Azərbaycan Kinematoqrafçılar İttifaqının CineDOC – Tbilisi Beynəlxalq Sənədli Filmlər Festivalı ilə “CineDOC – məktəbdə nümayiş” proqramını həyata keçirməkdə davam edir.
Birgə əməkdaşlıq çərçivəsində bu ilk film nümayişi baş tutub. Mayın 14-də Füzuli rayonu 4 saylı orta məktəbdə “CineDoc Məktəbdə” layihəsi çərçivəsində Katerina Karhankovanın “Buludların meyvələri” animasiya filmi nümayiş olunub. Nümayiş məktəbin ibtidai siniflər və VIII siniflər üçün baş tutub. Şagirdlər tərəfindən xüsusi maraqla qarşılanan filmin müzakirəsi də Azərbaycan Kinematoqrafçılar İttifaqının əməkdaşı Afaq Yusifli və məktəbin psixoloqu Ədibə Məmmədova tərəfindən təşkil edildi. Mayın 16-da isə 2 saylı internat məktəbində I-VIII siniflər üçün iki nümayiş həyata keçirilib.
Şagirdlərə rejissor, animator Firəngiz Qurbanovanın “Araqçın” və animator Sultan Abbasbəylinin “Tıq-tıqla möcüzələr axtarışında” animasiya filmləri nümayiş olunub. Hər iki animasiya şagirdlər tərəfindən böyük maraqla qarşılanıb. Onlar yerli animasiya filmləri haqqında müzakirələr aparıblar. Bu müzakirələr AKİ-nin əməkdaşları Ülviyyə Əhmədova və Tofiq Amatayev tərəfindən təşkil olunub.
Bu cür nümayişlərin əsas məqsədi, məktəbliləri digər ölkələrin mədəniyyəti və incəsənəti ilə tanış etmək, onlarda film zövqünü və müzakirə etikasını formalaşdırmaqdır. Bu işə məsul şəxslər AKİ-nin əməkdaşları Afaq Yusifli və Ülviyyə Əhmədovadır. İl ərzində davam edən proqramda Bakı ilə yanaşı, digər bölgələrdə də film nümayişləri nəzərdə tutulub.
aki.az