“Aranfilm” yeni sənədli filmin çəkilişlərinə başlayıb

“Aranfilm” Yaradıcılıq Mərkəzi növbəti sənədli filmin çəkilişlərinə start verib.

Azərbaycanın ilk təyyarə bələdçisi Zemfira Əliyevaya həsr olunan film onun  maraqlı həyat və fəaliyyəti haqqında geniş məlumatlar əsasında çəkiləcək.

Yeri gəlmişkən, Zemfira Əliyeva 1970-ci illərdən iş fəaliyyətinə başlayan, bir çox siyasi xadimlərin səfərlərində onları müşayiət edən stüardessalardan biri olub. O, ilk azərbaycanlı təyyarə bələdçisi olmaqla yanaşı, eyni zamanda Azərbaycan dilində elan mətni tərcümə edib səsləndirən şəxs kimi də tarixə düşüb. Ömrünün gənc illərini bələdçi kimi çalışan Zemfira xanım, sonralar hava limanında müxtəlif vəzifələrdə çalışıb.

“Aranfilm” Yaradıcılıq Mərkəzinin məlumatına görə, sənədli filmdə stüardessanın keçdiyi ömür yoluna nəzər salınacaq və tamaşaçı auditoriyasına daha ətraflı məlumat veriləcək. Bundan başqa, filmin çəkilişlərində qəhrəmanın qızı, Musiqili teatrın aktrisası Ülviyyə Əliyeva da iştirak edir. Aktrisanın anası haqqında fikirləri də tamaşaçı üçün maraqlı olacaq. Artıq filmin çəkilişləri tamamlanmaq üzrədir.

Filmin ssenari müəllifi və rejissoru Babək Abbaszadə, operatoru Rafiq Əliyev, direktoru Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

Aki.az