AKİ üzvü ABŞ-də keçirilən təcrübə proqramlarında iştirak edib

Amerika Televiziya Sənətləri və Elmləri Akademiyası Fondunun ölkənin 50 ştatı üzrə keçirdiyi yaz-yay təcrübə proqramlarına yekun vurulub.

Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Amerika Televiziya İncəsənəti və Elmləri Akademiyasının üzvü, rejissor Kamran Qasımov məlumat verib.

Avqustun 5-də 11 ştatdan olan gənc təcrübəçi mütəxəssislərin, Akademiyanın rəhbərliyi və üzvlərinin iştirakı ilə Hollivudda ziyafət təşkil edilib. Ziyafətdə Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü, təcrübə proqramlarına seçimlər üzrə münsiflər heyətinin üzvü Kamran Qasımov, Akademiyanın üzvləri, Akademiya Fondunun prezidenti Codi Dilani, Akademiyanın sənədli filmlər üzrə qubernatoru Megan Çao, kinorejissor, prodüser Piter Dell ilə görüşüb və fikir mübadiləsi aparıb.

C.Dilani K.Qasımovun Akademiya Fondu ilə fəaliyyətini yüksək qiymətləndirərək, əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Televiziya Akademiyası Fondu gələcək nəsil televiziya mütəxəssislərini cəlb etməklə və onları öyrətməklə televiziya yaratmaq sənətini formalaşdırır. 1959-cu ildə Televiziya Akademiyasının xeyriyyə qolu kimi yaradılan Fond minlərlə istedadlı tələbəni yetişdirərək, onlara öz səslərini kəşf etməyə, bacarıqlarını təkmilləşdirməyə və televiziya sənayesinin hər bir sektorunda faydalı karyera qurmağa kömək edən əsas resursları təqdim edib. Fondun məzunlarına görkəmli yazıçılar, prodüserlər, aktyorlar və yaradıcı rəhbərlər daxildir.

aki.az