Aki-də “Kino və ideologiya” mövzusunda müzakirə keçirilib

Yanvarın 31-də Azərbaycan Kinematoqrafçılar İttifaqında “Kino və ideologiya” mövzusunda müzakirə keçirilib. Müzakirə ssenarist, pedaqoq, AKİ-nin İdarə Heyətinin üzvü Nadir Bədəlov, sənətşünas Aliyə Dadaşova, kinorejissor, AKİ-nin İdarə Heyətinin üzvü Tahir Tahiroviç, “Yeni NƏSİL” Azərbaycan Jurnalistlər İttifaqının sədri, jurnalist Arif Əliyev, kinoşünas Aygün Aslanlının iştirakilə baş tutub.

Tədbirin moderatoru Sevda Sultanova giriş sözünə dövlət başçısı İlham Əliyevin yaxınlarda yerli telekanallara verdiyi müsahibədə ideologiya ilə bağlı səsləndirdiyi fikirlərlə başladı. S.Sultanovanın “Həmin müsahibəsində dövlət başçısı qeyd etdi ki, bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi və xalq bu ideya ətrafında birləşmişdi. Amma artıq biz bunu əldə etmişik. Ona görə yeni dövrün yeni ideyaları olmalıdır. Dövlət başçısının bu çıxışı milli kinoda ideoloji diskursu da aktual edir. Amma istərdim ki, biz ideoloji məsələyə daha geniş müstəvidə yanaşaq. Bu mənada, cəmiyyətdə ideoloji boşluq hiss edirsinizmi və bu, özünü nədə göstərir?” sualına cavablar birmənalı olmadı. Müzakirə iştirakçıları daha çox “İdeologiya nədir? Bu gün müasir ideologiyaya ehtiyac varmı?” suallarına aydınlıq və konkretlik gətirməyi vacib saydılar.

Tahir Tahiroviç bildirdi ki, süni intellektin, elmin sürətlə inkişaf etdiyi dönəmdə ideologiya mövzusu ona aktual görünmür: “İdeologiya, insanların sosial həyatını, rifahını gücləndirmək üzərində qurulmalıdır. Dünyada  torpaq ideologiyası yoxdur. Məsələn, Azərbaycan telekanallarından ideoloji təbliğat  gözləyiriksə, onlara ideologiyamız budur və bunu təbliğ etməlisiniz mesajı verilməlidir”.

Jurnalist Arif Əliyev isə əksinə, ideologiyanın vacibliyini vurğuladı: Bu gün cəmiyyətdə ideologiya anlayışına mənfi bir münasibət var. Bu da səbəbsiz deyil. Çünki cəmiyyətdə ideologiya o qədər pis əllərə düşdü ki, onun yozumu da mənfi oldu. Bu müzakirəyə gəlmədən öncə bir neçə jurnalist dostumla ideologiya mövzusundan söhbət salanda dedilər ki, ideologiya nədir, ideologiya niyə olmalıdır ki… Böyük depressiyadan Amerika özünün qəhrəman kultu ideologiyası ilə çıxdı. Əslində, bu günün Azərbaycanına, bizə ideologiya mütləq lazımdır. Çünki cəmiyyətdə müəyyən bir depressiv əhval-ruhiyyə var. Elə götürək bugünkü kino və ideologiya mövzusunu. Kino da, jurnalistika da depressiyadadır. Bütün yaradıcılıq sahələri ətalətdədir. Deyəsən, bir qədər teatrda vəziyyət fərqlidir. Amma ümumilikdə bizim cəmiyyətdə dərin bir depessiya var.

Aygün Aslanlı bildirdi ki, o, ideologiyanı insan azadlığını məhdudlaşdıran məfhum kimi anlayır: “Mən düşünürəm ki, hər fərdin ideyası olmalıdır. Onun uğrunda mübarizə aparmalıdır. SSSRİ-nin ideologiyası kommunizmə əsaslanan cəmiyyət qurmaq idi. Bundan kənara kimsə çıxa bilməzdi. Amerika filmlərində ideoloji məsələyə gəlincə, orada əsas xətt, “satılan” arzular fabriki idi. 1930-cu illər depressiyasından onunla çıxdılar ki, “bir insan hər şeyi bacara bilər, bacara bilmirsə, bu öz günahıdır” fikrini təlqin etdilər. Belə fikir var ki, Hollivud öz tamaşaçısını yaratdı və Amerika vətəndaşını bir az da kino formalaşdırıb”.

Nadir Bədəlov isə “kino ideoloji olmalıdır” tezisini irəli sürdü: ”Kino ideologiyaya xidmət etməlidir. Onun əhəmiyyəti nədir? İdeologiya hakim zümrənin  məqsədəuğyun gördüyü düşüncə tərzidir. Yəni bu belə olmalı və insanlar belə düşünməlidirlər. İdeologiyadan kənarda qalmaq mümkün deyil. Bizim hər birimizin sığınacağa ehtiyacı var. Ona görə, qərblilər ideologiyanın içindədirlər və “evdədirlər”. Onlar heç bu barədə fikirləşmirlər, onların yerinə hökumət fikirləşir. Onlar heç öyrənmirlər ki, filan yerdə filankəs nə dedi, ona heç lazım deyil. Onlara səviyyə də lazım deyil. Qərbin güclü ideologiyası var və bunun içində özlərini rahat hiss edirlər. Bizdə də belə olmalıdır. Kino hakim sinfin ideologiyasına xidmət etməlidir. Bu, tezisdir. Dövlət dəstək olmasa kino inkişaf etməyəcək. Ona görə də bu gün hamı deyir ki, kinoda ideoloji boşluq var, ideologiya yoxdur. Amma bir tərəfdən də bu, problemdir. Axı ideologiya bir tərəfdən məhdudlaşdırır, düşünməyə imkan vermir. Bəs onda kino nə etməlidir? Bizdə müstəqil kino var? Adları müstəqil kinonun nümayəndələri kimi səslənən rejissorların fəaliyyəti fərdi şəkildədir. Lakin müstəqil kino institut kimi fəaliyyət göstərmir. Kino institut olmalıdır. Yəni mən yaxşı film çəkirəm. Məhsulu tamaşaçıya təqdim edib pul ala bilirəm ki, o biri filmi çəkim. Bu ideologiyadır artıq. Marksı tənqid etsək də, o, fikirlərində haqlı idi: “Sən nəsə istehsal  edirsənsə, onun içində istehlak dəyəri də olmalıdır ki, yeni məhsul yarada biləsən”. Marks özü ideologiyanı qəbul etmirdi ki, bu, saxta təfəkkürdür, dəyişdirilmiş şüurdur, düşüncədir. Amma kino müstəqil institut olmalıdır, tamaşaçı bu məhsulu almalıdır və çəkilən filmlər tamaşaçıya maraqlı gəlməlidir ki, rejissor  qazansın. Öz pulunu qazansa, bir milyon, iki milyon  tamaşaçını aktivləşdirsə, xeyli qazanc əldə edər. Sən tamaşaçı ilə ünsiyyətə girə bilərsənsə, müstəqil kino yaratmaq mümkündür. Yəni kino ya sosial institut kimi fəaliyyət göstərir, ya da ideologiyaya xidmət edir və dövlət onu dəstəkləyir. SSRİ dönəmində belə kino institusional idi, pul qazanmalı idi.

Prezidentin çıxışında səsləndirdiyi milli ideologiya ilə bağlı fikirləri dinlədim. Ona iki cür yanaşmaq olar. 1) O, media nümayəndələrini, cəmiyyəti dəvət edir ki, gəlin, milli ideya, ideologiya yaradın. 2) yeni ideoloji xəttin anonsunu verir. Mən ikinciyə üstünlük verirəm. Amma kino aktiv ola biləcəkmi burda?”

Aliyə Dadaşova bildirdi ki, ideologiya hakim olmaya da bilər: “İdeologiya hər hansı ictimai düzən yaratmaq, ya da ictimai düzəndə bir istiqamət vermək üçün bir ideуadır. Amma ideologiya həm də özünü legitim hesab etmək üçün əxlaqa söykənir. Hər bir ideologiyanın bəraət qazanmaqdan ötrü bir əxlaqi, mənəvi tərəfi də olur. Bu da kinonun sahəsidir. Əxlaqi tərəfi kino daha yaxşı göstərir. Nadir müəllimin dediyi kimi, ideologiya bu tərəfi göstərməyə məcbur olur”.

Sevda Sultanova bildirdi ki, Ermənistan istehsalı olan filmlərdə davamlı bir ideoloji xətt var: “Erməni kinosunda prioritetlər, 1915-ci il hadisələri fonunda qurban obrazı və zərər çəkməklərinə rəğmən erməni ruhunun gücü, Azərbaycanın mədəniyyətini mənimsəyərək qədim erməni mədəniyyəti kimi təqdimatı, Qarabağ müharibəsini başladan tərəfin Azərbaycan olması və  mədəni irsin təbliğidir. Ümumiyyətlə, kino  ideoloji konspektlərlə  təmin edilməlidirmi?”

Arif Əliyevin suala cavabı fərqli oldu: “İdeologiya hər hansı toplumu birləşdirən fikirlər sistemidir və mənə elə gəlir ki, bizim yanaşmamızda yanlışlaqlardan biri, ideologiyanın hakimiyyətdən gəlməsini gözləməyimizdir. Cəmiyyətimizdə feminizm var və bunun özü ideologiyadır. Bu, hakimiyyətdən qaynaqlanmır. Toplumu da birləşdirmir. Yəni bu ideoloji birlik, feministlər filmlər çəkə bilər və bunun özü də ideolgiyadır. Eyni cəmiyyətdə, yəni, bizdə, libertarianlar da, anarxistlər də var. Bunların hansı üstün gələcək? bu, başqa məsələdir. Azərbaycanda ideoloji mübarizənn kəskinliyi daha böyük problem yaradır, nəinki ideoloji boşluq. Mən hesab etmirəm ki, bizdə ideoloji boşluq var. Belə olsaydı, eyni masa arxasında müxtəlif ideoloji yönümlü adamlar da oturmazdı. Kino Lenindən bəri ideoloqlar üçün ən dadlı sahədir. Azərbaycan kinosu olmadığı üçün onun ideologiyası da yoxdur və bu haqda danışmaq çətindir. Ümumlikdə isə, ideologiyasız dövlət mümkün deyil”.

Aliyə Dadaşova teatr tarixindən maraqlı bir məqama toxundu: “Sovet inqilabından sonrakı dövrlərdə inqilab teatrı yaradılmışdı. Bu teatr, sinfi mübarizəni, inqilabı təbliğ edirdi. Qısa müddətdən sonra gördülər ki, hələ ökədə lokal döyüşlər gedir, hələ beyinlərdə tam inqilab baş verməyib. Kommersiya tamaşalarına üstünlük verməyə başladılar. Yeni iqtisadi siyasət dövründə tamaşalar həm də büdcəyə pul gətirdi. Və gördülər ki, burjua zövqünü oxşayan tamaşalar içərisindən ciddi, yaxşı əsərlər də meydana çıxdı”.

Mövzu ilə bağlı tarixə ekskurs edən Nadir Bədəlov maraqlı əhvalat danışdı: İkinci Dünya müharibəsi zamanı Ukraynada almanlar bir şəhəri tutublar. Burada da teatr fəaliyyət göstərirdi. Şərtə görə, teatrda SSRİ-ni təbliğ edən tamaşa olmamalı idi. Bir rejissor antisovet tamaşası qoymaq istədiyini deyir.  Korneyçukun “Cəbhə” əsərini. Bu əsər SSRİ-yə xidmət edən təbliğati əsər idi. Rejissor əsərin bir sözünü belə dəyişmədən tamaşaya qoyur. Və afişada bir cümlə yazılır: Onlar necə döyüşürdülər? Əsər olur antisovet. Rejissor, ideyanı tamam dəyişir. İdeologiya nəzərdir. Kinonun özü dünyada ideoloji aparatıdır. Bodrinin məşhur nəzəriyyəsi var ki, kinokamera, artıq ideologiyadır. Sənin necə baxmağından çox şey asılıdır. Adi panoramla filmin ideyasını, bütün məzmununu dəyişə bilərsən.

Bu yaxınlarda dedilər ki, 8-ci Kilometr bazarı söküləcək. Sonra qaldı. Orada böyük bir zirzəmi mədəniyyəti var, orada xalqın böyük bir qismi dolanır. Bir dokumentalist gedib oranı çəkmədi. Xalqı kinoda görmürəm. Biz xalqı tanımırıq. Həyat materialımız boldur. Amma oturub gözləyirik ki, kimsə nəsə sifariş versin.

Arif Əliyev sonda bildirdi ki, milli ideologiya, milləti yaratmaq prosesinin tərkib hsisəsidir: “Bu, qırılmaz prosesdir, daimidir. O dayanırsa, millət dağılır. Bizim tariximizdə maraqlı kodlar millət quruculuğu prosesində bizə lazımdır; istər ədalətli başlanğıc məsələsində, istər qəhrəmanlıq istiqamətində. Bunu yaratmaq üçün ideologiya lazımdır. İdeologiya sözündən qorxmaq lazım deyil. Sovet dönəmində ideologiya sözünü zəhərləyiblər, mənfi mənada başa düşürük, amma bu, elə deyil. Onun müsbət mənaları çoxdur”.

aki.az