“Səhranın bəyaz günəşi” – 50
Sovet dövrünün filmləri sırasında özünəməxsus yer tutan, dəyərli sənət nümunələrindən olan, yarım əsrlik tarixi geridə qoyan “Səhranın bəyaz günəşi” filminin yaranmasının 50 ili tamam olur. Oxucularımızla bərabər tarixi faktlar əsasında lentə alınan filmin hazırlıq dövrünə qısa səyahət edəcəyik.
1968-ci ildə “Mosfilm” və “Lenfilm” studiyalarının birgə istehsalı olan Valentin Yejov və Rüstəm İbrahimbəyovun ssenarisi əsasında “Səhranın bəyaz günəşi” adlı filmin sınaq çəkilişlərinə başlanılır. Mövzuya əsasən film 1920-ci illərin əvvəllərində Xəzər dənizinin şərq sahilində baş verir…
“Hərəmləri qoruyaq” adı “Səhranın bəyaz günəşi” ilə əvəz edildi
Qeyd edək ki, filmin taleyi maraqlı olduğu qədər də keşməkeşli olub. Belə ki, filmin ideyası ilk baxışdan təsadüfən ortaya çıxıb. O dövrdə görkəmli rejissor Qriqori Çuxray və məşhur televiziya aparıcısı Vladimir Pozner eksperimental studiya yaradırlar. Qərara əsasən elə bir mövzuda film çəkməyi planlaşdırılar ki, bir qədər fərqli olsun. Rejissor Andrey Konçalovski dəvət olunur və o yazıçı Fridrix Qorenşteyn ilə birgə ssenari yazırlar. Bu ssenari yarımçıq qalıb, hətta studuaynın fəaliyyəti də dayanır. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov “Veçernaya Moskva” qəzetinə verdiyi müsahibədə bildirir ki, bu zaman ortaya belə bir ideya çıxdı, yeni bir briqada yaradılsın və beləliklə də ssenarist Valentin İvanoviç Yejovla məni dəvət etdilər.
Ssenarinin yazılışı ərəfəsində ssenaristlər tarixi araşdlrma aparıb. Hətta ilkin variantda filmin adı “Hərəmləri qoruyaq” seçilib. Prinsip etibarilə ad seçimi uğurlu olsa da, SSRİ-nin Dövlət Kino İdarəsi qəbul etməyib, “İnqilabi mövzu və belə qeyri-ciddi ad…” deyərək etiraz edib.
Ssenaridə ad seçimi üzərində düşünülür və təbii ki, ssenaristlərin də istəyi ilə “Səhranın bəyaz günəşi” üzərində dayanılır. Bu ad sanki seçildiyi andan etibarən filmin uğurundan xəbər verir. Həmin ərəfədə Konçalovski filmi çəkməkdən imtina edir və filmin çəkilişinə Vladimir Motıla dəvət alır. Rejissor ilk baxışdan ssenarini bəyəndiyini bildirib və xüsusilə olmuş əhvalat üzərində qurulmasını təsirli hesab edib.
Vladimir Motılın 80 illik yubileyindəki xatirələrindən
Bu bir danılmaz faktdır ki, hər bir filmin dayaq nöqtəsi ssenaridir, ssenari müəllifinin qələmindən çıxan materialdır. Ancaq növbəti mərhələdə əsas sözü deyən əlahəzrət rejissordur, boş yerə demirlər ki, rejissor filmin görən gözüdür. Yəni, çəkilişə geniş planda diqqət edərək ərsəyə gətirdiyi sənət nünunəsinin məsuliyyətini dərk etdiyi qədər də, çəkilən kadrların hansının daha təsirli olduğuna da xüsusi diqqət edir-rejissor ssenarisi məhz belə bir məqamda yaranır. Bu baxımdan Vladimir Motıl məsuliyyətli rejissorlardan hesab olunur. 80 illik yubileyi münasibətilə Rusiyanın ORT kanalına verdiyi müsahibəsində bu barədə deyib: “O vaxtlar Qriqori Çuxray Dövlət Kinematoqrafiya Komitəsinə (Госкино) bağlı olmayan müstəqil Eksperimental Studiya yaratmışdı. Bu studiyada Amerikan filmlərinin Sovet oxşarlarını yaratmaq barədə düşünürdü”. Çuxray xeyli vaxtdı işsiz qalan və əli hər yerdən üzülən kinorejissor V.Motılı studiyaya dəvət edir…
Ssenarinin hazırlığı prosesində müəlliflər 1920-ci illərdə Orta Asiyada olan vətəndaş müharibəsində mübarizə aparan veteranlar ilə görüşürlər. Həmin veteranlardan biri səhrada hərəmxanaları qoyub qaçan dəstədən danışır və onu da əlavə edib həmin qadınlar çadrada olduğu halda səhrada bir çox çətinliklərlə üzləşiblər. Bu hekayə film üçün mərkəzi xətt rolunu oynayıb. Ssenari üzərində iş bitdikdən sonra 1968-ci ilin yanvarında sınaq çəkilişlərinə start verilib. Əsas qəhrəman olan Fyodor Suxov roluna bir neçə aktyor sınaq olunsa da sonda iki nəfər üzərində müzakirə başlayıb və nəhayət Anatoli Kuznetsov rola təsdiq olunub.
Tarixi dövrlərə bölmək, Mark Zaxarovun məktubu və kəsilən kadrlar
Yeri gəlmişkən filmin titrində ssenari müəllifi kimi Mark Zaxarovun adının yazılması heç də təsadüfi deyil. Onu məhz Qızıl Ordu əsgəri Suxovun Katerinaya sevgi məktublarını yazmaq üçün dəvət ediblər.
R.İbrahimbəyov deyir ki, filmi formalaşdırmaq çox çətin başa gəlib: “Sonluq məlum idi, amma zamanın keçməsi hissini ötürmək məsələsi qalırdı. Bu həqiqətən də ciddi problemə çevrilmişdi. Tarixi dövrlərə bölmək üçün bir yol tapmalıydıq. Və biz bu zaman həmin məktublar haqqında düşündük. Ancaq onu yazacaq güc nə məndə, nə də Yejovda var idi. Və bizim xeyirxah Motıl Mark Zaxarovu dəvət etdi. Mark məzmununu əvvəlcədən danışdığımız məktubları yazdı, hətta çox möhtəşəm yazdı. Yadımadaır ki, o zamanlar Mark Zaxarov görkəmli rus yazıçısı Averçenkonun təsiri altındaydı, “Fitil” satirik kino jurnalına yumoristik hekayələr yazırdı. Bu baxımdan da onun ssenariyə əlavə etdiyi məktubların maraqlı alınacağına inanırdıq. Belə də oldu. Zaxarov məktubların stilini müəyyən etdi, onları dövrə görə uyğunlaşdırdı və mükəmməl formaya saldı ki, bu da filmə bəzək qatdı”.
Xatırladaq ki, film hazır olduqdan sonra bir çox kadrlar çıxarılıb. R.İbrahimbəyov bu barədə deyir: “Kəsilən hissələrdə Abdullanın arvadı onun ölmüş cəsədinin yanında oturub ağlaması, Qızıl Ordu əsgəri Suxovun səhrada dolanması, hətta xilaskar kimi yox, yeni başçı kimi dolanması var idi. Bundan başqa, hərəmlərdən biri səhrada üzərində “Karl Marks” yazılmış kitabı oxuyur. Doğrusu, iki variant çəkilmişdi. Birində imza yaxşı görünür, ikincidə isə budaq onun üstünü örtür…Doğrudur, biz hesab edirik ki, kəsilən kadrlar film üçün itkidir. Ancaq Sovet senzurası əvvəlcə filmə çox həssas yanaşdı. Valentin Yejov filmin müzakirəsini belə bir elanla başladı ki, hərəmxana bardaqxana deyil. Bu, olduqca abırlı sosial institutdur, ona görə də, filmdə belə bir şeyin olmasında pis heç nə yoxdur.
SON SÖZ ƏVƏZİ: Ssenarinin çəkilişindən tutmuş sınaq çəkilişlərinə qədər, sonrakı proseslərdə filmin təqdimatında olan müzakirələr, bəzən tənqidi məqamlar, ancaq nə olur, olsun öz dövrü üçün önəmli sənət nümunəsi kimi qəbul edilən “Səhranın bəyaz günəşi” filmi böyük əks-səda yaratdı. 1970-ci ildə filmin prokatı reytinqdə lider oldu. Bir ildə filmə 50 milyon adam baxdı. Bəlkə də ona görə ki, inqilab filmin mövzusu deyil, əksinə müəyyən bir fond rolunu oynayıb. Filmdə əsas olaraq inqilabi mübarizənin getdiyi həmin bölgələrin tərk edilməsi və rus əsgərinin həyatı və sərgüzəştləri göstərilir. O, öz inqilabi borcunu ödəməklə vəzifəlidir, çalışır ki, bu doğma keyfiyyətini, həqiqi xalq qəhrəmanlığını qorusun…
Azərbaycan Kinematoqrafçılar İttifaqı