Azərbaycan Kinematoqrafçılar İttifaqının əməkdaşı, kinotənqidçi, ssenarist və rejissor İlqar Quliyev Qazaxıstanın Almatı şəhərində keçirilən 11-ci Bayqonur Beynəlxalq Kino Festivalında NETPAC bölməsinin münsiflər heyətinin üzvü qismində iştirak edib.
18-26 sentyabr tarixlərində baş tutan festivalda Almaniyadan, Qazaxıstandan, Gürcüstandan, Rusiyadan, Azərbaycandan, Özbəkistandan, Portuqaliyadan, Qırğızıstandan, Cənubi Koreyadan, Tacikistandan, Ermənistandan daxil olmuş filmlər yarışıb.

Sözügedən festivalın “Beynəlxalq filmlər” bölməsində yarışan “Erkən hisslər” qısametrajlı bədii filmi mükafata layiq görülüb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin (ARKA) dəstəyilə “Rental Azərbaycan” tərəfindən istehsal edilən, rejissoru Nurlan Həsənli olan “Erkən hisslər” filmi “Ən yaxşı film” mükafatını qazanıb. Dünya premyerasını “Krakov Beynəlxalq Film Festivalı”nda edən filmin prodüseri Emil Nəcəfov, ssenari müəllifi Nurlan Həsənli, operatoru Daniel Quliyev, bəstəkarı Kənan Rüstəmlidir.

