XXI əsrin “Cırtdan”ı ekranlara gəlməyə hazırlaşır
Mədəniyyət nazirliyinin maliyyə dəstəyiilə Azərbaycan Kinematoqrafçılar İttifaqının ”Tədris və istehsalın birliyi Azərbaycan animasiyasının inkişafına dəstək kimi” layihəsi çərçivəsində, İttifaqın Kino məktəbinin Animasiya qrupu Cırtdan haqqında yeni animasiya filmi çəkilir. Layihənin ideyası istehsal ilə tədris prosesini birləşdirməkdir. Belə ki, tələbələr Kino Məktəbində təhsil almaqla yanaşı animasiya filminin istehsalında iştirak etməklə praktik bilgilər qazanacaqlar.
Xatırladaq ki, ilk dəfə 1969-cu ildə Azərbaycan xalq nağılının motivləri əsasında “Cırtdan” adlı cizgi filmi çəkilib. Alla Axundovanın ssenarisi əsasında Yalçın Əfəndiyevin quruluş verdiyi filmdə Cırtdanın divə necə qalib gəlməsindən danışlır.
1973-cü ildə yenidən bu mövzuya müraciət edilib. Fikrət Sadığın ssenarisi əsasında Nazim Məmmədovla Bəhmən Əliyevin çəkdiyi Cırtdanın yeni sərgüzəştləri bir qədər müasirləşdirilərək fantastik motivlər üzərində qurulub.
2020-ci ildə Cırtdan yenidən gündəmə gəlib. Qeyd edək ki, xalq nağılından bəhrələnən bu animasiya filmində müasirlik əsas götürüləcək. Filmin rejissoru Firəngiz Qurbanova bildirir ki, artıq iki aydır çəkilişlərə başlayıblar: “Dünyada baş verən proseslərə görə ölkəmiz də -Evdə qal- prinsipinə əməl edir. Biz də yaradıcı heyət olaraq bu günlərdən səmərəli istifadə etməyə çalışırıq. Onu da qeyd edim ki, bu animasiya, cizgi üsulu ilə çəkilmiş animasiya filmi olacaq. Bu bizim üçün prinsipialdır ki, klassik animasiya ənənəsi yaşayır və davam edəcək. Biz tələbələrimizə cizgi animasiyası metodunu öyrədirik. İnanırıq ki, bu layihə gələcəkdə silsilə şəklində davam edəcək. Bundan başqa, 4 ay ərzində filmi təhvil verəcəyik. Filmin çəkilişində Cavid Əhədov, Zema Əhədova və Kino məktəbinin tələbələri iştirak edirlər”.
Rejissor onu da qeyd edir ki, artıq bu animasiyanı Cırtdanın adı ilə adlandırmaq fikrində deyil: “Bu animasiya artıq XXI əsrin animasiyası olmalıdır və müasir uşaqlar üçün maraqlı olan hər şeyi ifadə etməliyik. Ən önəmlisi isə silsilə cizgi filmləri hazırlayacağıq. Film adının necə olmasına gəlincə, buna hələ tam qərar verməmişik, iş prosesi bitənə qədər tam əminliklə adını dəqiq olaraq seçəcəyik”.
Azərbaycan Kinematoqrafçılar İttifaqı