Rejissor Rövşən Almuradlının doğulduğu gündür
Bu gün ssenarist, rejissor Rövşən Almuradlının dünyaya göz açdığı gündür. Həmin Rövşən Almuradlı ki, vətənpərvər ruh, dövlətçiliyin qorunması, torpaq uğrunda mübarizə, ölümün üstünə ölümlə getmə, qadının ayağa qalxaraq ərlərlə birgə mübarizə meydanına atılması, uluların ruhuna xəyanət etməmək, Allaha ibadət, Ona qayıdış və s. məqamların əsl film mövzusu olduğu bir vaxtda sadaladığım ruha sahib olduğunu sübut etdi. Eyni ruhlu həmkarları, həmfikirləri olan yazıçı Sabir Rüstəmxanlı və ustad aktyor Nurəddin Mehdixanlı ilə “Cavad xan” filmini çəkdi, bu filmlə də kino yanğısını daha da alovlandırdı…
Rövşən Almuradlı Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil (1972-1976) alıb.
1984-1987-ci illərdə Moskva SSRİ Mədəniyyət Nazirliyi nəzdində Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirib, Moskva Dövlət Akademik Satira Teatrında təcrübə keçib.
1989-cu ildə “Azərbaycanfilm” kinostudiyasının “Debüt” studiyasında “Hücum” adlı qısametrajlı bədii filmin quruluşçu rejissoru, 1990-cı ildə çəkilən “Azadlığa gedən yollar” filminin rejissorlarından biri olub.
1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan, müstəqil “İstiqlal” teatrının bədii rəhbəri olub.
1991-ci ildə M.Suleymanlının “Zirzəmi”, 1992-ci ildə M.Dostoyevskinin “Şıltaq qız”, 1992-ci ildə M.Qoqolun “Dəlinin qeydləri”, 1992-ci ildə Gəncə Dövlət Dram teatrında Anarın “Beş mərtəbəli evin altıncı mərtəbəsi” kimi əsərlərin quruluşçu rejissoru olub.
1993-1995-illərdə “Bəri bax” müstəqil kinostudiyasında tammetrajlı “Yük” bədii filminin quruluşçu rejissoru olub.
1994-cü ildə “Doğma” kino-povesti əsasında çəkilmiş “Ümud” bədii filminin müəllifidir.
2006-2008-ci illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Cavad xan” bədiii filminin quruluşçu rejissoru olub.
2005-ci ildə Akademik Milli Dram Teatrında İ.Şıxlının “Ölüləri qəbiristanlıqda basdırın” əsərinin rejissoru olub.
2010-cu ildə Bakı Bələdiyyə Teatrında M. Süleymanlının “Bəylik dərsi” əsərinə, 2011-ci ildə Anarın “Qaravəlli” əsərinə, 2012-ci ildə M.F. Axundzadənin “Müraviyyə vəkilləri əhvalatı” əsərinə, 2012-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında F. Dürrenmattın “Yaşlı xanımın gəlişi” əsərinə quruluş verib.Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü idi.
R.Almuradlı fəaliyyəti dövründə aktyor fərqli xarakterli obrazlara çəkilmiş, istər ssenarist və rejissor kimi müxtəlif janrlarda daxili düqnyasını narahjat edən mövzulara müraciət etmişdir.
O, 1995-ci ildə çəkdiyi “Yük” filmi ilə ömür yükünün nə dərədəcə ağır olmasından bəhs edibsə, 15 illik fasilədən sonra “Cavad xan”la daha geniş söz demək imkanı qazanıb.
Rejissor deyirdi ki, iki film arasında olan 15 illik fasilə heç də boş dayanmaq demək deyildi. “Cavad xan” artıq illər əvvəl yaranmışdı: “Sadəcə yol gəlirdi. “Cavad xan”a Sabir Rüstəmxanlı 20 il, bəlkə də ondan öncə yazdığı şerlərlə, poemalarla yol gəlirdi, Rövşən Almuradlı içində yaşatdığı türkçülük ruhu ilə yol gəlirdi. Mənə elə gəlir ki, “Cavad xan”a, Azərbaycan tarixini sevən adamın, bu torpağa, onun azadlığına, müstəqil dövlətinə münasibəti, sevgisi olan hər bir insanın işi demək olar. Tanrının qisməti ilə “Cavad xan”a illər uzunu yol gələn iki yaradıcı bir araya gəldi və mənim seçimimlə Nurəddin Mehdixanlı da Cavad xan roluna seçildi və biz birgə belə bir film araya-ərsəyə gətirdik. Cavad xan millətin düşüncəsidir. Millətin tarixinin şərəfli səhifələrindən, ən ləyaqətli səhifələrindən biridir. Çox şükür ki, bu yolda həmfikir olanlar filmin çəkilişi dövründə birləşdilər. Əgər Cavad xanın eşqini içində gəzdirən bir ssenarist olmasaydı, onu içində bəsləyib, zaman-zaman gətirən bir aktyor və aktyor heyəti olmasaydı, ona bütün yaradıcılığı ilə addımbaaddım gələn, o səhifələrin qədrini bilən bir rejissor olmasaydı o zaman “Cavad xan” belə yanğılı bir formada yarana bilməzdi”.
Ümumiyyətlə R.Almuradlı bəlkə də bütün müsahibələrində daha çox Cavad xanın şəxsiyyətndən bəhs etməyə üstünlük verirdi, səbəb isə çox sadə idi-məhz bu filmlə içində olan geniş planlı mövzuları birləşdirərək bütövləşdirə bilmişdi.
Cavad xan türkün ən böyük şəxsiyyətlərindən biri olduğunu deyən rejissor, onu da qeyd edib ki, o boyda Səfəvi dövlətində bir kəs tapıldı ki, böyük bir işğala qarşı dura bildi, özü də necə: “Filmdə bir xətt var. Cavad xan oğlanlarının ölümünü görür, ətrafında olan insanların ölümünü görür. Bu artıq öncəgörmələrdi. Son məqamda ona şahlıq təklif edirlər. Həmin məqamda hakimiyyəti oğluna təhvil verərək Gəncəni tərk etməli idi. Ancaq Cavad xan ölümü seçir. Ölümü görə-görə, bilə-bilə onun üstünə getmək…İçindəki hiss sadəcə onu müqavimət göstərməyə səsləyirdi. Hiss edirdi ki, kimsə bunu etməlidir, kimsə bu müqavimətin qarşısını almalıdır. Cavad xan parçalanan xanlıqların torpaqları necə güdaza verəcəyini görürdü və buna görə də onların ardınca bağıraraq deyir: “Getməyin, yanlış addım atırsınız, vallah bu millət nə vaxtsa bizim üzümüzə tüpürüb gorumuzu söyəcək”. Bu bir çağırış idi”.
…“Cavad xan” filminə o vaxt müraciət olunmuşdu ki, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ işğal altında idi. Tarıma çəkilmiş əsəb, torpaq sevgisi, film çəkmək ehtirası, Azərbaycan incəsənətinin inkişafına mane olan qüvvələrlə mübarizə aparmaq və daha nələr Rövşən Almuradlı ömrünü bir az daha qısaltdı. Hələ çəkəcəyi filmlər, müraciət edəcəyi mövzular, bir sözlə, bir çox layihələri var id…
Müsahibələrində birində demişdi ki, bu günə qədər onlarla tamaşa və film barədə düşüncələrim olub: “Çoxunu reallaşdırmaq arzusunda olmuşam. Hüseyn Cavidin “İblis”ini səhnələşdirmək, həm də ekranlarşdırmaq planlarım alınmayıb. “İblis”lə bağlı nazirlik səviyyəsində görüşlərim olub. Təəssüf ki, hələ də bu istək olaraq qalır. Yaxşı bilirəm ki, gözəl ekran əsəri üçün böyük büdcə gərəkdir. Bu əzəli problemi dəf etsək, yaradıcı şəxslərin də qapısı açılmış olar. Çoxu kimi mənim də ildə bir necə tamaşa hazırlamaq, bir ekran əsəri üzərində işləmək gücüm var”. Ömür vəfa etsəydi, bəlkə də həyata keçirəcəkdi…
Ustadlardan daima sənətin sirrini öyrənərək ustadlıq səviyyəsinə yüksələn Rövşən Almuradlını doğulduğu bir gündə böyük hörmətlə yad edirik.
Azərbaycan Kinematoqrafçılar İttifaqı