İsveç film günlərinə start verildi

İsveç Krallığının Bakıdakı səfirliyi və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə əməkdaşlığı çərçivəsində İsveç film günlərinə start verilib.

İlk film rejissor Erik Poppenin “Emiqrantlar” tammetrajlı bədii filmi olub.

Nümayişdən əvvəl İsveçin Bakıdakı səfirliyinin ticarət və mədəniyyət məsələləri üzrə katibi Sirus Rüstəmov və Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov çıxış ediblər. Onlar birgə əməkdaşlıqdan məmnun olduqlarını və gələcəkdə də bu layihənin davam etdiriləcəyini vurğulayıblar.

Çıxışdan sonra kinoşünas Sevda Sultanova izləyicilərə film haqqında qısa məlumat verib.

“Emiqrantlar” filmi, ailəsi ilə birlikdə İsveçdən Amerikaya mühacirət edən Kristina Nilssonun həyatından bəhs edir. Yeni mühitə öyrəşməyə çətinlik çəkən qəhrəman yenidən başlamaq, özünü yenidən yaratmağın mümkünlüyünü sorğulayır. O, ömrü boyu bu suallara cavab axtarır. Uzun və çətin yelkənli gəmi səyahətindən sonra, nəhayət yeni dünyaya – Amerikaya çatırlar, bu, həm də onlar üçün yeni həyatın başlanğıcı olur.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının əsas prioritet məsələlərindən biri də ölkəmizdə zövqlü və savadlı tamaşaçının yetişməsidir. Buna görə də il ərzində həm yerli, həm də xarici filmlərin nümayişini təşkil edir. Ötən ay “Visla” Polşa film festivalı ilə əməkdaşlıq çərçivəsində altı Polşa bədii filmi tamaşaçıların ixtiyarına verildi.

Bütün filmlər CinemaPlus kinoteatrlar şəbəkəsinin Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə əməkdaşlığı çərçivəsində, hər həftənin Çərşənbə axşamı günləri, saat 19:00-da “Azərbaycan” CinemaPlus-da nümayiş olunur.

İsveç filmləri noyabr ayı boyunca, hər həftənin Çərşənbə axşamı günü orijinal dildə, azərbaycanca altyazılarla “Azərbaycan” CinemaPlus-da nümayiş olunacaq. Nümayişlərə giriş sərbəstdir.

aki.az