Kaskadyor Əli Məmmədovun ad günüdür
Azərbaycan Kaskadyorlar Assosiyasının sədri, Russiya kaskadyorlar Assosiasiyasının üzvü, əməkdar mədəniyyət işçisi Əli Məmmədovun 55 yaşı tamam olur.
Ə.Məmmədov keçdiyi sənət yolunda öz qəribəlikləri və fərqliliyi ilə seçilmiş, təcrübə baxımından özünün bir çox sahələrdə sınayan sənətkarlardan biridir. O, uşaq yaşlarından etibarən boks və şərq əlbəyaxa döyüş idman növü ilə məşğul olub.
Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində(1985-1989) təhsil alıb. Təhsilini bitirdiyi il rəssam ixtisası üzrə “Azərbaycanfilm” kinostudiyasına cizgi filmləri sexinə təyinat alıb. Bir müddət sonra qrim ustası işləyib. 1990-cı ildə Qırgızıstanda yerləşən kaskadyorlar assosiasiyasına göndərilib, döyüş və at üstündə yüksək səviyyədə təlimlər keçib, peşəkar kaskadyor lisenziyası alıb. Vətənə dönüncə yenidən “Azərbaycanfilm”də tryuk quruluşçusu və kaskadyor kimi filmlərdə çalışmağa başlayıb.
Əli müəllim etiraf edir ki, kaskadyor işinə uşaqlıqdan həvəsi olub: “Sənət məktəbini bitirdikdən sonra öz istəyimlə təyinatımı “Azərbaycanfilm” kinostudiyasına aldım və bir müddət cizgi filmləri sexində çalışdım, sonra qrim ustası işlədim. Rəssamlıq bir az incə sənətdir, fərqlidir, ancaq yenə də hər ikisi mənim üçün önəmlidir. Kaskadyorları ilk dəfə çəkiliş zamanı gördüm və çox bəyəndim. Hiss etdim ki. maraqlarım daha da çoxaldı və özümü yoxlamaq istədim. Kinostudiyada işlədiyim zaman Aydın Abdullayev cizgi filmləri şöbəsinin rəisi idi. Onun dəstəyilə Qırğızıstana gedib orada kaskadyorlar yetişdirən məktəbdə oxudum”. Maraqlı bir məqam daha, Əli müəllimə Qırğızıstanda iş təklif edilib, ancaq qəbul etməyib. Başqa ölkədə öyrəndiyi təcrübəni öz kinomuzda həyata keçirmək istəyib və buna nail olub da.
İlk dəfə ərəb rejissorun diplom işi olan filmdə kaskadyorluq edib, sonra Əbdül Mahmudbəyovun dəvəti ilə “Axırıncı körpü” filminə çəkilib. Beləliklə də filmlərə dəvət başlayıb. Kaskadyor çox sayda yerli və xarici filmə çəkilib. “Fəryad”, “Şahid qız”, “Ürəyin yaddaşı”, “Girişmə, öldürər!”, “Məleykələr” (1990- İran) filmində kaskadyor, “Dağıdılmış körpülər” (1996, rejissor Rafiq Puya (ABŞ) filmində aktyor, tryuk quruluşçusu, kaskadyor, “Dronqo” (2002, rejissor Zinoviy Royzman (Rusiya) serialında tryuk quruluşçusu, kaskadyor, “Qraf Krestofski” (2004, rejissor Ramiz Fətəliyev (Rusiya) serialında tryuk quruluşçusu, kaskadyor, “Dənizçi” (2007 (Rusiya) filmində kaskadyor, “Silah” (2008, rejissor Aleksandr Kasatkin (Rusiya) serialında tryuk quruluşçusu, kaskadyor kimi çalışıb. Bir çox musiqi kliplərində, reklamlarda tryuk quruluşçusu və ifaçısı olub.
Əli müəllim deyir ki, “Dağıdılmış körpü”də Hollivud ulduzunu əvəz edib: “Film Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilib. Yerli filmlərdə isə Fəxrəddin Manafovu, Həsən Məmmədovu əvəz etmişəm. 30 ildən çoxdur ki, bu işlə peşəkarçasına məşğulam. Kaskadyor işində hər bir tryuk təhlükəlidir. Hansını deyim: avtomobil, at, yanmaq, hündürlükdən atlanmaqdır, suya atlanmaq və s. Bəzən elə olur ki, nisbətən təhlükəli bir hərəkəti edirsən, kaskadyora heç bir şey olmur, amma sadə bildiyim tyurukdan zədə ala bilirsən. Ona görə bütün truyuklar çətindir. Yanmaq ən yüksək təhlükəli tryuklardan biridir. Yanan zaman havada uçaraq hərəkət etmək isə onun ən yüksək səviyyəsidir. Bütün dünyada ən güclü kaskadyor məktəbi Hollivuddadır. Hollivuda gedib çıxa bilməmişik, amma onlarla birgə işləmişik, onların təcrübəsindən yararlanırıq. Filmlərə baxıb, internet vasitəsilə ilə bilmədiklərimiz öyrənirik. Etiraf edim ki, işlərimiz onlardan heç də geri qalmır. Sadəcə onların bazaları böyük olduğuna görə lazımi əşyaları ala bilirlər. Bizdə də mütləq baza yaradılmalıdır”.
Yeri gəlmişkən, Əli Məmmədov ötən il Hindistan və Azərbaycanın birgə istehsalı olan “Ekşin” filmində çalışıb. Hindistanın tanınmış kaskadyorları və kinmeatoqrafçıları ilə birgə çətin və geniş həcmli tryukların çəkilişində peşəkarlıq nümayiş etdirib.
Ümumiyyətlə kaskadyor işi təhlükəli sənət hesab olunur, risqə atılmaq, çəkildiyin hər filmdə təhlükəli anlarla üz-üzə qalmaq və s. hamısı cəsarət istəyir. Əli Məmmədov bu cəsarəti özündə hiss etdiyi üçün ömrün 30 ilində çox iş görüb, çox tələbələr yetişdirib və illər keçir, həyatın daha təcrübəli vaxtına qədəm qoyursan. Görəsən, Əli Məmmədov 55 yaşda özünü necə hiss edir. Bundan sonra kaskadyor işinə davammı, tamammı?
Ə.Məmmədov deyir ki, görüləcək işlər çoxdur və təvazökarçasına əlavə edir ki, hələ nə edib: “55 yaşı görmək gözəl hissdir, hətta mən deyərdim ki, müdrik hissdir. Ömrümün sonuna qədər bu işi davam etdirəcəyimə əminəm. Görüləcək işlər hələ irəlidədir. Bu yaşa qədər kaskadyorluq elminin dərinliklərinə baş vurdum, sirrlərini öyrəndim. İndən belə yeni layihələr üzərində işləmək, etmədiyim tryuk səhnələni filmlərdə qurmaq istəyirəm”.
Yubiley yaşı dost-tanışlardan, qohumlardan uzaqda, onlarsız qeyd etmək, mövcud duruma görə -Evdə qal- prinsipinə əməl etmək məcburiyyətində qalmaq, yəqin ki, 55 yaşın qismətinə elə əvvəlcədən yazılıbmış. Kaskadyor bildiririr ki, ruhdan düşmək olmaz, yubiley yaşı il ərzində geniş formada qeyd edə bilər, əsas odur ki, həyatı sevəsən, səbrli olasan və boş dayanmayasan: “Evdə yeni kaskadyor qurğularının uzaqdan idare etmə pultlarını yığıb hazırlayıram, yeni filmlərə hazırlıq işləri görürəm. Bir sözlə, boş vaxtım olmur, hər zaman çətin tryukların hazırlıq işləri ilə məşğul oluram”.
Sevdiyin peşəylə məşğul olmaq, işlərini böyük sevgiylə görmək, gördüyün işdən zövq almaq hər adama qismət olmur. Bu baxımdan Əli Məmmədov şanslı insanlardandır.
Dəyərli insan, peşəkar kaskadyor Əli müəllim, sizi doğulduğunuz bu gün münasibətilə, yubiley yaşınıza görə ürəkdən təbrik edir, yeni-yeni layihələrdə çalışmağı arzulayırıq.
Azərbaycan Kinematoqrafçılar İttifaqı