Kinematoqrafçılar İttifaqları niyə birləşməlidir

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov “Sinema-Radio”ya müsahibə verib. Kinematoqrafçılar İttifaqlarının birləşməsi ilə əlaqədar aktual sualları cavablandıran Əli İsa Cabbarov ilə müsahibəni təqdim edirik:

Kinematoqrafçılar İttifaqlarının birgə bəyanatı yayılan gün həm də Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin də bəyanatı yayıldı. Buna qədər AKİ-nin sədri Xalq artisti Rasim Balayev də İttifaqların birləşməsi haqqında fikirlərini bildirmişdi. Bu fikirlər “KinoForum” da səsləndirilmişdi. Birgə bəyanatın mənası odur ki, – güc birlikdədir. Pərakəndəliyimiz bizim işimizə, kinoda effektli islahatlar aparmağa, müsbət nəticələr əldə etməyə mane olur. Möhtəşəm qələbəmizdən, xalqımızın qəhrəmanlıq səhifəsindən sonra biz gərək bu qələbəni kino vasitəsilə dünyaya çatdıraq. Bu bizim qarşımızda duran ən vacib məsələdir. Buna görə də bizim birliyimiz, ittifaqların birliyi vacibdir. Bu bizim sıralarımızı möhkəmləndirəcək və yüksək nəticələr əldə etməyə kömək edəcək. 26 iyul tarixində birləşmə niyyəti elan edildi, amma bundan sonra bu niyyətin arxasında dayanmaq və irəli addımlar atmaq lazımdır. Biz tərəfdən İdarə Heyətimizin bəyanatı var və bu bəyanat kütləvi informasiyalar vasitəsilə yayılıb. Analoji sənədin Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən də olması arzuolunandır. Çünki birgə iclasda qərarlar dəstəkləndi, amma orda ARKİ-nin idarə heyətinin də qərarı olmalıdır. Düşünürəm ki, hər iki İttifaq tərəfindən birgə işçi komissiyası yaradılmalıdır və bu komissiya ittifaqların birləşməsi üçün əməli addımların yol xəritəsini hazırlamalıdır. Burada hüquqşünas, maliyyəçi və Ədliyyə Nazirliyinin nümayəndəsinin birgə işi lazımdır. Görüləsi işlər və həll ediləsi adminstrativ problemlər var. İlk dəfədir belə bir hadisə olur, iki təcrübəli İttifaq, ştatlar, büdcələr birləşir, daşınmaz əmlaklar bir hüquqi şəxsin tabeliyinə keçir. Müqavilə bağladığımız təşkilatlar qarşısında öhdəçiliyimiz var. Dekabr ayına qədər bütün bunları nəzərə alıb işlər görmək lazımdır. Hər iki İttifaqın üzvlərinin rəyləri və qərarları var. AKİ İdarə Heyətinin bəyanatı səmimi atılmış addımdır. Biz bu addımın vacibliyinə inanırıq. Birləşmək istiqamətində heç bir şərt qoymadan əzmlə addımlar atılacaq. Arzu edirik ki bizim əzmli addımlarımız qarşı tərəfin də əzmli addımları ilə qarşılaşsın. Onlar da bu işdə aktiv olsunlar və biz sentyabr ayının axırına bu hədəfə gəlib çataq.

– İttifaqların rəhbərliyinin 26 iyul tarixli iclasında Xalq yazıçısı Anar yeni yaradılacaq təşkilatı Azərbaycan Kinematoqrafçılar Birliyi adlandırılmasını təklif etdi. Bu ad təşkilatın idarəçiliyinə öz təsirini edəcəkmi?

AKİ-nin katibi, Xalq yazıçısı Anar müəllimin təklifi biz və iclas iştirakçıları tərəfindən dəstəklə qarşılandı. Hətta orada belə bir fikir səsləndi ki ittifaq iki ola bilər, amma birlik, iki ola bilməz. Bu bizim üstümüzə məsuliyyət qoyan bir addır. Hədəflər uğrunda, Prezidentimizin mədəniyyət siyasəti və dövlətimizin kino siyasəti ətrafında birlik olmalıdır. Heç bir sahə həmkarlar arasında dialoq, ünsiyyət mədəniyyəti olmadan inkişaf edə bilməz. Bu, Azərbaycan kinematoqrafçıları arasında dialoqun keyfiyyətini artıracaq. Təkcə həmkarlar arasında deyil, həm də nəsillər, müxtəlif peşə sahələri arasında, yazıçılarla kinematoqrafçılar, rejissorlarla bəstəkarlar arasında münasibət yaranacaq. Hazırda bu əlaqə qırılıb. Bu, kinonu sevən, kinoda işləyən insanların birliyidir və bu söz bizim amalımızı çox dəqiq ifadə edir. Bu təşkilatın ətrafında birləşməklə biz qarşımıza qoyduğumuz məsələləri həll etmək şansı qazanırıq. Müasir dövrdə Kinematoqrafçılar İttifaqı kimi ictimai təşkilatlar bir neçə funksiyanı yerinə yetirməlidir. İctimai nəzarət ən birinci funksiyadır. Analitik mərkəz olmalıdır, çünki heç bir dövlət strukturu, heç bir dövlət və ya özəl istehsalat şirkətləri istehsalat, layihələndirmə və təşviqat kimi işləri icra etməklə paralel, həm də analitik mərkəz olmaq imkanı yoxdur. Onilliklərlə təcrübəsi olan böyük şirkətlər özündə buna güc tapır, bizdə belə güclü şirkətlər hələ formalaşmayıb. Ona görə də prosesləri analiz etmək, kinoşünaslığa, kino nəzəriyyəsinə dəstək lazımdır. Kinoşünaslar kinoda gedən prosesləri analiz edir. Buna görə də biz jurnal, bülleten və kitablar nəşr edirik. Bu işlər AKİ üzvləri və digər kinematoqrafçılar tərəfindən çox gözəl qarşılanır. Bu işləri məhz Kinematoqrafçılar İttifaqı kimi təşkilatlar etməlidir. İstehsalla, festivalla, müsabiqələrlə yanaşı analitik fəaliyyət də olmalıdır. Bunu da AKİ yerinə yetirir. Biz kinematoqrafçılarımıza onminlərlə manat sosial yardım edirik. Tələbələrə, tələbə kinosuna dəstək veririk. Tələbələrin dərsliklərlə təminatı bizdə axsayan tərəflərdəndir. Bu işdə biz ADMİU-nun rəhbərliyi və Universitetin kitabxanası ilə əməkdaşlıq edirik. ADMİU-nun professoru Rafiq Quliyevə, müəllifi olduğu kitabın çapı üçün maliyyə yardımı etmişik. Nəşr etdiyimiz bütün vəsaitlərlə ADMİU-nun kitabxanasını təmin edirik. Kino məktəbi və intensiv kurslar fəaliyyət göstərir. İctimai təşkilat olaraq biz film istehsalı ilə məşğul olmuruq, biz dövlətin maliyyə məsələlərinin paylanmasını həyata keçirmirik. Biz situasiyanı analiz edirik və görürük ki, tələbə filmlərinə və dərsliklərə daha çox diqqət vermək lazımdır. Gənclərə sosial yardımlar etmək lazımdır ki onlar peşələri ilə şövqlə məşğul olsunlar. Azərbaycan informasiya məkanında kino haqqında məlumat azdır, biz kino saytları yaratmışıq. Azərbaycan kinosunun dünya kinosuna inteqrasiyası üçün kinematoqrafçılarımızın dünya kino tədbirlərində iştirakı labüddür və biz onların xarici səfərlərini maliyyələşdiririk. Kinoşünaslar Aygün Aslanlının, Hacı Səfərovun xarici səfərlərinə maliyyə ayırmışıq. Bunu özəl şirkətlər, dövlət studiyaları ayırmadı, biz bunu imkan daxilində həll etdik. İctimai nəzarət funksiyası, tələbə filmlərinə dəstək, kino dərsliklərinin nəşri, sosial yardımlar, dünya kinosuna inteqrasiya, xarici kinematoqrafçılar ilə əlaqələrin qurulması, səfər xərclərinin qarşılanması və başqa belə işlər AKİ kimi ictimai təşkilatların işidir. Katibi olduğum Azərbaycan Kinematoqrafçılar İttifaqı 1963-cü ildən fəaliyyət göstərir. Böyük işləri və nüfuzu var. AKİ dövlətin partnyorudur, dövlət dotasiyasındadır. Bu işləri Azərbaycanfilm etməməlidir, çünki onlar istehsal şirkətidir. Biz bunu dövlətin vəsaiti hesabına edirik və ona görə bu təşkilatların olması vacibdir.

İttifaqların birliyi Kino Agentliyinin fəaliyyətinə necə təsir edəcək?

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəfələrlə ictimai nəzarətin vacibliyini qeyd edib. İctimai nəzarəti həyata keçirən qurumlardan ən əsası da ictimai təşkilatlardır. AKİ təsis olunduğu 1963-cü ildən bu günə qədər dövlətimiz və kinematoqrafçılar arasında, dövlətimiz və yaradıcı insanlar arasında əməkdaşlıq platformasıdır. Biz kinematoqrafçıların dərdlərini aidiyyəti strukturlara və bu strukturlar isə dövlət orqanlarına çatdırır. Biz onların iş birliyini təmin edirik. Hazırda özəl şirkətlər üçün iribüdcəli  kino layihələri elan edilib. Orada tammetrajlı bədii, sənədli filmlər, debüt, tələbə filmləri, animasiya filmləri var. Bu müsabiqə necə keçiriləcək, nəticələri necə olacaq? Bizim funksiyamız, dövlətin siyasətində aktiv iştirak etmək, onun reallaşmasına kömək etmək, o cümlədən, bu siyasətin icrasına ictimai nəzarəti təşkil etməkdir. İcraçılar öz işlərilə məşğuldur, bu təbiidir. Onlar səmimi qəlbdən öz işlərini görürlər, kənardan müşahidə, onların işlərini analiz etmək, mənfi və müsbət tərəflərini qeyd etmək çox vacibdir. Bu işi Kinematoqrafçılar İttifaqı edirdi və bunu gələcəkdə təsis olunacaq birlik həyata keçirəcək. Ona görə də bu qurum ARKA-nın fəaliyyəti üçün çox vacib və güclü bir vasitədir. Mənim fikrimcə, İttifaqların birləşməsi ARKA-nın müsbət və effektli fəaliyyəti ilə bağlıdır. Biz həmrəy olmalıyıq, bir-birimizə dəstək olmalıyıq, bir-birimizdən ruhlanmalıyıq. Birlik olan yerdə qələbə olacaq və kinomuz da böyük qələbələrə imza atacaq.

Müsahibənin audio versiyası: https://www.youtube.com/watch?v=pVK4RUeSU6g

Müsahibə: RJ Yaqut, mətn: Ülviyyə Əhmədova