Fevralın 6-da “Azerbaycan” CinemaPlus kinoteatrında kinorejissor Murad İbrahimbəyovun “Anama” tammetrajlı sənədli filminin təqdimatı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kinorejissor Oleq Səfərəliyev filmin rejissoru haqda danışmaq üçün sözü Xalq yazıçısı Natiq Rəsulzadəyə verdi. Kinorejissorun şəxsi keyfiyyətləri ilə yaradıcı dəstxətinin bütövlüyünü önə çəkən yazar, Murad İbrahimbəyova növbəti filmlərində uğurlar arzu etdi. Sonra Murad İbrahimbəyov filmin yaradıcı heyətini tamaşaçılara təqdim etdi.
Azərbaycan Respublikası Minalardan Təmizləmə Agentliyinin işğaldan azad olunmuş ərazilərində işləyən əməkdaşlarının təhlükəli işi filmin əsas mövzusudur. Filmin müəllifi və rejissoru olan M.İbrahimbəyov minaaxtaranların işini təfərrüatları ilə göstərərək, filmi “olum və ölüm”, “sülh və müharibə” haqqında fəlsəfi mükaliməyə yönləndirib. M.İbrahimbəyov deyir: “Mənim əhvalatım işğaldan azad edilmiş yurdumun hər qarışına ölüm mənbəyi basdırılmış əraziləri təhlükədən xilas edən insanlar haqqındadır” .
Filmin müxtəlif epizodları minalanmış sahəyə qaçan inəyini xilas edərkən mina qurbanı olan kənd sakininin monoloqu üzərində qurulub. Film minaaxtaraların işinin fonunda qaçqınlıq, müharibə faciələrini yaşayan Qarabağ sakinlərinin də hekayələrini əks etdirir.
Mədəniyyət Nazirliyinin sifarişilə ərsəyə gələn filmin çəkilişləri Horadiz, Ağdam, Hadrut və Göygöldə baş tutub. Filmin quruluşçu operatoru Nadir Mehdiyev, səs rejissoru Orxan Ağalarov, montaj rejissoru Elşad Rəhimov, prodüseri Tofiq Musayevdir.
aki.az