``Bricit Bardo`` Polşa film festivalını qapadı

Oktyabrın 31-də “Azərbaycan” CinemaPlus-da AKİ və Visla film festivalınin birgə əməkdaşlığı çərçivəsində baş tutan tədbirdə Lex Mayevskinin “Ecazkar Bricit Bardo” polyak bədii filmi nümayiş olundu. Film, Polşa film günləri çərçivəsində göstərilən sonuncu film idi.

Tədbiri giriş sözü ilə açan moderator Sevda Sultanova, Lex Mayevskinin yaradıcılığı haqqında geniş məlumat verərək bildirdi ki, 70 yaşlı rejissor hazırda Venesiyada yaşayır: “Onun kinoya baxışına iki rejissor mühüm təsir göstərib: Fellini və Voytsex Xas. Xas polyak kinosunun ən orijinal və əhəmiyyətli siması sayılır. Onun fikrincə, kinoda əsas, süjet yox, obrazlar, atmosfer və poeziyadır. Mayevski indiyədək ustadının bu yanaşmasına filmlərində əməl edir. Fellininin yaradıcılığında isə onun kino dili, arxetiplər, simvollar diqqətini çəkirdi.

Mayevskinin 1970-ci illərdə çəkdiyi debüt “Cəngavər” filmini vətənində qəbul etmədilər. Həmin dövrdə ölkədə siyasi çalxalanma var idi. Belə bir tarixi dönəmdə Mayevskinin orta əsrlər mövzusuna müraciəti qəbuledilməz idi. Bu film Böyük Britaniyada kinofestivala dəvət alır və Mayevski fürsətdən istfadə edərək, 1980-ci ildə elan olunmuş hərbi vəziyyətdən sonra Qərbə mühacirət edir”.

Moderator qeyd etdi ki, rejissorun əsas mövzuları, metafizik axtarışlar, ekzistensial suallar, qəhrəmanların dünyanın sirrlərinə bələd olmaq cəhdidir: “Mayevski hər dəfə bu mövzulara filmlərində fərqli formalarda qayıdır. Onun Amerika debütü “Küknar qazın uçuşu” filmində qəhrəman, sevdiyi qadını Hollivuda arzularını çin etmək üçün aparır. Bu, illüziyalarla reallıq arasında uçurumu göstərir.

“Harrinin İncili” filmi, münasibətləri emosional tükənmiş ər-arvadın hekayəsinin, İsa Məsihin çarmıxa çəkilməsi prosesinə çevrilməsi haqdadır. “Dəyirman və xaç” Piter Breygelin rəsmlərinin müasir, yeni  təhlil cəhdidir. “Tanrıların vadisi”, pulu abstraksiya kimi görən, dünynın ən varlı adamı haqdadır. Rejissorun fikrincə, film “Vətəndaş Keyn”in müasir versiyasıdır. “Dünyəvi zövqlər bağı” filmi isə Bosxun eyniadlı əsərinə istinad edir. Qəhrəman yerdə cənnət axtarışına çıxır”.

Daha sonra moderator, Mayevskinin kommersiya kinosuna münasibətindən danışdı: “Rejissor sosial sifariş anlayışını rədd edir. Müsahibələrində deyir ki, bank qarətçisindən bəhs edən “Əsir Rio” onun kommersiya kinosuna yeganə güzəştidir. Onun “Ecazkar Bricit Bardo” filmində də hadisələr, illüziyalarla gerçəkliyin qarışığı olan dünyada baş verir. Atası müharibədən qayıtmayan Adam, kino dünyası vasitəsilə onun axtarışına çıxır, uzun yolda yetkinləşir. Rejissor, Bricit Bardonun oynadığı filmlərdən, yalnız Qodarın ekranlaşdırdığı “Nifrət” filminə yer verir. Yəqin ona görə ki, bu filmin əsas motivlərindən biri, prodüser kinosu ilə sənət kinosunun toqquşması idi və Mayevski də öz fəaliyyətində analoji problemlərlə qarşılaşmışdı”.

Sonra “Ecazkar Bricit Bardo” filmi nümayiş olundu və ekran işi tamaşaçılar tərəfindən maraqla qarşılandı.

aki.az