Azərbaycan Kinematoqrafçılar İttifaqı: “Sağlam gələcək üçün Evdə Qal”

Dünya yeni bir dəyişikliklə üz-üzə qalıb, gözəgörünməz düşmən-koronavirusla mübarizəyə başlayıb. Qorxu, narahatlıq, həyəcan dolu və “sabah necə olacaq” fikri ilə düşüncələrə qərq olmuşuq. Ancaq önəmli olan odur ki, dünya ölkələri ilə müqayisədə dövlətimiz, ölkə başçısı İlham Əliyev  xalqımızı, Azərbaycanımzı qorumaq üçün bütün tədbirlər planını həyata keçirməyə çalışır. Bu xeyirxah niyyətə səs verməklə, “Evdə qal” prinsipinə əməl etməklə dünya üzərində dolaşan bəladan xilas ola bilərik.

Azərbaycan Kinematoqrafçılar İttifaqı da bu təşəbbüsə qoşularaq “Evdə qal, sağlam ol” deyir. Fürsətdən istifadə edib bir çox kinematoqrafçılara bu sualı ünvanlıyaraq evdəki günlərini necə dəyərləndiklərini soruşduq. Cavablar müxtəlifdir, oxuyunca görəcəksiniz.

Kino və televiziya rejissoru, Azərbaycan Kinematorqfaçılar İttifaqının üzvü Nazim Rza İsrafiloğlu məsələnin ciddi olduğu qədər, tapşırılan tələblərə əməl edilməsinin də vacib olduğunu bildirir: “Bu artıq ümummilli məsələyə çevrilib. Bütün dünyada koronavirusla mübarizə başlayıb. İlkin mərhələdə bir birimizlə uzaq məsafələrdə dayanmağımız əsas şərtlərdən hesab olunur. Önəmli olan məqamlardan biri də odur ki, təqaüdçüləri unutmayaq, onlara bu çətin günlərdə dəstək vermək lazımdır. Düşünürəm ki, şayiələrə inanmadan təbliğatı gücləndirməliyik. Bəziləri bu bəlanın mahiyyətini tam olaraq ya anlamır, ya da anlamaq istəmir. Doğrudur, çoxları nə etmək lazım olduğunu bilmir, çoxları isə bilir, sadəcə olaraq əməl etmir. Məsələn, fikir verib görürəm ki, evimizin qarşısında olan stadionda uşaqlar müxtəlif oyunlar oynayırlar, bir-birinə yaxın təmasda dayanıb, sanki heç nə olmayıbmış kimi davranırlar. Valideynlər gərək övladlarına nəzarəti gücləndirsin. Çünki həmin uşaqlar oyunlardan sonra öz evlərində artıq yaxınları ilə təmas qururlar. Axı küçədən, yoldan virus gətirmə ehtimalı yüksək ola bilər, virusdaşıyıcılarının əksəriyyəti sadəcə ötürücü rolunu oynaya bilər.  Məhz bu səbəbdən deyilir ki, evdə qalmaq lazmdır. Bundan başqa, gənclərin əksəriyyəti yenə də bir araya gələrək söhbətləşirlər, siqaret çəkirlər və siqaretin kötüyünü hara gəldi atırlar. Belə bir antisanitariyada virusun olmaması mümkün deyil. Fikir vermişəm əksər vaxtlarda küçəni təmizləyənlər yaşlı nəslin nümayəndələri olur, onlar həmin siqareti yerdən götürməklə virusa yoluxa bilərlər. Heç kim bu bəladan sığortalanmayıb, ona görə də gigiyenik qaydalara riayət ertmək lazımdır.Təsəvvür edin ki, Avropa ölkələrinin əksəriyyətində xəstəliyə yoluxanlar müxtəlif yaş kateqoriyasında olan şəxslərdir. Deməli bu xəstəlik yaşa baxmır. Mən artıq uzun illərdir ki,  yaradıcılığımı evdə davam etdirirəm. Hazırda ömrümün 80 illiyini əhatə edən “Daşlı-kəsəkli yollarla” adlı memuarın üzərində işləyirəm. Demək istədiyim odur ki,  evdə də çalışmaq mümkündür. Bunu öz təcrübəmdən bilirəm. Pozitiv olaq, evdə boş oturmayaq, bu, müvəqqəti çətinlikdir. Hər şey yaxşı olacaq…

Azərbaycan Kinematoqrafçılar ittifaqının katibi, rejissor Cəmil Fərəcov “Evdə qal” kampaniyasına qoşulanların ilk sırasında yer alıb. Gününü yaxşı dəyərləndirir, mütaliə edir, yaradıcıllıqla məşğul olur, TV kanallarına baxır və yeni film haqqında düşünür. Yeri gəlmişkən, bu il kinorejissor Həsən Seyidbəylinin 100 illiyidir. Cəmil müəllim, Azərbaycan kinosuna istər yazıçı, istərsə də rejissor kimi saysız sənət nümunələri bəxş etmiş Həsən Seyidbəylinin yubileyi münasibətilə onun həyat və yaradıcılığını əhatə edən sənədli film çəkməyi planlaşdırıb. Rejissor bildirirki, bu dünya üçün bir sınaq günüdür və bəladan qorunmaq üçün əgər evdə oturmaq tələb olunursa buna mütləq əməl etməliyik: “Çünki bütün bunlar müvəqqəti çətinliklərdir, həyat gözəldir və davam edir, tezliklə yenə də dünyamız canlanacaq, yazın gözəlliyini, əhval-ruhiyyəsini canlı olaraq hiss edəcəyik. Hələlik isə “Evdə qal. ancaq boş-bekar oturma, hər gününü dəyərləndir” kampaniyasına qoşulaq.

Azərbaycan kinosunda önəmli sənət nümunələrinin yaranmasında mühüm rol oynayan, saysıq-hesabsız filmlərin çəkilişində operator dəqiqiliyindən, zövqündən çıxış edərək  filmlər ərsəyə gətirən, dəyərli operatorumuz Kənan Məmmədov “Evdə qal” kampaniyasına Kanadadan səs verdi. Öncə qeyd etdi ki, xaricdə yaşamır, sadəcə olaraq övladlarını görməyə gedib: “Oğlum və qızım Kanadanın Toronto şəhərində yaşadığı üçün ilin müəyyən vaxtlarını onların yanında oluram. Bildiyiniz kimi, mən fəal operatorlardan olmuşam, ömrüm qaynar fəaliyyətdə keçib. Kanada da olduğum vaxtlarlı istirahət edirəm, gözəl şəhər olduğu üçün gəzirəm, dolanıram. Belə bir fikrim var ki, xatirə kitabi ( memuar) yazim! Koronavirus xəstəliyinə gəlincə, düşünürəm ki, bu virus süni halda şişirdilmiş problemdən başqa bir şey deyil. Doğrudur, xəstəlik kimi bütün dünyanı dolaşır, ancaq panikaya düşmək lazım deyil. Dövlətin məsləhətlərinə riayət etmək lazımdır. Şəxsən mən çalışıram ki, əsas vaxtımı evdə keçirim, tanımadığım insanlarla ünsiyyətdə olmayım, ən önəmlisi özümü soyuqdan qoruyuram. İnanıram ki, bu xəstəlik tez bir zamanda keçib gedəcək. Bir az səbrlıi olmaq lazımdır. Tezlıiklə həyat yenidən canlanacaq inşallah”…

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, xalq artisti Məmməd Səfa bu çətin günlərdə belə təmkinini qoruyur, hər şərdə bir xeyir olacağına inanır, Allah gələcəyimizi xeyirli eləsin deyir və onu da qeyd edir ki, hər kəs, hər bir azərbaycanlı “Evdə qal” kampaniyasına qoşulmalıdı, əzizlərini, ətrafını bu bəladan qorumalıdır: “Belə hesab edirəm ki, burada vətəndaş sayığlığı öndə olmalıdır. Necə deyərlər, hamı bir nəfər üçün, bir nəfər hamı üçün mübrizə aparmalıdır. Əgər hər birimiz operativ qərargahın qərarlarına sözsüz əməl etsək, o zaman inanıram ki, gələcəyimiz işıqlı olacaq. Gəlin özümüzü qoruyaq, bir birimizi qoruyaq. Allah bizə kömək olsun! Amin”!

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov pozitiv əhval-ruhiyyəyə köklənib. İş həyatını sevən, boş dayanmağın nə olduğunu bilməyən, daima yaradıcı proseslərə köklənən rejissor  həmkarlarının timsalında Azərbayacan xalqını ehtiyyatlı olmağa, özünüqoruma qaydalarına əməl etməyə, ancaq nə olur olsun, küyə getməməyə çağırır: “Hamını konkret olaraq işlərində, ailələrinin maraqlarında fokuslanmağa çağırıram. İnanıram ki, bir- birimizə göstərəcəyimiz diqqəti və şəfqət, çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. Evdə qalın, sağlam olun”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü, rejissor Tahir Tahiroviç də “Evdə qal” kampaniyasına dəstək verərək, bütün bunlarıln müvəqqəti olduğunu bildirir: “Mən kinematoqrafçı dostlarıma, eyni zamanda bütün xalqıma səslənərək deyirəm ki, gələcək işlərimiz üçün, işıqlı gələcək üçün özünüzü, yaxınlarınızı qoruyun. Biz rejissorlar da evdə boş oturmuruq, sizlər üçün önəmli mövzularda filmlər fikirləşirik, ideyalar var, inşallah, sizlərə gözəl filmlər bəxş edəcəyik. Bir sözlə, qarşıda festivallarımız, filmlərimiz və gözəl günlərimiz var. Həmin günləri görmək üçün “Evdə qal” və deyilənlərə əməl et”.

Aki.az