“Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən yeni filmlərin çəkilişinə start verilir
“Salnamə” studiyası “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən yeni filmlərin çəkilişinə başlayacaq. Çəkiliş proosesi 7 sentyabdan sonra gerçəkləşdiriləcək.
İlkin mərhələdə Milli Qəhrəman Cəlil Səfərovun həyatı ekrana gətiriləcək. Rejissoru Elnaz Əbluc olan filmin çəkilişləri Sumqayıt və Bakı şəhərlərində lentə alınacaq.
Milli Qəhrəman Rafiq Alıcanova həsr edilən film Ağstafa, Qazax və Füzuli rayonlarında lentə alınacaq, rejissoru Kəmalə Musazadədir.
Kamran Qasımovun quruluşunda Milli Qəhrəman Çingiz Qurbanova həsr edilən film Bakıda və Qusarda lentə alınacaq.
Bundan başqa, rejissor Namiq Ağayev Milli Qəhrəman Maşallah Abdullayev haqqında sənədli filmi Goranboy rayonunda, rejissorlar Elşən Zeynallı (Milli Qəhrəman Fərhad Hümbətova həsr olunan film) və Yavər Rzayev (Milli Qəhrəman Hikmət Muradov haqqında film) isə çəkilişləri Bakıda aparacaqlar.
Azərtac-ın məlumatına görə, “Salnamə” studiyasının qısametrajlı, sənədli–silsilə filmlər seriyasından olan ekran əsərlərinin istehsalı ilə bağlı bu il üçün 10 film nəzərdə tutulub. Bir müddət pandemiya səbəbindən filmlərin çəkilişləri təxirə salınsa da sonradan çəkilişlər yenidən başladı. Bu baxımdan da hələ ki, 7 filmin istehsalı həyata keçiriləcək və ilin sonuna kimi planda olan digər 3 filmin çəkilişləri də reallaşacaq. Çəkiliş meydançasında sanitar-epidemioloji tələblərə əməl olunması, kütləvi çəkilişlərə yol verilməməsi və bütün qaydalara nəzarət olunması da studiyanın diqqətdə saxladığı önəmli məqamlardan biridir.
Xatırladaq ki, indiyə qədər Milli Qəhrəmanlar haqqında “Salnamə” və “Yaddaş” studiyalarında dövlət sifarişi ilə çoxsaylı filmlər çəkilib. Həmin filmlərdə Milli Qəhrəmanların keçdiyi şərəfli döyüş yolundan bəhs edən kadrlar, döyüşçü dostları və yaxınlarının fikirləri yer alıb.
aki.az