Ömrünün 55-ci baharında həyatla vidalaşan SƏNƏTKAR
1946-cı il…Akademik Milli Dram Teatrında Mehdi Məmmədovun quruluşunda Vilyam Şekspirin “On ikinci gecə” tamaşasının premyerasında görkəmli sənətkar Barat Şəkinskaya da iştirak edirdi. Tamaşanın sonunda Barat Şəkinskayanın halı pisləşir və onu təcili xəstəxanaya çatdırırlar və ertəsi gün Elçin dünyaya göz açır…
Bakıda doğulsa da, əslən Qarabağın dilbər guşəsi olan Şuşa şəhərində dünyaya göz açmış, böyük sevgi yaşamış sənətkarlar Mehdi Məmmədov və Barat Şəkinskaya cütlüyünün oğlu, rəssam, aktyor Elçin Məmmədovun haqq dünyasına qovuşduğu gündür…
E.Məmmədov Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsində təhsil alıb. İlk dəfə Azərpaşa Nemətovun Gənc Tamaşaçılar Teatrında rus dilində quruluş verdiyi “Mənim qardaşım klarnetdə çalır” tamaşasının rəssamı olub. Sonralar isə əsasən atası Mehdi Məmmədovla birgə çalışıb. Bakıda fəaliyyət göstərən bütün teatrlarda, eyni zamanda Moskva, Arxangelsk, Serebrovskidə də 100-dən çox tamaşada rəssamlıq edib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamı olub.
İxtisasca rəssam olmasına baxmayaraq “Azərbaycanfilm”in istehsal etdiyi bir çox filmlərdə-“Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Dantenin yubileyi”, “Yarımçıq qalmış mahnı”, “Xəzinə”, “Toya dəvətnamə” və s. yaddaqalan obrazlar yaradıb.Ancaq kim nə deyir desin, o yaddaşımızda daha çox “Yeddi oğul istərəm” filmindəki Mirpaşa kimi qalıb.
Əslində Elçin Məmmədovun “Yeddi oğul istərəm” filmindəki Mirpaşa roluna təsdiq olunmasının maraqlı tarixçəsi var. Belə ki, bu rola ilk öncə xalq artisti Eldəniz Zeynalov dəvət olunsa da o, at çapmaqdan imtina etdiyinə görə rol ona verilmir, buna görə rejissor Tofiq Tağızadə Elçin Məmmədovun üzərində dayanmalı olur. Beləcə Mirpaşa obrazı yaranır.
“Yeddi oğlu istərəm” filmində Mirpaşanın damdan atın üstünə tullanma səhnəsi çəkilərkən yaradıcı heyət sadəcə olaraq atın belinin qırılmasından qorxublar. Aktyor o qədər böyük həyəcanla, temperamentlə obraza daxil olub ki, nəticədə də sürətli bir hərəkətlə atın üzərinə tullanıb. Aktyor xatirələrində deyirmiş ki, filmdə görünməmək şərtilə atların qabağına nazik məftillər çəkirdilər. Heyvanlar çapanda ayaqları o məftilə ilişib yıxılırdı, bu zaman isə kənardan güllənin səsini verirdilər, guya ata güllə dəydi yıxıldı.
Filmdə ən önəmli səhnələrdən biri də Mirpaşanın məscidə it bağladığı səhnədir ki, belə epizodların Sovetlər Dönəmində çəkilməsi o qədər də çətin deyildi. Nəticə etibarilə söhbət, müsəlman ölkəsində çəkilən bir filmdə məscidə it bağlanmasında gedirdi. Birliyin tərkibində olan Azərbaycan üçün də bu səhnə o zaman heç bir şey ifadə etməyib, ancaq hazırda durumlar fərqlidir. Yəni, demək istədiyimiz odur ki, bu səhnədə Mirpaşanın məscidə it bağlaması ssenaridə olsa da digər hərəkətlər, sözlər aktyorun daxilindən gəlib.
Obraz kimi səbrsiz, bəlkə dinsiz və ya silahdan, savaşdan başqa bir şey düşünməyən Mirpaşa rolunu oynamaq Elçin Məmmədov üçün o qədər də çətin deyildi, ancaq özünün əksi olan bir obraz olması da diqqətdən qaçmır.
Mirpaşadan fərqli olaraq Elçin Məmmədov dini mükəmməl bilir, namaz qılır və Quranı mütaliə edirmiş. Hətta deyilənlərə görə, müqəddəs kitabımız olan Qurani Kərimin ayələrinin təhlilini bacarırmış. Ağlı, savadı və hərtərəfli inkişaf etmiş biliyi ilə hər zaçman seçilirmiş. Bundan başqa, yaponların dördlük şeirlərini təhlil edir, hind fəlsəfəsini gözəl bilir, ingilis dilində sərbəst danışmağı bacarırmış.Yəni, o sıradan biri deyil, məhz hərətərfli bilgiyə sahib ziyalılardan biri olub. Və belə bir ziyalı rəssam kimi nə qədər çox tanınsa da, nə qədər çox rəsm nümunələri yaratsa da, teatr, kinoda ola rəssamlıq fəaliyyətini nə qədər çox ortaya qoysa da, bir o qədər də çox oynadığı obrazları özününküləşdirməyi bacarıb. Bu qəbildən olan rollardan biri də onun “Dədə Qorqud” filmində oynadığı Qaraca çoban obrazıdır. Təsadüfi deyil ki, bu filmə də kinorejissor Tofiq Tağızadənin seçimi ilə gəlib. Filmdə ən maraqlı, bəlkə də daha çox fiziki güc tələb edən səhnələrdən biri də Qaraca çobanın-yəni Elçin Məmmədovun bağlandığı ağacı kökündən çıxartdığı səhnədir. E.Məmmədov həmin səhnəni çox təbii oynayır və filmə baxarkən elə hiss edirsən ki, bu pəhləvan cüssəli aktyor, doğrudan da, ağacı yerindən çıxarıb döyüşə girir. Bu epizodun canlı şahidi olanlar deyirlər ki, Elçinin bağlandığı ağac, əslində, dekorativ ağac idi. Çəkidə çox yüngül olan ağac süni olmasına baxmayaraq, görünüşcə köklü təsir bağışlayırdı. Elçin rolu elə ustalıqla ifa etmişdi ki, tamaşaçı hadisələrin reallığına inanır. Elə qoyunları düşmənlərin üzərinə atması səhnəsi də maraqlı alınıb.
Bəli, Elçin Məmmədov belə bir aktyor idi, lazım gələrsə yox, obraz üçün həqiqi, təbii ifa nümayiş etdirərək tamaşaçını inandırmaq, onun həyat kredosu idi…
Onun haqqında keçmiş zamanda danışmaq mümkün deyil, çünki obrazları, rəsmləri, ümumiyyətlə isə bütün yaradıcılığı bizimlədir və hər zaman bizimlə olacaq…
Azərbaycan Kinematoqrafçılar İttifaqı