Eldəniz Quliyev dünyanın və özünüdərkin 68-ci ilində
Ssenarist, yazar, dramaturq, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Eldəniz Quliyevin 68 yaşı tamam olur.
E.Quliyev 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunda, 1979-1981-ci illərdə Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində təhsil alıb. “Mosfilm”, M.Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib.
1981-1987-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında redaktor kimi çalışıb və redaksiya kollegiyasının, bədii şurasının, dövlət film qəbulu komissiyasının üzvü olub
1987-1992-ci illərdə “Debüt” studiyasının baş redaktoru, 1993-1996-cı illərdə “Azərkinovideo” İstehsalat Birliyinin baş redaktoru, 199-cu ildə ABA televiziya şirkətinin baş redaktoru vəzifələrində işləyib.
Eldəniz Quliyev bildirir ki, hər bir ölkənin kino sənəti o ölkənin vətəndaşının ləyaqətli, əxlaqlı, vicdanlı və mənəviyyatlı yaşayışına prioritet verməlidir: “Azərbaycan kinosu da istisna deyil. Ölkədə kino sənəti yarandığı ilk vaxtdan, 1895-ci ildə Lümyer qardaşlarının şəkilləri hərəkətə gətirməsindən cəmi üç il sonra 1898-ci ildə Azərbaycanda kino yaranıb. Mişon adlı bir fotoqraf bir neçə sənədli film çəkib. Bununla da Azərbaycanda kino sənayesinin özülü qoyulub. O vaxtdan indiyədək kino Azərbaycan mədəniyyətinin, mənəviyyatının tərkib hissəsidir. Ona görə insani münasibət, xoşbəxt, əxlaqlı, mənəviyyatlı insan yetişdirmək Azərbaycan kino sənətinin, kino istehsalının fəlsəfəsi kimi qəbul olunur”.
Onun ssenarisi əsasında çəkilən filmlər (“Cin Mikrorayonda” (1985), “Kölgədə 40 dərəcə isti” (1987), “Cansıxıcı əhvalat (1988) zamanının aktual problemlərini qabardır, qəhrəmanlarını mənəvi seçim qarşısında qoyur. Eldəniz Quliyevin qəhrəmanları çoxluqda əriyən yox, onunla konflikdə olan qəhrəmanlardır. Bu da təsadüfi deyil, çünki Eldən Quliyev yaradıcı şəxsiyyət olaraq daima öz fikri olan bir sənət adamrıdır. 1985-ci ildə çəkilən “Atları yəhərləyin” (Qaçaq Nəbi) filmindəki Mirzə obrazını ifa etməklə ssenarist sanki öz daxili portretii yaradıb.
Ssenarist deyir ki, əsl ziyalı milli-mənəvi dəyərlərlə yaşayan, əxlaqlı həyat tərzi keçirən şəxsdir və ziyalı öz xalqının, dövlətinin, torpağının əxlaq və ləyaqət simvolu olmalıdır. Ziyalılığın mahiyyəti alicənablıq və nəciblikdir.
Onun 2019-cu ildə oxcularının ixtiyarına təqdim etdiyi, müəllifin ssenari və nəsr nümunələrindən ibarət olan toplusu, əvvəllər də yaradıcılığında hiss olunan magik realizmi bir daha qabartdı. Eldəniz müəllim deyir ki, insan dünyanı özünün ondakı mövcudluğu ilə dərk edə bilər: “O, kainatın kodunun, proqramının cəmləşdiyi mərkəzdir. Özünü dərk kainatın dərk edilməsidir”.
Dünyanı və özünüdərk yolundan dönməyən, oxucusuna inanan, tamaşaçısına güvənən, mənsub olduğu Azərbaycan xalqının milli-mentalitetini yüksək tutan, sözün həqiqi mənasında ziyalı kimi öz işığını ətrafa saçan Eldəniz Quliyevi 68 yaşı münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyəti adından səmimi qəlbdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Xədicə QİYAS