Azərbaycan Kinematoqrafçılar İttifaqının “Bölgələrdə kino günləri” layihəsi yeni mövsümə Lənkəran şəhərində start verdi.
Noyabrın 3-də Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində aktrisa Günəş Mehdizadənin təqdimatı ilə başlayan və dörd gün davam edən “Lənkəranda kino günləri”ndə yerli kinosevərlər altı tammetrajlı, beş qısametrajlı filmə baxmaq imkanı qazandılar. Tədbirin qonaqları arasında rejissor Mirsadıq Ağazadə, tanınmış aktyorlar İlqar Cahangir, Rasim Cəfər, Arif Kərimov, “Kinomexanikin qayıdışı” filminin qəhrəmanları – Səmid Xəlilov, Ayaz Xalıqov da vardı.
Müasir Azərbaycan kinosunu təmsil edən bu filmlər –Mirsadıq Ağazadənin “Eviniz abad”, Qulu Əsgərovun “Mən burdayam, ilahi!”, İlqar Nəcəfin “Suğra və oğulları”, Elvin Adıgözəlin “Biləsuvar” tammetrajlı bədii, Pərviz Həsənovun “Başlıbel: Mühasirə gündəliyi”, Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” tammetrajlı sənədli filmləri, Teymur Qəmbərovun “Quxuroba”, Orxan Ağazadənin “Oturacaqlar”, Elvin Adıgözəlin “Rəna xanımın çəkilişi”, Qulu Əsgərovun “Hasar”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu” qısametrajlı bədii filmləri lənkəranlı tamaşaçılar tərəfindən böyük maraq və diqqətlə qarşılandı. Ənənəvi olaraq, nümayişlərdən sonra keçirilən müzakirələrdə fəal iştirak edən tamaşaçılar baxdıqları filmlərlə bağlı təəssüratlarını bölüşüb yaradıcı heyətə suallar ünvanladılar, belə maraqlı və əhəmiyyətli layihəni həyata keçirdiyinə görə, başda AKİ sədri Xalq artisti Rasim Balayev olmaqla, Azərbaycan Kinematoqrafçılar İttifaqına minnətdarlıqlarını bildirdilər.
Xatırladaq ki, film nümayişləri Lənkəran Şəhəri Heydər Əliyev Mərkəzi və Lənkəran Dövlət Universitetində baş tutub.
aki.az

