“Leyli və Məcnun” filmi /Lətif Səfərovun 100 illiyi/ rubrikasında

Görkəmli rejissorumuz Lətif Səfərovun 100 illiyi münasibətilə hazırladığımız məqalələr silsiləsində bu dəfə rejissorun 1961-ci ildə quruluş verdiyi “Leyli və Məcnun” filminin tarixinə səyahət edəcəyik.

Məhəmməd Füzulinin eyniadlı əsərinin motivləri əsasında çəkilən, Nizami Gəncəvinin eyniadlı poemasından Zeyd ilə Zeynəbin sevgi motivindən də istifadə edilərək lenə alınan “Leyli və Məcnun” filmi Azərbaycan kinosunda öz yeri olan sənət nümunələrindən biridir.

L.Səfərov, tammetrajlı bədi film kimi sayca üçüncü olan “Leyli və Məcnun” filminə dövrün tanınmış, kinoda öz sözünü demiş aktyorlarını, hətta sevgi dastanındakı qəhrəmanların üz cizgilərinə bənzər üz ifadəsi olan aktyorları cəlb edib. Öncə filmin yaradıcı heyəti ilə tanış olaq:

Filmin yaradıcı heyəti: Ssenari müəllifi-Ənvər Məmmədxanlı, quruluşçu rejissor-Lətif Səfərov, operator-Arif Hərimanbəyov, rəssam-Cəbrayıl Əzimov, bəstəkar-Qara Qarayev, quraşdırma çəkilişlərin operatoru-Mirzə Mustafayev, Leonid Koretski, rəssamı-Mirzə Rəfiyev, geyim rəssamı-Cəbrayıl Əzimov, Bədurə Əfqanlı, səs operatoru-Ağahüseyn Kərimov, II rejissor-Rəşid Atamalıbəyov, Məmməd Əlili.

Rollarda iştirak edirlər: Nodar Şaşıqoğlu (Məcnun), Kima Məmmədova (Leyli), Gündüz Abbasov (Zeyd), R.Tağıyev (Nofəl), Q.Tonunts (İbn Səlam), Əli Zeynalov (Leylinin atası Şeyx Həşimi), Ələsgər Ələkbərov (Məcnunun atası şeyx Əmir), Firəngiz Qurbanova (Zeynəb), Nəcibə Məlikova (Leylinin anası Səlimə), Ağasadıq Gəraybəyli (İbn Xalid), Adil İsgəndərov (tacir), Məmmədrza Şeyxzamanov (dərviş), Arif Mədətov (silahsatan), Lütfi Məmmədbəyov, Müxlis Cənizadə (qullar), Cabbar Əliyev, İ.Muxtarov və Məlik Dadaşov.

“LEYLİ VƏ MƏCNUN” FİLMİ ORİJİNAL ƏSƏR ÜZƏRİNDƏ QURULUB

“Leyli və Məcnun” mövzusunda bir çox ölməz dastanlar yaradıldığı məlumdur. Əfsanəni ilk dəfə qələmə alan Nizami Gəncəvi olub. Ondan sonra və təbii ki, onun yazdığı əsərin təsiri altında hind şairi Xosrov Dəhləvi, özbək şairi Əlişir Nəvai, tacik şairi Əbdürrəhman Cami, İran şairi Şirazi və nəhayət, Məhəmməd Füzuli həmin mövzunu nəzmə çəkmişlər. O da təsadüfi deyil ki, bəstəkar Yzeyir Hacıbəyov da bütün Şərq aləmində ilk opera əsərini Füzulinin “Leyla və Məcnun” dastanı əsasında bəstələyib. Sonralar həmin mövzuda balet və digər musiqi əsərləri də yazılıb.

Qeyd edək ki, 1955-1960-cı illərdə ərəb ölkələrində “Leyli və Məcnun” faciəsi mövzusunda bir neçə film çəkilib. Ərəb ölkələrinin müraciətindən sonra “Azərbaycanfilm” kinostudiyasının belə bir əsərə müraciət etməsi yaradıcılarımızdan cəsarət tələb edirdi. Bu barədə kinostudiyada söhbət getmiş və studiyanın rəhbərliyi ilə birgə Ənvər Məmmədxanlı eyni mövzuda film yaratmaq fikrini qarşılarına məqsəd qoyur. Ə.Məmmədxanlı iş prosesi zamanı klassik irsə müasir nöqteyi-nəzərdən yanaşaraq mövzunu yenidən işləmiş, məlum dastanlardan və filmlərdən tamamilə fərqli bir ssenari yaratmağa nail olmuşdur. Dastanın ekran variantının yaradılması barədə söhbət gedərkən kinosevərlər belə güman ediblər ki, “Leyli və Məcnun” dastanı və ya operası eyni ilə ekranlaşdırılacaq. Buna görə də operanı bu dəfə də ekranda görəcəyini zənn edən və gözəl ariyalar dinləyəcəyini güman edən bəzi tamaşaçıların filmə baxdıqdan sonra narazı qaldıqları elə ilk gündən məlum olub. Əslində isə “Leyli və Məcnun” filmi tamamilə orijinal bir əsər üzərində qurulub. Ssenarist ümumbəşəri mövzu olan ülvi məhəbbəti əsas götürməklə, iki gəncin taleyini təsvir etməklə bərabər orta əsr rəzalətlərini, islam fanatizminin dəhşətlərini məharətlə açıb göstərib. Məlum dastanların, filmlərin və səhnə əsərlərinin çoxunda Qeys divanədir. Tamaşaçı onun bədbəxtliyinə yalnız acıyır.

1960-CI İLLƏRİN MƏTBUATI YAZIRDI…

Öncəliklə qeyd edək ki, filmdə dəli-divanə kimi tanındığı üçün Məcnun adlandırılan qəhrəmanımızın ilk kadrlardan başlamış son səhnələrə qədər Qeys çağrılması heç də təsadüfi deyildir. 1960-cı illərdə çap olunan qəzetlərdə filmdəki bu kimi məqamlara toxunan məqalələrdən birində deyilir:

“Qeys bütün əsər boyu saf və nəcib olduğu qədər fövqəladə dərəcədə ağıllı və zəkalıdır. O, şəxsi faciəsi ilə yanaşı, öz mühitinin də ağır dərdlərini çəkir, öz mühitinin rəzalətlərinə qarşı, quldarlığa qarşı, əbəs müharibələrə qarşı fədakarcasına üsyan etməklə, hətta Kəbədəki tərəddüdləri ilə, qara daşdan nicat ummağın mənasızlığını dərk etdiyini bizə susqun halda və aydın çatdırması ilə gözümüz qarşısında bir daha ucalır. Bütün bunlara görə də Qeysə divanə kimi baxmaq olmaz, onu öz dövrünün cəhalətpərəstləri divanə kimi başa düşürlər. Qeys yeri gəldikcə, xüsusən şəhər meydanında zəncirli halda söylədiyi qüdrətli monoloqunda hakim feodal-ruhani əxlaqının mənəvi əsarətinə, hünər və kamal əhlinin başına gətirilən müsibətlərə qarşı etiraz səsini ucaldır. Filmdə Qeys, nakam aşiq, yüksək bəşəri duyğuların tərənnümçüsü olan odlu şair, zəmanəsinin ictimai ədalətsizliklərini aydın başa düşən böyük mütəfəkkirdir. Tamaşaçı Qeysin halına yalnız acımır, həm də başlıca olaraq onun müdrik fikirlərinə, nəcib hərəkətlərinə şərik olur və hətta yerindən qalxıb ucsuz-bucaqsız qumlu səhralarda Qeysin tənha səsinə səs vermək istəyir”.

LƏTİF SƏFƏROV ÇƏKİLİŞ QRUPUNA RAHAT ÇALIŞMAQ ÜÇÜN GENİŞ İMKANLAR YARADIB

Hazırlıq prosesində yaradıcı heyətə talantına bələd olduğu sənətkarları cəlb edən Lətif Səfərov, iş prosesi zamanı çəkiliş qurupuna rahat çalışmaq üçün geniş imkanlar yaradıb. Bu baxımdan da yaradıcı heyətin hər biri müstəqil şəklildə film üçün maraqlı alınacaq məqamları lentə almağa nail olublar. Bundan başqa, L.Səfərov yalnız öz regissor görüntüləri ilə kifayətlənməyib, əksinə hər bir yaradıcının ən dəyərli məsləhətləri ilə hesablaşıb. Ssenariyə əsasən filmə onlarla aktyor cəlb olunub, eyni zamanda isə kütləvi səhnələr üçün çox sayda istər aktyorlar, istərsə də çəkiliş gedən məkanların əhalisinin bir qismi cəlb edilib. Filmin baş operatoru Arif Hərimanbəyov çəkiliş vaxtı planlaşdırılan hər bir kadrın, xüsusilə kütləvi səhnələrdə lentə alınan kadrların təbii alınması üçün operator işinin bütün incəliklərindən istifadə edib. Filmin geyim rəssamı Cəbrayıl Əzimov isə çəkilişdən əvvəl ərəb ölkələrində yaradıcılıq səfərində olub. Bu səfərin təəssüratı çəkiliş vaxtı rəssam üçün kifayət qədər geniş imkanlar yaradıb. Bir qədər əvvələ qayıdaq:

“Leyli və Məcnun” filmini çəkməmişdən əvvəl L.Səfərov kinematoqrafçıların Moskvada keçirilən Ymumittifaq Konfransındakı çıxışından: “Bəzən fikirləşirsən ki, bəstəkarlar, rəssamlar, yazıçılar xoşbəxt adamlardır. Onlar həftə ərzində yazdıqlarını bir göz qırrımında cırıb zibil qabına atar və oturub yenidən yazarlar. Kinematoqrafda isə uğursuz alınmış epizodu yenidən çəkməyə cəhd elə! Axı, bu da yaradıcılıqdır-yalnız rejissorun keyfiyyətlərindən asılı olmayan çətin və kollektivin əməyindən, ağacdan, dəmirdən, atdan, dəvədən, nəhayət, havadan asılı olan yaradıcılıqdır. Quruluşçu rejissoru planla divara dirəmək lazım deyil ki, o da axırda gücdən düşüb əlini yelləsin”.

Məhz belə fikirlərlə çıxış edən rejissor fəaliyyəti dövründə bir neçə dəfə könülsüz olaraq quruluş verməyə hazırlaşdığı filmlərdən sonrakı proseslərdə könülü olaraq imtina edib, hətta o, kinostudiyanın istehsal planının xatirinə belə film çəkməyib. Ancaq “Leyli və Məcnun” əsərinin ekran variantına quruluş vermək üçün rejissor ürəklə iş prosesinə başlayıb.

Yeri gəlmişkən, filmin yaradıcıları qədim ərəb folklorundan tutmuş bu mövzunun ifadəsi olan yazılı ədəbiyyat nümunələrinə qədər nə varsa hamısını diqqətlə öyrənib araşdırıblar. Filmin daha inandırıc və təsirlı  çıxmasına kömək edə biləcək vasitələrdən yerli-yerində faydalanmış, eyni zamanda bu sahədəki qəlibi-çərçivəni dağıtmış, şərtiliklərdən uzaqlaşmış və müasir kinematoqrafiyanın (unutmayaq ki, söhbət 60-cı illərin kinematoqrafiyasından gedir) verdiyi imkanlardan istifadə edərək yeni əsər yaratmağa müvəffəq olmuşlar. Bir anlıq filmdə olan döyüş səhnələrin də yada salmaq istərdik. O vaxta qədər “Azərbaycanfilm” kinostudiyasında döyüş səhnələri ilə yadda qalan bir çox filmlər çəkilsə də, “Leyli və Məcnun”da döyüş səhnələri, eyni zamanda isə bir sıra kütləvi səhnələr o dərəcədə təbii və inandırıcı alınıb ki, müqayisə zamanı rejissor işi kinostudiyanın ən uğurlu nailiyyəti hesab olunmuşdu.

NODAR ŞAŞIQOĞLU MƏCNUN KİMİ

Ənvər Məmmədxanlının qələmə aldığı “Leyli və Məcnun”un ekran variantı olduğu kimi yaradılmasa da bir əsər kimi güclü olub. Əsərdə diqqəti cəlb edən ən vacib cəhət ordakı dinamikadır. Bir-birinə zidd olan zəngin xarakterlər, onların qarşılaşdığı səhnələrdə gərginləşən dramatik situasiyalar bu dinamizmi daha da qüvvətləndirir. Lətif Səfərov bir rejissor kimi ssenaridəki bu keyfiyyətləri həssaslıqla duymuş və filmin ifaçılarını vahid bir ansamblda torlayaraq əsas inkişaf xətti üzrə istiqamətləndirə bilmişdir.

Qeyd edək ki, filmin sınaq çəkilişləri dövrün qaydalarına əsasən həyata keçirilib və aktyorlar uyğun olan rollara diqqətlə seçilərək təsdiq ediliblər. Bunun nəticəsidir ki, rejissor filmdə oynayan aktyorların ayrı-ayrılıqda hər birinin “Leyli və Məcnun”a dövrünün nəzərləri ilə baxılmasına nail olmuşdur. Qüdrətli sənətkarların- Ələsgər Ələkbərov, Adil İsgəndərov, Əli Zeynalov və digərləri təxminən bir saat qırx beş dəqiqə davam edən film boyu tamaşaçının bütün varlığına hakim kəsilir. Ssenaridən fərqli olaraq çəkiliş vaxtı şəraitə görə dəyişikliklər olub. Belə şəraitdə aktyorların dəyərli ifa nümayiş etdirmələri bir daha sübut edib ki, rejissor aktyor seçimində yanılmayıb.

Filmdə əsas rollardan biri olan Leyli obrazının ifaçısı Kima  Məmmədova haqqında məlumatlara rast gəlmədik. Sadəcə onu demək olar ki, “Azərbaycanfilm”in istehsal etdiyi bir neçə filmdə – Əsl dost (1959), Leyli və Məcnun(1961), Telefonçu qız(1962), Mən ki, gözəl deyildim(1968) – filmlərinə çəkilib.

Filmin digər əsas qəhrəmanlarından biri olan Nodar Şaşıqoğlu isə kinoda güclü xarakter kimi tanınan aktyorlardan biri olub. Mixaylo kimi çılğın, döyüşkən ruhlu kəşfiyyatçının obrazından sonra Məcnun xarakterindəki dərinliyi, fəlsəfi məqamları göstərməsi onun aktyor kimi imkanlarının genişliyindən xəbər verib.

N.Şaşıqoğlu xatirələrində deyib: “Bu elə bir məhəbbət dastanıdır ki, üzərindən neçə-neçə əsrin tufanları keçsə də yenə öz təravətini, gözəlliyini, böyük təsir qüvvəsini, tərbiyəvi mahiyyətini itirməmiş və insan cəmiyyəti durduqca itirməyəcəkdir. Filmin yaradıcıları özlərindən əvvəlki əsərləri təqlid, təkrar etmək yolu ilə getməyərək daha çətin bir yol-orijinal yaradıcılıq yolu seçmiş, obrazlara və hadisələrə müasirlik nöqteyi-nəzərindən yanaşmışdılar. Filmin ssenarisi ilhamla yazılmış orijinal bir əsərdir. Sseanaristin dili obrazlıdır, poetikdir, məhəbbət dastanının ruhuna tamamilə uyğundur. Bəzi yerlərdə, xüsusilə Məcnunun monoloqlarında dərin fəlsəfi mühakimələr, dövr haqqında, zəmanə və insanlar haqqında çox sərrast deyilmiş aforizmlər vardır. Eyni zamanda isə rejissor işinin gücü əsərin dolğun çıxmasına şərait yaratdı. Film ilk kadrlardan tamaşaçı diqqətini çəkir. Xüsusilə tufan kadrı, qucağı uşaqlı Məcnunla qraguruhun qarşılaşması, Məcnunun Kəbə ziyarətini göstərən səhnələr daha maraqlı alınmışdı. Filmdə köç, alaçıqlar, dəvə karvanı, bazarın təsviri olan səhnələr çətin başa gəldiyi kimi də maraqlı cəhətləri ilə yadda qalır. Orta əsrlərin feodal münasibətlərini təsvir edən həmin kadrlarda ərəb qəbilələrinin o zamankı həyatı haqqında lazım olan təsəvvürlər təqdim olunur”.

Yeri gəlmişkən, filmdəki kadrlar arasında Məcnunla  heyvanların, quşların ünsiyyətini əks etdirən epizodlar çətinliklə yaradılsa da sonda recissor istənilən nəticəni əldə edə bilmişdir. Epizodlardan biri-Məcnun orta əsrlərə məxsus izdihamlı şəhər meydanında onu araya alıb “Ey gənc, nə üçün boynun zəncirli, qolun bağlıdır?” deyənlərə necə cavab verir? Nodar Şaşıqoğlunun bu barədə dediklərindən:  “…Mənim qollarım bağlıdır, sizin ruhunuz, sizin varlığınız bu zəncirdədir. Mənim ayaqlarım bağlıdır, sizin ümidləriniz, arzularınız bu zəncirdədir. Mənim boynum bağlıdır, sizin duyğularınız, düşüncələriniz bu zəncirdədir. Əgər həqiqət axtarırsınızsa, nicat istəyirsinizsə, qırın siz də o paslı zəncirləri…Bu sözlər feodal dünyası haqqında bir ittihamnamə kimi səslənir. Filmdəki müasirlik ruhunu izah etmək üçün də həmin sözlərin çox əhəmiyyəti vardır”.

Aktyor filmin müvəffəqiyyətinin bir hissəsini aktyorların oyunları ilə izah edib deyib ki, seçim güclü idi: “Qüdrətli aktyorlar-Ələsgər Ələkbərov, Əli Zeynalov, Adil İsgəndərov və digər ifaçılar film boyu tamaşaçının bütün varlığına hakim kəsilə bildilər. Şeyx Amiri rolu ilə Ə.Ələkbərov indiyədək yaratmış olduğu obrazlar qalareyasını yeni bir obrazla daha da zənginləşdirdi. Onun ifasında Şeyx Amiri bütün fərdi xüsusiyyətlərinədək diqqətlə işlənmişdir. Şeyx Amirinin oğlu üçün elçi düşüb xoş məramla Haşimilər obasına yol almasını, gələcək qohumları ilə yerli-yataqlı söhbətə başlamasını, Kəbəyə gətirilmiş Məcnunu dua etmək əvəzinə:

“Az eyləmə inayətini əhli dərdidən,

Yəni ki, çox bəlalərə qıl mübtəla məni”

deyəndə oğlunun düşdüyü çıxılmaz dərdə ürəkdən acıyan Şeyxin tükləri ürpədən fəryadı, həyəcandan sarsılıb bayılması və s. kimi məqamlarda Ə.Ələkbərovun ifası tamaşaçını tam qane edir. Lirik-romantik rollarda görməyə adət etdiyimiz Əli Zeynalov isə onun üçün bəlkə də tamamilə yeni olan Şeyx Haşimi obrazını yaradarkən, bir sənətkar kimi yaradıcılıq imkanlarının daha geniş olduğunu göstərdi. Aktyor Şeyxin simasında o zamanın ən qəddar qadın azadlığı düşmənlərindən birinin mənfur simasını canlandırmışdı. Eləcə də digər obrazların ifaçıları hərəsi özünə məxsus tərzdə filmin dolğun alınması üçün nümayiş etdirdikləri maraqlı ifaları ilə yadda qalırlar”.

Filmin finalı haqda isə aktyor belə bir fikri irəli sürüb: “Filmin finalında onun ekspozisiyasını xatırladan maraqlı bir epizod təsvir edilir: Obadan xeyli aralı, vaxtilə Qeyslə Leylinin görüşdükləri təpə üstündə duran Zeyd və Zeynəb üzlərini bir zaman o iki nakam aşiqin getdiyi istiqamətə tutub gedirlər. Bu, həmin təpədir ki, qum tufanı zamanı Leyli ilə Məcnunu bir-birindən ayırmış və onlar təsadüfən rastlaşsalar da bir daha vüsala yetişməmişlər. Bu hadisəni hamıdan yaxşı bilən Zeyd və Zeynəb isə heç bir şeydən çəkinmədən, əl-ələ verib məhz həmin istiqamətdə inamla irəliləyirlər. Müəlliflər bununla demək istəyirlər ki, saysız-hesabsız leylilərin və məcnunların uğursuz taleyi sevgi ilə əkiz yaranmış gəncliyin əzm və iradəsini sarsıda bilməmiş, vüsal həsrəti ilə çırpınan qəlblər heç bir çətinlik və maneədən qorxmadan azad eşqin bayrağını həmişə yüksək tutmuşlar”.

TƏNQİDİ RƏYLƏR BAŞQA, TAMAŞAÇI FİKRİ BİR BAŞQA

Film istər öz dövründə, istərsə də sonrakı illərdə qəbul edildiyi qədər də tənqidə də məruz qalıb. Dövrün mətbuarında yazılan bəzi fikirləri diqqətinizə çatdırırıq:

  • Nodar Şaşıqoğlu Məcnunun Leylinin obasına gəldiyini, Məkkə ziyarətinə səfərini oricinal canlandırmağa çalışır və buna qismən də olsa nail olur. Lakin bu kül halında götürüldükdə o, Məcnun obrazını dolğunluqla əks etdirmir. Xüsusilə lirik səhnələrdə aşiq şairin həyəcanını, daxili hisslərini, bəşəri arzularını yüksəkliklərə qaldıra bilmir.
  • Leyli rolunun ifaçısı K.Məmmədova da sönük çıxmışdır. O, Leylinin keçdiyi əzablı yolları, saf məhəbbət uğrundakı fədakarlığın dövrün lirik qadın obrazı kimi canlandırmamışdır.
  • Filmin qüsuru, özünü hər şeydən əvvəl aktyor oyununda büruzə verir. Hodar Şaşıqoğlu gözəl kino aktyorudur, xüsusilə Mixaylo heç zaman unudulmayacaqdır. Ancaq aktyor Məcnun rolunda Leylinin ülvi məhəbbətlə sevən bir aşiq kimi zəifdir, qurudur. Şair, filosof, haqsızlığa qarşı çıxan Məcnun, eşq divanəsi Məcnundan güclüdür. Bu nöqsan müəyyən manada həm ssenari, həm də recissor işi ilə əlaqədardır.
  • Aktyor oyununu müqayisə edərkən məlum olur ki, Ə.Ələkbərovun, Ə.Zeynalovun ifası qarşısında Qeys rolunu oynayan H.Şaşıqoğlu və Leyli rolunu oynayan K.Məmmədova zəifdirlər. Söz yox ki, Leyli və Qeys obrazları üçün daha qüdrətli aktyor tarmaq mümkün idi. Başda Leyli olmaqla filmdəki bütün qadın obrazları tamaşaçıya sönük görünür. Ola bilsin ki, bu sönüklüyün səbəbi qadınların cəmiyyətdəki və ailədəki mövqeyi ilə, hüquqsuzluğu ilə əlaqədar olan bir passivlikdir.
  • Filmin musiqisi hadisələrin şərhinə kömək edir. Bəzən qəhrəmanlar danışmasa da(Leyli ilə Məcnunun ilk görüş epizodu) musiqi onların ürəklərindən keçənləri danışır. Ancaq bununla belə musiqidə bir natamamlıq hiss edilir, istedadlı sənətkardan çox şey gözlədiyin halda az şey aldığına təəssüflənirsən. Musiqidə nakam məhəbbətin daxili mənasına uyğun lirik-romantik xallara, həzinliyə, səni talesiz aşiqlərin dərdinə şərik edən motivlərə ehtiyac hiss edirsən.

Onu da qeyd edək ki, rus dilində dublyaj olunan film istər öz Bədii Şuramız, istərsə də Moskva tərəfindən orta səviyyədə qəbul olunub. Filmin neçənci kateqoriyaya layiq görüldüyü haqda məlumatımız olmasa da, yalnız onu deyə bilərik ki, həmin ildə öz kinoteatrlarımızda bilet növbəsinə dayananların sayı-hesabı olmayıb.

60-cı illərin mətbuatında kinoteatrlar arasında daha çox 28 Aprelin adı çəkilir: “28 Aprel kinoteatrının kassasının qarşısında növbəyə duranların sayı-hesabı yox idi. Bilet almağa tələsənlər arasında cavanlarla bərabər ağsaqqal kişilər, ağbirçək analar da var idi. Onlar əsrlərin sınağından keçib gələn, öz gözəlliyini itirməyən bir məhəbbət dastanı əsasında çəkilmiş filmə baxmağa tələsirdilər”…

Tofiq İLK