Milli kinomuzun inkişafında Heydər Əliyevin xidmətləri

10 may Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin doğulduğu gündür, 97 yaşı tamam olur.

Görkəmli siyasi xadimin Azərbayacana rəhbərli etdiyi dövrdə ölkənin iqtisadi-sosial sahəsində böyük nailiyyətlər əldə edilib. Geniş dünyagörüşlü, məlumatlı, hər sahədə təcrübəli olan ulu öndər milli dəyərlərimizin bütün dünyada tanınması üçün əlindən gələni etmiş, mədəniyyət və incəsənət xadimlərimizin təbliğ olunmasına geniş şəratit yaratmışdır. İncəsənətin bütün sahələrində olduğu kimi, milli kinomuzun inkişafında da onun xidmətləri danılmazdır. Bir məqamı da xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan kinosu bu qayğını və dəstəyi ulu öndər hələ Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etdiyi dövrdə görüb.

1970-ci illər Azərbaycan kinosunun ən parlaq dövrlərinə təsadüf edir. Məhz həmin illərdə “Azərbaycanfilm” kinostudiyası dəyərli, mövzu baxımından maraqlı sənət nümunələri yaratmış və tamaşaçıların ixtiyarına vermişdir.

“Bir cənub şəhərində” 1969-cu il

Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Eldar Quliyevin çəkdiyi “Bir cənub şəhərində” filmi Bakı həyatından, köhnə məhəllələrin birində yaşayan insanların gündəlik yaşam görüntülərindən bəhs edirdi. Sovet rejiminin ən sərt  vaxtlarında ekrana köhnəfikirli obraz gətirmək, feodal düşüncəsi fikri ilə yaşayan qəhrəmanı təbliğ etmək heç də asan məsələ deyildi. Yaradıcı heyətin böyük zəhmətlə ərsəyə gətirdiyi film daxili baxışdan sonra “Qoskino”da (Dövlət Kinematoqrafiya Komitəsi) ciddi tənqid edilir və filmin kütləvi nümayişinə qadağa qoyulur. Həmin ildə Heydər Əliyev Azərbaycan SSR Mərkəzi Komitəsinə birinci katib təyin olunur. Film haqqında eşidən ulu öndərin bəlkə də bu vəzifədə ilk işlərindən biri “Bir cənub şəhərində” filmini tamaşaçıya qaytarmaqla başlayır.

Milli kinomuzun tarixi, tarixi filmlərin çəkilişi…

Qeyd etdiyimiz kimi, ölkəyə rəhbərliyi dövründə hər sahəyə xüsusi diqqət ayıran ulu öndər, incəsənəti, xüsusuilə kinonu daha çox qayğı ilə əhatələndirmişdi.

H.Əliyev kinoşünaslara kino tarixinin araşdırması ilə ciddi məşğul olmağı tapşırmışdı. Kinoşünasların arxiv sənədlərini araşdırarkən Azərbaycan kinosunun tarixinin heç də 1916-cı ilə deyil, əslində, dünya kinosunun yaranma tarixindən cəmi iki il yarım sonraya  – 1898-ci ilə aid olduğunu sübut etməsi artıq tarixi fakta çevrilib. 1998-ci ilin 2 may tarixində, Azərbaycan kinosunun 100 illiyi ilə bağlı baş tutan “Festivallar festivalı”nda ulu öndər deyib ki, bu gün biz bir kəşf etdik, sübut etdik ki, Azərbaycan kinosunun tarixi 1898-ci ildən başlayır, onun 100 ili tamam olur: “Biz 1916-cı ili başlanğıc ili hesab edirdik, lakin Azərbaycan kinosunun yaşını əgər belə demək olarsa 10 il, yaxud, neçə il artırmaq ümumən heç də sadə məsələ deyildi. Bu o deməkdir ki, Azərbaycan sivilizasiyalı ölkədir, dünyada kino meydana çıxan kimi o, Azərbaycana gəlib…”

H.Əliyev ölkəyə rəhbərliyi dövründə bir çox tarixi filmlrin yaranmasına şərait yaratmaqla yanaşı, eyni zamanda həmin çəkiliş proseslərini nəzarətdə saxlayıb. Həmin filmlərdən “Ulduzlar sönmür”(1971), “Nəsimi”(1974), “Dədə Qorqud”(1975), “Nizami”(1982) və b. misal göstərmək olar.

“Nəsimi” filmi – 1973-cü il

İsa Hüseynovun ssenarisi əsasında Həsən Seyidbəylinin quruluş verdiyi “Nəsimi” filmi Azərbaycan xalqının görkəmli şair və filosofu İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunur. Hətta ilk dəfə “Nəsimi” filmi valyuta ilə alınan kino plyonkasına çəkilib ki, keyfiyyətli olsun. Bundan başqa, kinoya ayrılan vəsaitdən əlavə dövlət büdcəsindən də pul ayrılıb. Ulu öndərin istəyilə filmin rejissor işi Həsən Seyidbəyliyə həvalə olunub.

H.Əliyev bu barədə deyib: “Azərbaycanda respublikanın rəhbəri işləyərkən kino sənətinin inkişafına böyük diqqət yetirirdim. O vaxt böyük şairimiz Nəsiminin 600 illiyini qeyd edirdik və onun haqqında film yaratmağı qərara almışdıq. Rejissor Həsən Seyidbəyli bu filmin yaranmasını öz üzərinə götürdü. Xatirimdədir, ssenari çox mürəkkəb, çox çətin idi. Çünki tarixi təhlil etmək, aydınlaşdırmaq lazım idi ki, nəyi göstərməli, nəyi göstərməməli…Mən hesab edirəm ki, tarixi baxımdan bu film Azərbaycan kino sənətinin əslində ilk fundamental filmi idi. Xatirimdədir, onda mən Həsən Seyidbəyli ilə görüşdüm, söhbət etdim və soruşdum ki, bəs Nəsimi rolunu kim ifa edəcək? O, dedi ki, bilirsinizmi, mən bir yaxşı, perspektivli cavan tapmışam. Mən onu sınaqdan çıxarmışam, baxmışam…Rasim Balayev, Nəsimi rolunu həqiqətən gözəl ifa etdi”.

“Babək” filmi -1979-cu il

Ənvər Məmmədxanlının ssenarisi, Eldar Quliyevin quruluşunda çəkilən “Babək” filmi 1979-cu ildə istehsalata buraxılıb. Onu da xüsusilə qeyd etmək lazımdır ki, Heydər Əliyevin ölkəyə rəhbərik etdiyi dövrdə yaranan tarixi filmlərin büdcəsi sovet dövründə çəkilən filmlərin büdcəsindən qat-qat artıq olub. Xalq qəhrəmanı Babəkə həsr edilən “Babək” filminin çəkilişləri üçün ümumittifaq büdcəsindən ayrılmış vəsaitdən əlavə indiki məzənnə ilə hesablansa 4-5 milyon dollar pul ayrılıb. Moskvanın maneələrinə baxmayaraq filmin çəkilişi üçün geniş şərait yaradılıb. Yeri  gəlmişkən, “Babək” filmi sovet kino tarixinin də ən bahalı filmləri sırasına daxil edilib. Təkcə Azərbaycanda deyil, Rusiyada, Gürcüstanda, Özbəkistanda 16 fabrik film üçün 1500 dəstdən artıq paltar hazırlayıb. Beş mindən artıq adam çəkilişlərdə iştirak edib.  Moskvadan “Mosfilm”in “Kavaler polku”ndan 170 atlı gətirilib. 60-a yaxın ölkə tərəfindən alınan film təkcə bir il ərzində 35 milyon tamaşaçı tərəfindən izlənilib.
Filmin çəkilişləri, Naxçıvanda, Ramana qalasında, “Azərbaycanfilm” kinostudiyasının pavilyonunda, Suraxanıdakı “Atəşgah” məbədində aparılıb. Tamaşaçılar tərəfindən həmişə maraqla izlənilən Bəzz qalası və həmin ərazidə gedən qanlı döyüşlərin səhnələri Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın və Ərəzin kənd­lərinə yaxın ərazilərdə, Dərəlik və Darıdağda lentə alınıb.

Maraqlı faaktlardan biri də odur ki, “Babək” filminin Naxçıvandakı çəkilişləri üzüm yığımı vaxtına təsadüf etdiyindən kütləvi səhnələrə yerli əhali də cəlb olunurdu. Üzüm yığımı ilə əlaqədar camaatı tam səfərbər edə bilmək mümkün olmurdu. Belə bir məqamda Azərbaycan KP Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev işə qarışır. O, Naxçıvan rəhbərliyinə tapşırıq verir ki, “Babək” filmi üçün lazım olan bütün şərait yaradılsın, hətta “eybi yox, Naxçıvan bu il üzümü az yığsa da olar” deməyi də unutmur.

“İstintaq” filmi – 1979-cu il

Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Rasim Ocaqovun çəkdiyi “İstintaq” filmində hadisələr 60-cı illəri əhatə edir. Filmin əsas mövzusunu Azərbaycanda o dövrdə fəaliyyət göstərən mafiya təşkil edir. Rüşvət, hədiyyə ilə polis orqanlarını ələ alma, təmiz isanları şərləmə və daha nələr filmdə açıq-aydın təsvir olunur. Belə bir filmin çəkilməsi öz dövrü üçün cəsarətli addım idi. Məhz buna görə sovet senzurası və Azərbaycanda kino sahəsinə rəhbərlik edənlər filmin ekranlara çıxmasına mane olurlar. “Sovet quruluşu hara, rüşvətxorluq, korrupsiya, mafiya hara” kimi fikirlər irəli sürərək filmdə əsaslı dəyişikliklər tələb edirlər. Ölkə rəhbəri H.Əliyev bu barədə eşidir və məsələyə qarışır. Çünki filmdə qabardılan məsələlər, onun hakimiyyətə gələrkən dərhal mübarizəyə başladığı cinayətlərdən idi. Bu baxımdan da belə filmlərin daha çox çəkilməli olduğunu deyir: “Kollektiv baxışdan sonra həmkarlarımın hamısı bu fikirdə oldu ki, guya film respublikamızı nüfuzdan salır, rüsvay edir. Halbuki bu film respublikamızda mənim gördüyüm işin – korrupsiyaya qarşı apardığım mübarizənin bədii təcəssümü idi. Sağ olsunlar ki, Rüstəm İbrahimbəyovla Rasim Ocaqov bu mövzuya girişmişdilər. Yeri gəlmişkən, mən o vaxt onlara dedim ki, bu mövzudan əl çəkməyin. Belə də etdilər. Film istehsalata buraxıldıqdan sonra əngəllər, qadağalar başladı. Belə olan halda mən də tədbirlər gördüm və “İstintaq” filmi böyük şöhrət qazandı…”

Kinorejissor Rasim Ocaqov qeyd edirdi ki, filmdə toy kadrının dəbdəbəli çəkilməsini Hedər Əliyev də məsləhət görmüşdü: “Mən də həmin hadisənin içində yaşadığım üçün bütün halların şahidi olmuşam. Yaxşı yadımdadır, Heydər Əliyevin qadağasına görə heç kim dəbdəbəli toy keçirmirdi, qohum-qardaşdan artıq adamı məclisinə dəvət edə bilmirdi. Bu baxımdan, biz də filmdə toy səhnəsini iki obrazın sözü ilə tənqid etdik”. Filmin bir neçə kadrı yenidən çəkildikdən sonra Moskva Bədii Şurasının ixtiyarına verilib, yenə də maneələr başlayıb. Heydər Əliyev “Biz filmi bəyənmişik” deməyilə məsələ həll olunub.

Neft mövzusunun kinoya gətirilməsi

Azərbaycan nefti, neftçilər haqqında yüzlərlə bədii, sənədli, elmi-kütləvi və cizgi filmləri çəkilib. Neftçilərin Böyük Vətən müharibəsi illərində faşizm üzərində Qələbənin qazanılmasında çəkdikləri böyük zəhmət, ön cəbhənin yanacaqla gecə-gündüz təmin olunmasında əsl qəhrəmanlıq göstərmələri “Bakının işıqları”, “Bizim Cəbiş müəllim”, “Bakıda küləklər əsir” bədii filmlərində öz əksini tapıb.

Ulu öndər bu barədə deyirdi ki, tariximizin bir çox mərhələlərini kinoda əks etdirmək, bu günümüz və gələcəyimiz üçün çox gərəkli bir işdir: “Dəfələrələ söhbət aparmışdım ki, İkinci Dünya Müharibəsi dövründə Azərbaycan neftçilərini kinoda göstərək. Təəssüflər olsun ki, bunu edə bilmədik. Amma güman edirəm ki, vaxt gələcək bunu edəcəyik. Bu il faşizm üzərində qələbənin 50 illiyini bütün dünya qeyd etdi. Bütün yubiley mərasimlərində -Londonda, Moskvada, Parisdə -iştirak etmək mənə nəsib oldu. Qələbənin 50 illiyini qeyd etməyə dünyanın, demək olar ki, bütün ölkələrinin başçıları toplaşmışdı. Mərasimdə olarkən, ordakı nitqləri, çıxışları dinləyərkən daim düşünürdüm və bunu təkcə biz yox, çoxları dəfələrlə qeyd edirlər ki, Azərbaycanın nefti olmasaydı, bəlkə də faşizm üzərində qələbə də mümkün olmazdı. Bu qələbədə Azərbaycanın böyük xidmətləri olub. Bu bizim tarixi nailiyyətimizdir. Ona görə də mən çalışırdım ki, bunu kinoda əks etdirək”.

1998-ci il 3 iyul

Heydər Əliyev milli kinonu inkişaf etdirmək, onun təbliğinə geniş meydan açmaq məqsədilə 1998-ci ilin 3 iyul tarixində “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununu imzaladı və bununla da milli kinomuz qarşısında konkret vəzifələr, kinematoqrafiyamız qarşısında çoxillik proqram qoydu. Son dövrlərdə dövlət sifarişi ilə çəkilən uğurlu filmlər də elə bu proqramın tərkib hissəsidir. Bir sözlə, ulu öndərin kinoda qoyduğu bünövrə sabaha olan inamdan xəbər verir. Bu da o deməkdir ki, Azərbaycan kinosu artıq inkişaf mərhələsinə qədəm qoyub.

Bu gün dünya şöhrətli siyasi xadim Heydər Əliyevin ad günündə onun sadəcə kino sahəsində gördüyü işlərin bir qismindən bəhs etdik və bununla da xalqın ürəyində əbədi ölməzliyə qovuşan ulu öndəri böyük sevgiylə yad etdik…

Rəşid RƏŞAD