AKİ Kino Məktəbinin tələbəsi beynəlxalq festivalın qalibi oldu

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin tələbəsi, gənc rejissor Afaq Yusiflinin layihəsi CineDocTbilisi film festivalı çərçivəsində Qafqazın Yeni İstedadları layihə müsabiqəsinin qalibi olub.

Cinedoc-Tbilisi Cənubi Qafqazda sənədli filmlərə həsr olunmuş ilk beynəlxalq festivaldır.

A.Yusifli layihəsi barədə danışarkən, mövcud vəziyyətə görə hələlik film festivalının keçirilməsinin bir müddətlik təxirə salındığını qeyd edib: “Layihə və təəssüratlara gəlincə, yüksək səviyyədə təşkilatçılıq və mentorların sənədli film sahəsində öz sözlərini demiş insanlar olması, juri heyyətinin təcrübəsi və panel üzvlərinin dünyanın fərqli-fərqli festivallarının məsul şəxsləri olması bu tədbiri doğurdan da çox peşəkarcasına yanaşılmış bir layihə edirdi”.

Rejissor qeyd edir ki, gənc bir rejissor olaraq o qədər sayda peşəkar insan qarşısında öz şəxsi hekayəli sənədli filmimi təqdim etmək əsl şans idi və əlindən gələnin ən yaxşısını edə bilmək üçün layihəyə çox məsuliyyətlə yanaşıb ki, bu da sadəcə qalibiyyət üçün yox, eyni zamanda yuxarıda kimliklərini qeyd etdiyi insanlar qaşısında daha yaxşı çıxış edə bilmək üçün idi.
Yeri gəlmişkən, “Nəvə” adlandırılan sənədli filmin əsas qəhrəmanları rejissorun özü və yaşlı nənə və babasıdır. Mövzuya əsasən, nənə və babası ilə yaşayan, artıq bir-birinə qəribə bir mənəvi bağlarla bağlanan ailə tablosunda, günlərin birində  nəvənin aldığı qərar konfliktə səbəb olur. Qayğıya ehtiyacları olan, meyillərini nəvəyə salan yaşlı insanlarla, karyeraya uğrunda mübarizə aparmaq arasında qalan nəvənin hansı qərarı verəcəyi və bu qərarın 3 nəfərə necə təsir edəcəyi filmin əsas mövzsunu təşkil edir.

Rejissor onu da qeyd edir ki, film material olaraq hələ tam hazır deyil,  çünki yaşanılacaq hələ çox yaşantılar var və kamera bunları necə var eləcə qeydə almalıdır.

aki.az