirə obyektinə çevrilib.
Müzakirəyə əsasən, 2020 il Özbəkistanda kino bazarının dirçələcəyi il olaraq tarixə yazılacaq. Belə ki, gələn il Özbəkistanda Kino Evinin dirçəldilməsi, Daşkənd Beynəlxalq Kinofestivalının keçirilməsi, Kinematoqrafiya İnstitutunun yaradılması, “Özbəkfilm” turizm kompleksinin tikintisi, milli seriallar studiyasının yaradılması və bir çox digər təşəbbüslər irəli sürülüb.
“Özbəkfilm”in direktoru Firdavs Abduxalikov bildirib ki, Özbəkistanın baş nazirinin imzaladığı müvafiq sərəncama əsasən kino sənayesinin inkişafı üçün gələn il “Yol xəritəsi” ni elan etdik: “”Yol xəritəsi”nə əsasən, Özbəkistan Respublikası Prezidentinin irəli sürdüyü bir sıra təşəbbüsləri, görkəmli yerli və xarici kinoxadimlərinin iştirakı ilə keçirilən konfranslar, seminarlar, dəyirmi masalar zamanı söylənilmiş təklif və ideyalar öz əksini tapıb.
Qeyd edək ki, “Yol Xəritəsi” ndə Özbəkistan milli kinosunun inkişafı ilə bağlı bir sıra vəzifələr müəyyənləşdirilib. Məsələn, geniş miqyaslı filmlər sırasında “İlxak”, “ibrat” və “101-ci reys” filmlərin çəkilməsinə 17 mlrd. som vəsaitin, eyni zamanda gənc kinematoqrafçıların fəaliyyəti üçün maddi-texniki bazanın möhkəmləndirilməsinə 600 mln. som məbləğin ayrılması yer alıb. Bundan başqa, yeni ildə Əlişir Nəvai adına Kino Sarayı istifadəyə veriləcək, Respublika Kinoprokat Mərkəzi yaradılacaq.
Forumda iki ildən bir keçirilən Daşkənd Beynəlxalq Kinofestivalı, milli filmlərin qorunub saxlanması və rəqəmsallaşdırılması, habelə milli kinofilmlərin xarici arxivlərdən qaytarılması ilə məşğul olan Özbəkistan kino Muzeyinin, Özbəkistan Dövlət Kino Fondunun yaradılması haqqında da məlumat verildi.
“Bizim əsas vəzifələrimizdən biri dövlət-özəl tərəfdaşlığın tələblərinə uyğun olaraq 3 kino zalı olan iri şəhərlərdə ticarət-əyləncə mərkəzlərinin açılmasıdır. Bu məqsədlə bölgənin mərkəzi hissələrinin hər birində ticarət-əyləncə komplekslərinin tikintisi üçün torpaq sahələrinin ayrılması planlaşdırılır. Belə komplekslərin tikintisi üçün güzəştli kreditlər Özbəkistan Milli Bankı tərəfindən veriləcək. Daha bir xoş xəbər yalnız kinomanları deyil, paytaxtın bütün sakinlərini sevindirəcək. Daşkənddə yenidən Kino Evi fəaliyyətə başlayacaq. Uğurlu və perspektivli kinematoqrafçılara Daşkənddə daimi qeydiyyatda köməklik göstəriləcək, həmçinin əlavə güzəştlər veriləcək” deyə F. Abduxalikov bildirib.
Direktor son olaraq onu da qeyd edib ki, 2020-ci ildə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda 10 əməkdaş və “Mosfilm” kinostudiyasında 20 mütəxəssis təcrübə keçəcək.
Xatırladaq ki, prezident İlham Əliyev tərəfindən 1 mart 2019-cu il tarixində “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalanıb.
Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsindən(medeniyyet.az) verilən məlumata görə, yeni qanun layihəsi baxılması üçün Milli Məclisə təqdim olunub. Bu qanunun qəbulu kino sənayesinin inkişafına müsbət təsir edəcək.
Azərbaycan Kinematoqrafçılar İttifaqı