Kinematoqraf Terra inkoqnita
Gənclərin ümidlərini qanadlandırır – janrın klassikası, yeni yüzilliyin son iyirmi beş ili ərzində Azərbaycan kinosu ətrafında yaranmış səciyyəvi ab-hava. Yenilənmiş Azərbaycan Kinematoqrafçılar İttifaqı hüquqi “upgrade”lər silsiləsindən sonra, kinomanlara Azərbaycanın kinematoqrafik gəncliyinin çəkdiyi dörd qısametrajlı filmini təqdim etdi.
Gənc Azərbaycan kinosunun bazarının anonsu “Yeni nəsil, yeni nəfəs, yeni nəzər” sloqanı ilə müşayiət olundu. Maarifləndirmə kimi mühüm və vacib missiyaya (aşkar oldu ki, bu missiya tamamilə yerinə yetiriləndir) Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi Əli İsa Cabbarov rəhbərlik edir. Onun təşəbbüsü ilə milli kinonu təbliğ edən, dünya kinosunun klassikası ilə tanışlıq imkanı yaradan, həmçinin, festival trendlərindəki yeniliklərdən bəhs edən kinojurnallar, informasiya resursları yaradılıb.
Təqdimat üçün “Nizami” Kino Mərkəzinin məkanı seçilmişdi. Gəlin açıq danışaq, son on ildə bu mərkəz ilk növbədə çoxlu sayda texniki və xüsusən də kadr problemləri səbəbindən son dərəcə xoşagəlməz təəssürat doğururdu. Amma əsas problem tamaşaçı yoxluğundan ibarət idi və axşam saatlarında paytaxtın mərkəzi kinoteatrlarından biri qapılarını bağlayıb qaranlıq ümidsizliyə qərq olurdu.
Bununla belə, son dövrlərdə bu məşum qaranlıqda kinoproyektorun ümid qığılcımı parlamağa başladı – daha dəqiq desək, işgüzar kinematoqrafçı Əli-Səttar Quliyevin direktor vəzifəsinə təyin edilməsi və Kinematoqrafçılar İttifaqının yenilikçi təşəbbüsünə dayaq olması. Qeyd edək ki, prodüser və rejissor Əli-Səttar Quliyev artıq bir neçə ildir ki milli kino sahəsində yorulmadan çalışır.
Filmlərin nümayişini müasir dövrümüzün təcrübəli rejissorlarından biri olan Novruz Hikmət açdı. O, artıq 15 ildir ki Ukraynanın kino həyatı ilə qaynayıb-qarışıb, konkret desək, Nəriman Əliyevlə əməkdaşlıqdadır. Novruz Hikmətin “Burada hələlik sakitlikdir” filmi gənc cütlüyün məhəbbət əhvalatının xəfif anlarını interyerin əks-işıqlandırılmasının yaratdığı siluetlərdə və erkən payız yarpaqlarının xışıltısı fonunda kadrarxası səsləri özündə ehtiva edən poetik dramdır – bu qeyri-adi ekran işinin qısa kvint-essensiyasını belə ifadə etmək olar. Eliyar İşmuxamedovun filmlərinin təəssüratını ötürdü. Əmin-amanlıq finalla deyil, partlayışın bircə pıqqıltısı ilə darmadağın olur – sanki kardioqramın sinusoidi qırılır. Kosmopolit filmdir – etüd Rusiya-Ukrayna müharibəsinin lap əvvəlində (2014-(15)-ci illər) yaradılıb və özünəməxsus şəkildə gələcək böyük hərbin Şər sədasının carçısı kimi xarakterizə edilə bilər.
Azər Quliyevin “İkinci planetin qırmızı rəngi” və Teymur Qəmbərovun “İki gün” filmləri 44 günlük Vətən müharibəsinə həsr edilib və Mədəniyyət Nazirliyinin “Böyük qayıdış” müsabiqəsi çərçivəsində ərsəyə gəlib. Layihəyə nazirliyin kino şəbəsinin əvvəlki uğursuz rəhbəri Rüfət Həsənovun vaxtında başlanılmışdı və… Bununla belə, mövcud yaradıcı şəraitin qaçılmaz rəsmiliyinə və mütləq senzurasına rəğmən bu işlər çəkiliş komandasının yaradıcı təxəyyülünü maksimal dərəcədə əks etdirmiş oldu – əlbəttə ki, azad düşüncənin yolverilən hədləri daxilində.
Birinci filmdə qəhrəman – naməlum əsgər qırmızı fotosintezin yerindən oynamış reallığında öz həyatını yaşayır, affekt vəziyyətində düşmənin canlı sədlərini yarır. Bu anda birmənalı şəkildə qalib marslılarla vəhdət duyğusu bizi çulğayır, başqa sözlə, mahiyyət etibarilə, Pol Verxovenin “Kosmik desant”ı kimi.
İkinci filmdə ailə başçısı – atanın cəbhədə itkin düşməsi xəbərini almış ana ilə qızın iki günlük həyatını görürük. Məncə, ilk dəfə faciəvi (və bu təbiidir) və eyni zamanda parlaq şəkildə milli teatrlarımızın formal aktrisalarının tandemini deyil, Təranə Vəliyeva ilə Mələk Bayramlının kifayət qədər təbii oynadıqları feminist duetini gördük… Filmin əsas əks-sədasını qəhrəmanların rəqs meydançasında, gülüş və göz yaşları arxasında ritmik ekstaz halına düşərək sanki fərqli ölçülü məkana getməsi təşkil edir.
Bədii kinoda hərbi və pasifist film sərhədi dəqiq müəyyənləşməyib. Təxminən “documentary-mockumentary”də olduğu kimi. Yekundakı “Uzaq” qısametrajlı filmi Əli İsa Cabbarovun kuratorluğu ilə baş tutan nümayişin anti-hərb kontekstinin bonusu kimi yadda qaldı. İki qardaşın hər biri özünün həyatın kənarına atılmış həyatlarını sürürlər. Qeyri-normativ leksika ilə bol olan dialoqlardan bəlli olur ki, onların ikisi də “qaqaş məclisi”ni cəbhəyə getməklə əvəzləsəydi, kontuziya alsa belə, bu onların həyatda öz yerlərini tapmasına daha müsbət təsir göstərərdi, nəinki böyük şəhərin ritmləri altında batıb-qalmaq. Bəzi epizodlar Teymur Hacıyevin interpretasiyasında “Bakı-Şanxayı”nın arxa küçələrinin reinkarnasiyası təəssüratını doğururdu.
Azərbaycan kinosunun növbəti yeni dalğası (sətirlərin müəllifi, əksini təsəvvür etmək istəməyən optimistdir!) Avropanın Şərq əyalətlərində, Asiya həyat tərzi ilə həmsərhəddə, sosiumun sərt məişət və mənəvi reallığında daha bir festival formatıdır. Belə kino məhsulunun Avropa tamaşaçısı tərəfindən birmənalı şəkildə qəbulunun əyani nümunəsi 2000-ci illərə aid yeni rumın kino-dalğasıdır. Bu format üçün vizual tərki-dünyalıq səciyyəvidir: uzun-uzadı planlar, az hərəkətli ekspozisiya. Əksər hallarda mövzu olaraq müasir dövrün sosial problemləri götürürülür – daha çox feminizm. Bütün bunlar güclü olmasa da, kifayət qədər parlaq şəkildə sərt rumın sosial realizminin müəllif-rejissorları olan Kristi Püyunun, Korneliu Porumboyunun və Kristian Munciunun məşhur filmlərində öz əksini tapıb.
Əlbəttə, nə qədər çox istəsək də, yuxarıda bəhs etdiyimiz qısametrajlı filmləri tam mənada müəllif kinosunun yaradıcı təzahürü kimi qəbul edə bilmərik. Lakin gəlin unutmayaq ki, yeni yüzillik-minillikdə Azərbaycan dünyanın kino xəritəsində hələ də debütant qismindədir, amma hər halda bu debütant vaxtaşırı nüfuzlu kinofestivalların rəsmi müsabiqə proqramlarına və hətta “A” kateqoriyalı festivalların əsas müsabiqələrinə də gedib çıxa bilir.
Bununla belə, Azərkinonun kinematoqrafçıları kinofestivalların seçim komissiyalarının nəzərində coğrafi “Terra incognitа” olaraq qalmaqdadırlar. Hələ ki…
Ülvi Mehdi / mətni tərcümə etdi: Samirə Behbudqızı