Hindistanın Əhmədabad şəhərində keçirilən VII Alpavirama Beynəlxalq Gənc Film Festivalı başa çatıb.
Artıq 14 ildir ki, keçirilən festivalda ilk dəfə Azərbaycan Kinematoqrafçılar İttifaqı “Xüsusi nümayiş proqramı” ilə iştirak edib. Seçilmiş filmlər AKI-nin Kino Məktəbinin və AKİ-nin dəstəyilə çəkilmiş ikisi sənədli, ikisi bədii olmaqla dörd filmdən ibarət olub. Aynur Kazımovanın “Unudulmuş arzular”, Ülviyyə Əhmədovanın “Mən uşaq olmuşam” qısametrajlı sənədli filmləri, Türkan Hüseynin “Sonuncu foto” və Ruslan Mollayevin “Sınaq” qısametrajlı bədii filmləri 17 oktyabr 2024-cü ildə nümayiş etdirilib. Auditoriyanın marağına səbəb olan filmlərlə bağlı ünvanlanan əsas suallardan biri “Azərbaycan kinosunun kino dilinin özəllikləri” barəsində oldu.
Festivalın açılışında məlumat nitqi ilə çıxış edən festivalın direktoru cənab Hiteş Çaurasia bildirdi ki, “Alpavirama” (ingilis dilində vergül) 2011-ci ildən bəri Milli Dizayn İnstitutu, Əhmədabadın Film və Videokommunikasiya fakültəsi tərəfindən iki ildənbir təşkil olunur. Festival Cənubi Asiya film festivalı kimi başlamış və tədricən beynəlxalq tədbirə çevrilmişdir. Bir həftə davam edən festival yaşı 30-dan az olan gənc kinorejissorların işini təntənə ilə qeyd edir və bu baxımdan Hindistanın spesifik film festivalına çevrilir. Festivalın üç əsas müsabiqəsi “F 30/30” – yaşı 30-dan az olan rejissorların metrajı 30 dəqiqəyə qədər olan filmləri; Audiofil – təhkiyə və eksperimental kateqoriyalarda səsli əsərlər və CineBazaar – gənc kinorejissorlar üçün tanıtım və market məkanını əhatə edir.
Bu il festivalın mövzusu bütün dünya üzrə gənc kinorejissorların obyektivindən reallığın portreti olaraq “Əks olunan reallıqlar” olub. Direktorun açılış nitqindəki “Festival xüsusilə gənc rejissorlara dəstək verməyi qarşısına məqsəd qoyub. Bu baxımdan sırf gənclərə fokuslanan CineBazaar kimi layihələrin genişlənməsində çox maraqlıdır” fikirləri qonaqların alqışı ilə qarşılanıb. Festivalın builki dəstəkçiləri arasında Gucarat ştatı turizm rəhbərliyi, Fransız İnstitutu, Adobe və digərləri yer almışdır.
Açılışın xüsusi şamını işıqlandırmaq üçün bütün yerli və beynəlxalq qonaqlar, Afaq Yusifli və Ruslan Mollayev də daxil olmaqla səhnəyə dəvət olunmuş və onlar digər qonaqlarla birlikdə festivalın xüsusi hədiyyələri ilə təltif olunmuşlar. Xalq musiqi ifaçıları qrupu Şri Mooralala Marvada rəhbərliyi ilə açılış və klassik katak rəqsi və musiqi ifası ilə açılış və bağlanış konsertləri təşkil olundu.
Festival ərzində məşhur hind operatoru Navroze Kontraktorun şərəfinə onun işlərindən ibarət “Necə görmək” adlı sərgi, Sanciv Şahın 1992-ci ildə çəkilmiş “Malyariya dövründə sevgi”, Dibakar Banerjiinin hələ kinoteatrlarda nümayiş olunmamış yeni tammetrajlı bədii filmi “Tees” və Maniş Saininin “Leş yeyən” qısametrajlı bədii filmləri zalın xüsusi alqışları ilə qarşılandı.
Festivala 25-dən çox ölkədən 400-dən artıq beynəlxalq müsabiqələrdə iştirak etmiş filmlər daxil olub. Hindistan filmləri ilə yanaşı, müsabiqə bölməsinə Kanada, Fransa, Yunanıstan, İsveçrə, Myanmar, Almaniya, Böyük Britaniya, ABŞ və digər ölkələrin filmləri daxil edilib. Sau-Paolo Universiteti, Braziliya, La Femis Paris, Klermon-Ferran Beynəlxalq Qısametrajlı Film Festivalı Fransa, Azərbaycan Kinematoqrafçılar İttifaqı – Azərbaycan və NID Film və Videokommunikasiya məzunları/tələbələri, o cümlədən, Milli Dizayn İnstitutu, “Çinə baxış” adlı müsabiqədənkənar filmlərin xüsusi seçilmiş nümayiş proqramı da festivalın proqramını daha da zənginləşdirib.
Bu il yüzə yaxın gənc rejissorun işi müxtəlif müsabiqələrə qəbul edilmişdir. Festivalda rejissorlar, prodüserlər, yaradıcı rəhbərlər və festival təşkilatçıları da daxil olmaqla peşəkar kino mütəxəssisləri iştirak etmişdir. “F 30/30” mükafatının bədii filmlər bölməsində münsiflər heyəti Dibakar Banerji, Umeş Kolkarni, Selin Lup, sənədli film bölməsində isə Roger Gonin, Sucata Verman Kulşresta və Haobam Paban Kumar, audiofil bölməsinə Dr. Endryu Balletti, Niraj Gera və Ruchi Bakshi Sharma daxil olmuşdur.
Puşpendra Mişra, 32 gənc kinorejissorun layihələrinin maliyyə meydançası üçün koordinatoru olarkən, Corc K. Entori, Aditi Banerji, Suruchi Sharma, Akkta Panvar və Upmanyu Bhattacharya CineBazaar inkişaf proqramının təlimçiləri olaraq iştirak etmişlər. Ekspertlər panelində isə Nina Lath Gupta, Rajiv Rajaram, Mrinalini Khana, Sanjay Gulati, Leena Khobragade, Geeta Gerardo Vij, Prateek Sethi, Neha Jain, Anne Doshi, Harş Agarval, Afaq Yusifli, Aditya Grover və Avinash Medhe dəvət olnuublar. Ekspertlər paneli bütün pitçinqləri dinləyərək ən perspektivli layihələri seçmiş və gənc kinorejissorlar üçün imkanlar mövzusunda panel müzakirəsində iştirak etmişlər.
aki.az