Dekabrın 3-də “Azərbaycan” CinemaPlus-da Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə “Dörd qəhrəman Cənnət sorağında” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan moderator Sevda Sultanova əvvəlcə, nümayiş olunacaq filmlər haqda qısa məlumat verdi:
“Bu gün Oleq Səfərəliyevin “Murad-Sad”, Davud İmanovun “Afroditanın qolları”, Ramiz Əzizbəylinin “Pirverdinin xoruzu”, Rauf Nağıyevin “Foto”Fantaziya” filmləri göstəriləcək. Bu filmlərin hamısının mövzusu eynidir. Sənətkar və cəmiyyət arasında münasibətlər, yaradıcı insanın ətraf mühitlə konflikti, şəxsiyyət böhranı bu ekran işlərinin əsas motivləridir. Bu indi də dünyada aktuallığını itirməyən məsələlərdir və nümayiş olunacaq filmlərdə müəlliflər mövzuya yaradıcı yanaşıblar. Qeyd edim ki, üç film 1980-ci illərin sonunda, yenidənqurma dalğasında çəkilib. Yalnız bir film “Foto “Fantaziya” 1970-ci ildə ekranlaşdırılıb”.
Nümayişdən sonra yaradıcı heyətlə müzakirə oldu. “Pirverdinin xoruzu” filminin ssenaristi Eldəniz Quliyev öncə, tədbirə görə AKİ-yə təşəkkür etdi: “Bu film 1987-ci ildə çəkilib. O vaxt hamımız cavan idik. Biz işıq gətirmək istəyirdik. Bu filmlərin dördündə də çox təəssüf ki, mübarizədə eybəcərlik qalib gəlir. Amma mənim aləmimdə gözəllik əbədi, eybəcərlik müvəqqətidir. Çünki zülmət, bir şam işığına uduzur. Çünki böyük zülməti bir şam işıqlandıra bilir. Zülmət isə şam işığını boğa bilmir. Və bu filmlərdə şam işığı vardı. Əsas da Oleqin filmində. Biz o işıqdan yapışıb, kinomuzda başqa estetika yaratmaq istərdik. “Debüt” studiyasını yaradanda orada baş redaktor idim, Eldəniz Quliyev isə rəhbər. Burada göstərilən iki film “Debüt”də çəkilib, birində ssenaristəm, digərində isə redaktor. Biz bu studiyada fərqli kino yaratmaq istəyirdik. Buna mane olurdular, görünməyən senzuralar vardı. Çox rejissorlar oradan çıxıb”.
Moderatorun, “ssenarinin bu cür həlli sizi qane edirdimi?” sualına Eldəniz Quliyev belə cavab verdi:
“Ssenarist həmişə fikirləşir ki, mən çəksəydim, daha yaxşı çəkərdim. Tarix göstərdi ki, ssenaristlər rejissorluğa gələndə, çox zaman heç nə edə bilməyiblər. Biz bu filmləri çəkəndə Azərbaycan kinosu hələ həyata bənzər kino estetikasına yiyələnməmişdi. Bizim səhvimiz onda idi ki, – özümü nəzərdə tuturam – biz həyata bənzər yox, sənətə bənzər kino estetikasına üstünlük verirdik. Kinoda o mərhələni boş qoyduq. Sonradan Rasim Ocaqov öz filmlərində çalışırdı ki, həyata bənzəsin kino. Həyat həqiqətləri və bədii həqiqətlər ayrı-ayrı şeylərdir”.
“Afroditanın qolları” filminin rejissoru haqda məlumat verən moderator bildirdi ki, ki, Davud İmanov rejissorluqdan savayı jurnalistika fəaliyyəti ilə məşğul olurdu: “O, uzun müddət “MİR” Teleradio Şirkətinin Azərbaycan bölməsinə rəhbərlik edib. D.İmanovun 1990-cı ildə eyni mövzuda çəkdiyi “Zirzəmi” adlı tammetrajlı bədii filmi var. Orada da qəhrəman heykəltaraşdır və reallıq onu məcbur edir ki, sənətindən kənar işlərlə məşğul olsun”.
Daha sonra Oleq Səfərəliyev fikirlərini bölüşdü: “Bu gün mənim üçün kədərli gün oldu. Çünki
ekranda dünyasını dəyişmiş onlarla dost və həmkarlarımı gördüm. Nə yaxşı ki, filmlərdə bu gözəl insanları çəkmişik. Bu axşamın ən böyük təəssüratı o idi. “Murad-Sad” filminə gəlincə, bu, etiraz ruhlu filmdir”.
Moderator bildirdi ki, “Murad-Sad” filminin əsasını təşkil edən xətlərdən biri, qəhrəmanın qurmaq istədiyi tamaşadır: “Marat Sad” pyesi alman dramaturqu Peter Vaysındır və bu əsər çox dilə tərcümə olunaraq, müxtəlif ölkələrdə tamaşaya qoyulub. Sovet İttifaqında və Şərqi Avropa ölkələrində də oynanılıb. Lakin 1968-ci ildə Varşava Müqaviləsi Təşkilatı qoşunları Çexoslovakiyaya girəndən sonra Vays buna etiraz etmişdi. Buna görə onun əsəri repertuardan çıxarıldı. Filmin operatoru Bağır Rəfiyev isə “Lətifə”, “Təxribat”, “Çalışan adam” filmlərinin operatoru olub. Və 1988-ci il Meydan Hərəkatını çəkən operatorlardan biri idi”.
Daha sonra “Murad-Sad”da baş qəhrəmanı oynayan Əyyub Qiyas xatirələrini bölüşdü:
“Mənim gözümün qabağında tələbəlik dövrüm və “Azərbaycanfilm” kinostudiyasının qaynayan vaxtları canlandı. Azərbaycan Sovet kinosunun son nəfəsini verdiyi dönəm idi. Xoşbəxtəm ki, iki filmə çəkildim o dövrdə. Bu film həyata yanaşmamı dəyişdi. Filmdə dalaşma səhnəsi vardı. Fəhlələrə tapşırılmışdı ki, torpağı şüşələrdən təmizləsinlər. Orada son zərbəni vuranda, tiyanın arxasına düşdüm, həmin yeri montajda kəsiblər. Üzü üstə uzandığım yerdə 10-15 saniyə qalmalı idim. Orada nəfəs kəsən qoxu vardı. Qışqırdım ki, dözə bilmirəm. Sonra baxdım ki, ölmüş sicovulun üstünə düşmüşəm. Xatirələr çoxdur. Bir daha hər kəsə təşəkkür edirəm”.
“Murad-Sad” filmində oynayan digər aktyor, Xalq artisti Məbud Məhərrəmov dedi ki, istedadlı insanları qorumaq lazımdır: “Mənə elə gəlir ki, təkcə qorumaq yox, həm də yaradıcı adamlar üçün şərait yaratmaq lazımdır. Bu gün biz varıq, sabah isə yoxuq. Vaxt gedir, bu sənətkarlar gedir. Kinonu, peşəsini bilən adamlara öz potensialını göstərməyə imkan vermək lazımdır. Filmdə iştirak edənlərin çoxu həyatda yoxdur və bu kədərlidir. Bu bizim kinoda sıçrayış idi və o, təəssüf ki, dalğaya çevrilmədi. Hər halda, kədərli olsa da xoş idi”.
Daha sonra kinotənqidçi Aygün Aslanlı söz aldı: “Murad-Sad filminə iki-üç il əvvəl baxmışdım və onda çox heyrətlənmişdim. Çox maraqlı qısa filmlərimiz var. Ən çox təsir edən “Foto “Fantaziya” oldu, həm çəkildiyi ilə, həm də cəsarətinə görə. Digər üç filmdəki qadın mövzusuna toxunmayacağam, çəkildiyi dövrlərinə görə. “Pirverdinin xoruzu”unda müəllifin qaldırdığı problem başqadır. Amma burada müəllfilər nəyə görəsə qadını günahkar çıxarırlar”.
“Foto “Fantaziya” filminin müəllifləri haqda məlumat verən moderator dedi: “Bu film operator Şərif Şərifovun diplom işidir. O, ”Qatır Məmməd”, “Qərib cinlər diyarında”, “Şir evdən getdi” filmlərində çalışıb. Rejissor Rauf Nağıyev isə, əsasən, sənədli filmlər çəkib. Onun Sumqayıtın ekoloji problemlərindən bəhs edən “Ölü zona” sənədli filmi 1991-ci ildə Dövlət Mükafatına layiq görülüb.
Film Yusif Səmədoğlunun eyniadlı hekayəsi əsasında çəkilib. Bəzi redaktələr istisna olmaqla, demək olar ki, hekayə, olduğu kimi adaptasiya olunub”.
aki.az