Azərbaycan kinosu ilk dəfə “Qoyya” uğrunda yarışa qatılır

İlqar Nəcəfin “Suğra və oğulları” bədii filmi “Ən yaxşı Avropa Filmi” nominasiyasında  nüfuzlu “Qoyya” mükafatı uğrunda müsabiqəyə qatılıb. Bu, Azərbaycan kinosu tarixində bir ilkdir. Filmi müsabiqəyə Azərbaycan Kinematoqrafçılar İttifaqı təqdim edib. Bu mükafat İspaniya Kino Sənəti və Elmləri Akademiyası tərəfindən təsis olunub (Academia de las Artes y las Ciencias Cinematográficas de España (Academy of Motion Picture Arts and Sciences of Spain) və “Oskar”. “BAFTA”, “Sezar”la yanaşı Kino Akademiyaları tərəfindən təqdim edilən ən nüfuzlu kino mükafatlarındandır. Alexandra Amnebar, Pedro Almodovar, Karlos Saura kimi nüfuzlu kinorejissorlar bu mükafatın qalibi olublar.

Qeyd edək ki, İlqar Nəcəfin “Suğra və oğulları” filmi “Ən yaxşı Avropa filmi” kateqoriyasında Şarlot Velsin “Günəşdən sonra” (Britaniya) Castin Trietin ”Payızın anatomiyası” ( Fransa), Asimina Proedrounun “Saman tayalarının arxasında” (Yunanıstan), Karmen Jakuerin “İldırım” ( İsveçrə), Marko Martinin “Böyük Yarmut: Müvəqqəti rəqəmlər” ( Portuqaliya), Şarlot Vandermerşin və Felika Van Groeningenin “8 dağ” ( İtaliya), Juraj Lerotiçin  “Təhlükəsiz saray” (Xorvatiya), İlker Çatakın  “Müəllimlər zalı” (Almaniya) və Löik Tansonın “Sonuncu küllər” (Lüksemburq) filmləri ilə yarışacaq. Dünya premyerası Busan Beynəlxalq Film Festivalında (Cənubi Koreya)  baş tutan film Hindistan, İsveçrə, ABŞ və Almaniyanın nüfuzlu kino meydanlarında nümayiş olunmuş, “Asiya və Sakit Okean ölkələri Kino Akademiyasının”( Asiya “Oskar”ı) mükafatına “Ən yaxşı ssenari” kateqoriyasında nominant olmuşdur.

Filmdə baş rolları Günəş Mehdizadə, İlqar Cahangir, Rasim Cəfər, Aydan Həsənzadə ilə yanaşı uşaq aktyorlar Hümbət Əhmədzadə, Paşa Məmmədli ifa etmişlər. Filmin ssenari müəllifləri İlqar Nəcəf, Asif Rüstəmov və Roelof Jan Minnebo (Niderland), quruluşcu operatoru Avropa kinoakademiyasının üzvü Ayhan Salar (Almaniya), səs rejissoru Mixael Menzkedir (Almaniya).

Mənbə: https://www.academiadecine.com/2023/10/27/10-peliculas-optan-al-goya-a-mejor-pelicula-europea/

aki.az