“Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” layihəsinin təqdimatı keçiriləcək

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən həyata keçirilən “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” layihəsi üzərində işlər artıq yekunlaşıb. İki əsas hissədən ibarət olan layihənin məqsədi Azərbaycan, ingilis və erməni dillərində hazırlanmış saytın və tammetrajlı sənədli filmin köməyilə son 200 ildə Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən dağıdılmış maddi-mədəni irsimiz haqqında  izləyicilərə dolğun informasiya çatdırmaqdır.

Elmi məqalələr, tarixi mənbələr, rəsmi sənədlər, xəritələr və fotolarla zəngin olan saytın (western-azerbaijan.az) gələcəkdə Qərbi Azərbaycan İcması və AMEA Tarix İnstitutu Qərbi Azərbaycan tarixi şöbəsi ilə birlikdə davamlı olaraq genişləndirilməsi və inkişaf etdirilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində hazırlanmış “Sarı gəlin”in sorağında” tammetrajlı sənədli filminin süjet xətti “Sarı gəlin” xalq mahnısının motivləri üzərində qurulsa da, əsas məqsəd Qərbi Azərbaycan ərazisindəki maddi-mədəni irsimizin təbliğidir. Burada mahnıdan əsas məqsədə nail olmaq üçün köməkçi vasitə kimi istifadə edilib və filmin süjet xəttini bədii çalarlarla zənginləşdirən hərəkətverici faktor kimi istifadə olunub.

Filmdə erkən orta əsrlərdən başlayaraq Qərbi Azərbaycan ərazisində gedən tarixi proseslərə nəzər salınır, xalqımızın bu torpaqlarda yaratdığı maddi-mədəni sərvətdən söhbət açılır. Beləliklə, kadrarxası mətndə və tarixçi alimlərin müsahibələrində səsləndirilən elmi faktlara söykənən tarixiliklə, folklor arasında qırılmaz bir bağ yaradılıb.

Filmdə  Qərbi Azərbaycanın  tarixinə yaxından bələd olan, bu istiqamətdə araşdırmalar aparan tədqiqatçıların da fikirləri yer alıb.

Çəkilişləri Bakıda, İsmayıllıda və Gədəbəydə aparılmış filmin ssenari müəllifi Füzuli Sabiroğlu, quruluşçu rejissoru  Mübariz Nağıyev, quruluşçu operatoru Fahir Səmədoğlu, prodüseri Əli İsa Cabbarovdur. Layihənin rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev, elmi məsləhətçiləri Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, f.f.d Əziz Ələkbərli və AMEA Tarix İnstitutu Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri t.f.d Cəbi Bəhramovdur.

Yaxın günlərdə “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” layihəsi çərçivəsində hazırlanmış saytın və  “Sarı gəlin”in sorağında” tammetrajlı sənədli filminin geniş ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.

aki.az