Üzeyir Hacıbəylinin 135 yaşı tamam olur

18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Bu günün özəlliyi həm də ondadır ki, ictimai və siyasi xadim, Şərqdə ilk operanın banisi kimi tanınan bəstəkar Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gündür, 135 yaşı tamam olur.

Azərbaycan, rus və dünya klassik ədəbiyyatı incəsənətinin ənənələrini dərindən öyrənən, xalqının mədəniyyətini bütün dünyada təbliğ etmək üçün ömrünün 45 ilini bu işə sərf edən dahi bəstəkarın müəllifi olduğu “Leyli və Məcnun”(1908-ci ilin yanvarında) tamaşaya qoyulduğu vaxtdan etibarən bir-birinin ardınca “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “O olmasın, bu olsun”, “Arşın mal alan”operalarını yazıb. Onun “Koroğlu” operası isə Azərbaycan operasının şah əsəri hesab olunur.

Genişşaxəli fəaliyyət sistemi keçmiş, ömrünü yazıb-yaratmağa həsr etmiş Üzeyir bəyin Azərbaycan kinosunun inkişafındakı rolu tamam fərqli istiqamətdə cərəyan edib. Və Azərbaycan kinosu deyiləndə “Arşın mal alan”  filminin göz önündə canlanması,  “Arşın mal alan”  dedikdə isə bütün dünya ölkələrində Azərbayacanımızn yada düşməsi bir əsrdir cərəyan edən ən böyük təbliğat vasitəsidir.

Operettanın yazılma tarixi bəstəkarın Peterburqda Konservatoriyada təhsil aldığı illərə(1913)-cü il) təsadüf edir və yazıldığı tarixdə də Bakıda  səhnəyə qoyulur və ilk nümayişdən də tənqidə, mübahisələrə, kəskin fikirlərə məruz qalır. Bunaa baxmayaraq bir neçə il sonra kinorejissorların da diqqətini çəkir və operettaya bir neçə dəfə müraciət olunur. Bu barədə bir qədər sonra…

“Arşın mal alan”ın tənqidə məruz qaldığını görən bəstəkar, hələ operettanı yazdığı vaxt Hüseynqulu  Sarabskiyə yazdığı məktubda etiraf edib ki, “Arşın mal alan” adlı çox qəribə bir operetta yazır, sonra Azərbaycanda teatr işinin daha da inkişaf etdirməkdən bəhs edərək qeyd edir ki, Bakıda olarkən öz əsərlərimin qədrini bilməmişəm, ancaq burada bilirəm ki, əsərlərim gələcəkdə böyük bir iş görəcəkdir. 30 iyul 1913-cü il, Peterburq.

AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TƏBLİĞATINDA “ARŞIN MAL ALAN”IN ROLU

“Arşın mal alan”ın ilk tamaşalarılndan böyük şöhrət qazanması yeni yaranmaqda olan, kino sənəti ilə məşğul olan kinematoqrafçıların da diqqətini cəlb edir.

Komediya 1916-cı ildə Bakıda “Film” aksiponer cəmiyyətinin təşəbbüsü ilə rejissor Svetlov tərəfindən çəkilir. Əsas rollarda H.Sarabski ilə Ə.Ağdamskinin oynadığı film sönük və təhrif edilmiş şəkildə alınır. Bunun əsas səbəblərindən biri ekran işinin musiqisiz olması, digər səbəbi isə mövzunun təhrif edilməsi idi ki, bu da  dövrün ziyalıları ilə yanaşı, Üzeyir Hacıbəylini narahat edib.

Elə həmin ildə Belyakov familiyalı bir rejissor eyni mövzuya müraciət edib. Hətta Belyakov filmi Azərbaycan xalıları fonunda çəkməklə guya milli kolorit yaratmaq istəyib ki, bu da dəxli olmayan bir mövzunun ekran variantından başqa bir şey olmayıb. Bu klassik əsər sonralar Amerikanın “Hollivud” kino şirkətinin nəzərini də cəlb edib və Mamulyan familiyalı erməni rejissoru tərəfindən “Arşın mal alan” komediyası ekranlaşdırılıb. Bu film də uğursuz bir sonluqla nəticələnib.

İllər sonra, hətta dünyamızın müharibə şəraitində olaraq  qana bulaşdığı bir məqamda komediya yenidən gündəmə gəlir və bu dəfə sözün həqiqi mənasında  – SÖZ – deməyi bacarır…

…1941-1945-ci illər Bö­yük Və­tən mü­ha­ri­bə­si­nin ən ağır illəri hesab olunur. Qələbəyə yaxın olan 1945-ci il isə, bəlkə də inamın bitdiyi, savaş həvəsinin qalmadığı və ya təslim olma kimi bir halın yarandığı son an kimi yadda qalır, ancaq qələbəyə az qalmışdı…

Məhz həmin çətin ildə, ümid işartılarının itdiyi anda xalqın yüksək əhval-ruhiyyəyə ehtiyacı vardı ki, kinematoqrafçlarımız artıq dillər dastanına çevrilən “Arşın mal alan” əsərinin dolğun bir variantını yaratmaqla dünyanın fəth etmək fikrinə düşürlər.

Görkəmli kinorejissor, pedaqoq Rza Təh­ma­sibin quruluşunda çəkilən,  Üzeyir bəyin də şəxsən bütün çəkiliş məqamlarında iştirak etdiyi, hər epizodun, kadrın təbii alınması üçün çalışdığı yaradıcı heyətlə önəmli bir sənət nümunəsinin ərsəyə gəlməsində güc sərf etdiyi bir məqam…

Yaradıcı heyətin bütün üzvləri həyəcanlı, düzgün aktyor seçimi və maneə qüvvələrə qarşı mübarizə aparmaq, bütün bunlar yaşanmış keçmişdir.

Rza Təh­ma­sibin xa­ti­rə­lə­rin­dən: “Mü­ha­ri­bə­nin ağır il­lə­rin­də biz fil­mi Mosk­va­ya təh­vil ver­mə­yə apar­mış­dıq. Mosk­va­da və­ziy­yət çox ağır idi. Bə­zi kü­çə­lər­də hə­lə də ge­diş-gə­liş bər­pa edil­mə­miş­di. Fil­mi qə­bul edən ko­mis­si­ya­nın bə­zi üzv­lə­ri bi­zi so­yuq qar­şı­la­dı­lar. Ba­xış­dan son­ra mü­ba­hi­sə qı­zış­dı. Bi­zi hət­ta mə­zəm­mət edən­lər də ol­du. Açıq­ca de­yir­di­lər ki, bu vur­ha-vur­da “Ar­şın mal alan” ye­ri­dir?”.

Təzyiq, tənqid, maneə nə qədər olsa belə, deməli həmin işin uğuru əvvəlcədən məlumdur. Filmə ba­xış­ keçirildikdən iki gün son­ra Mosk­va­nın iki ki­note­at­rın­da“Arşın mal alan” nümayiş olunub. Ondan üç gün son­ra isə 18 ki­note­atr­dan “Ar­şın mal alan”ın sə­da­sı eşi­di­lib.

Xatırladaq ki, 1945-ci ildə ildə bu filmə 16,27 milyon tamaşaçı baxıb. Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş sovet filmlərinin və sovet ekranında uzun illər nümayiş etdirilmiş xarici ölkə filmlərinin arasından “100 Sevimli film” seçilib ki, həmin filmlər üç hissəyə-Qızıl, Gümüş və Bürünc siyahılara ayrılıb. 1945-ci ildə ildə istehsal olunmuş “Arşın Mal Alan” kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə “Qızıl Siyahı” ya daxil edilib. Film Sovet dövründə 136 ölkədə nümayiş etdirilmiş, 86 dilə tərcümə edilmişdir.

ÜZEYİR HACIBƏYLİ:  “ARŞIN MAL ALAN”IN SÜJETİ QARABAĞIN ŞUŞA ŞƏHƏRİNİN HƏYATINDAN ALINIB

Filmə baxanlar mövzunu fərqli şəkildə yorumlayırlar-sevgi üzərində qurulması, Əsgərin sevgi axtarışına çıxması və ya öz dövrünün əxlaq çərçivəsində hadisələrə yanaşması kimi məqamlar tamaşaçıların sadəcə fikirləri idi.

Ü.Hacıbəyli əsəri yazanda nə fikirləşib, qəhrəmanının sevgiyə olan duyğularını necə izad edib və başqa digər sullara olan cavabları bəstəkarın xatirələrindən öyrənəcəyik:

“Bu əsər, in­qi­lab­dan əv­vəl yaz­dı­ğım so­nun­cu əsə­rim­dir. Onun sü­je­ti Qa­ra­ba­ğın Şu­şa şə­hə­ri­nin hə­ya­tın­dan alın­mış­dır. “Ar­şın mal alan” ya­zı­lıb qur­tar­dıq­dan son­ra mən çar sen­zu­ra­sın­dan əsə­rin çap edil­mə­si və oy­na­nıl­ma­sı üçün ica­zə al­ma­ğa çox vaxt sərf et­dim, çox əziy­yət­lər çək­dim. Bu əsər 1913-cü il­də ilk də­fə oy­nan­dı­ğı za­man, Ba­kı bur­jua­zi­ya­sı­nın “Kas­pi” qə­ze­ti tə­rə­fin­dən son də­rə­cə hör­mət­siz­lik və nif­rət­lə qar­şı­lan­mış­dır. On­lar bu əsə­ri “qız­la­rı­mı­zı pis yo­la ça­ğır­maq­da” töh­mət­lən­di­rir­di­lər.

Bə­zi­lə­ri Əs­gə­ri idea­li­zə edə­rək onu açıq fi­kir­li, ye­ni­lik tə­rəf­da­rı, kul­tu­ra mü­da­fiə­çi­si ki­mi gös­tə­rir­di­lər. Hal­bu­ki bu ta­ma­mi­lə yan­lış və sax­ta fi­kir idi. Əs­gər hər şe­yə bir ta­cir ki­mi ba­xan adam­dır. O, əgər qı­zı gö­rüb al­maq is­tə­yir­sə, bu onun ye­ni hə­yat tə­rəf­da­rı ol­du­ğu üçün yox, ta­cir ol­du­ğu üçün idi. O, ala­ca­ğı qız­la ar­şı­nı 12 qə­pik­lik çi­ti ey­ni də­rə­cə­də qiy­mət­lən­di­rir: çi­tin sa­fı, çü­rü­yü ol­du­ğu ki­mi, qı­zın da ko­ru, ço­pu­ru və ona la­yiq ol­ma­ya­nı ola bi­lər. Məhz bu­nun üçün də ta­cir “ma­lı” gö­rüb al­maq is­tə­yir. Həm də Sol­tan bəy ki­mi­lə­ri­nin qı­zı­nı! Yox­sa Əs­gər­dən ide­ya göz­lə­mək, onu açıq fi­kir­li bir cə­miy­yət nü­ma­yən­də­si ki­mi gös­tər­mək, ta­ma­mi­lə yan­lış fi­kir­dir. Ok­tyabr in­qi­la­bı “Ar­şın mal alan”da­kı hə­ya­tı ta­ri­xin ar­xi­vi­nə ver­miş­dir. İn­di­ki azər­bay­can­lı gənc­lər bu hə­ya­ta yal­nız ta­ri­xi bir ha­di­sə ki­mi ba­xır­lar. İn­di hə­ya­tı­mız­da ar­şın­mal­çı­lar ol­ma­dı­ğı hal­da, be­lə bir əsər tam­şa­çı­nı ma­raq­lan­dı­rır. Mən­cə, bu­nun sə­bə­bi əsə­rin re­al­lı­ğı və məz­mu­nu­nun ma­raq­lı ol­ma­sın­da­dır”.

MƏRKƏZİ TELEVİZİYANIN SİFARİŞİLƏ “ARŞIN MAL ALAN” YENİDƏN EKRANLAŞDIRILDI

1945-ci ildə şəxsən Üzeyir Hacıbəylinin iştirakı ilə lentə alınan “Arşın mal alan” filmi sadəcə SSRİ məkanında deyildi, daha da uzaq ölkələrdəm baxıldı, sevildi, böyük marağa səbəb oldu. Bu maraq sonda onunla nəticələndi ki, Mərkəzi Televiziyanın sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası 1965-ci ildə yenidən “Arşın mal alan”a müraciət etdi.

Ustad Rza Təhmasibdən sonra belə bir əsərə müraciət etmək o qədər də asan olmasa da, görkəmli rejissor, müxtəlif  janrlarda çəkdiyi filmləri ilə tamaşaçıların diqqətini çəkən Tofiq Tağızadə belə bir cəsarətli addımı atır. Onun quruluş verdiyi “Arşın mal alan”, heç də birmənalı qarşılanmayıb. Filmdəki rol bölgüsü tənqdi olunub, hər iki film müqayisə edilərək üstün ilk filmə verilib, bir sözlə, tənqid obyektinə tuş gəlib.

T.Ta­ğı­za­də­ bu barədə deyib ki, Üze­yir Ha­cı­bə­yli öz məş­hur ope­ret­ta­sın­da ya­rat­dı­ğı qəh­rə­man­la­rı keç­mi­şin adət-ənə­nə­lə­ri­nə qar­şı qoy­maqla on­ları azad sev­gi uğ­run­da mü­ba­ri­zəyə səsləyib və bu mübarizədə qəhrəmanlarını qalib edib: “Həm­ka­rım M.Da­da­şov­la bir­lik­də sse­na­ri üzə­rin­də ye­ni­dən iş­lə­yər­kən əsə­rin də­rin və mə­na­lı ide­ya­sı­nı ta­ma­şa­çı­la­ra da­ha ay­dın çat­dır­maq və­zi­fə­si­ni qar­şı­ya qoy­muş­duq. Ki­no­nun di­lin­dən və im­kan­la­rın­dan is­ti­fa­də olun­maq­la sse­na­ri­yə bir sı­ra əla­və­lər də et­mi­şik. Be­lə ki, mü­əl­lif Üze­yir Ha­cı­bə­yo­vun ope­ret­ta­sı­na əsas­la­na­raq Gül­çöh­rə­ni gö­rə­nə qə­dər Əs­gə­ri bir çox çə­tin­lik­lər­lə üz­ləş­dir­mi­şik. Ta­cir Əs­gər ar­şın­mal­çı li­ba­sı­nı ge­yin­dik­dən son­ra çox yer­lə­ri gə­zir, or­ta və aşa­ğı tə­bə­qə­lər­dən olan adam­lar­la gö­rü­şür, on­la­rın hə­yat tər­zi ilə ta­nış olur. Biz qəh­rə­man­la­rın sev­gi­si­ni rəm­zi plan­da ver­mi­şik. On­lar bir-bir­lə­ri­ni öz­lə­ri ta­pır­lar. Bu səh­nə­dən son­ra sse­na­ri­yə-Gül­çöh­rə­nin ge­cə vax­tı tə­biə­ti sey­rə dal­ma­sı, onun­la da­nış­ma­sı haq­qın­da və onun dün­ya­gö­rü­şü­nü ay­dın­laş­dır­maq üçün xü­su­si epi­zod əla­və et­mi­şik. Rejissor onu da qeyd edib ki, filmdəki ha­di­sə və əh­va­lat­la­rın ço­xu­nu otaq­dan tə­biə­tin qoy­nu­na, mən­zə­rə­li yer­lə­rə kö­çürülüb və bütün bunlar me­xa­niki su­rət­də de­yil, ari­ya, du­et və səh­nə­lər­lə əla­qə­dar ola­raq, dü­şü­nül­müş hal­da edil­ib.

“O OLMASIN, BU OLSUN” Ü.HACIBƏYLI DRAMATURGİYASININ ƏN PARLAQ NÜMUNƏSİDİR

“O olmasın, bu olsun”, bəstəkarın ikinci musiqili komediyasıdır, hətta Ü.Hacıbəyli dramaturgiyasının ən parlaq nümunəsi hesab olunur.

Bəstəkar XX əsrin əvvəllərində yaşadığı cəmiyyətdə kök salmış köhnə əqidə və baxışları, cəhaləti tənqid və ifşa etmək üçün kəsərli bir “silahdan” – satiradan istifadə edib. Əslində bəstəkar öz dövrünün qabaqcıl ideyalarını təbliğ etmək üçün belə bir orijinal yol seçməyə üstünlük verib.

Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayının 25-də Bakıda olub. Baş rollarda Mirzağa Əliyev (Məşədi İbad), Hüseynqulu Sarabski (Sərvər) və Əhməd Ağdamski (Gülnaz) oynayıblar. Tamaşaya Üzeyir bəy şəxsən  özü dirijorluq edib. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunub, hətta Zaqafqaziya şəhərlərində, Türkiyədə, Bolqarıstanda, Yəməndə və s. ölkələrdə tamaşaya qoyulub. Komediyanı ilk dəfə ekrana gətirmək fikri 1918-ci ildə baş tutub. Yalta studiyasında çəkilən film uğur qazana bilməyib ki, nəticədə də tez sıradan çıxıb. Ümumiyyətlə kənar studiyaların bizim milli ruhlu mövzulara olan müraciətləri heç bir vaxt effektl alınmayıb, ən azından ona görə ki, mövzunun ruhunu tuta bilməyiblər. “O olmasın, bu olsun”, səhnə həllini tez tapsa da, ekran həllini heç də asanıqla  qazana biməyib ki, o vaxta qədər ki, 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyası komediyaya müraciət etdi. Rejissor Hüseyn Seyidzadə ekran işinin yaranmasında başlıca rol oynadı. Sabit Rəhmanın ssenarisi əsasında çəkilmiş filmin rejissoru Hüseyn Seyidzadə maraqlı aktyor ansamblını bir araya topladı.

Yeri gəlmişkən, səhnədə Məşədi İbad rolunun Mirzəağa Əliyev tərəfindən maraqla qarşılanması ona gətirib çıxarır ki, Hüseyn Seyidzadə də filmdə aktyoru əsas rola çəkmək istəyir. Ancaq Mirzağa Əliyevin dünyasını dəyişməsi və Məşədi İbad obrazına Əliağa Ağayevin təsdiq olunması o qədər gözlənilməz olur ki, bundan sonra əsas qəhrəmanın ətrafında cəm olanların bir araya gəlməsi, bir sözlə, dövrün görkəmli aktyorlarının az qala əksəriyyətinin  çəkildiyi bu fim artıq sadəcə film deyil, ustadların bir yerə toplandığı sənət nümunəsi idi.

Əsərə əsasən hadisələr XX əsrin əvvəllərində Bakıda cərəyan edir. Müflisləşən Rüstəm bəyin gənc qızını yaşlı tacir Məşədi İbad almaq istəyir. Gülnaz isə gənc və yoxsul tələbəyə aşiqdir. O dövrün qanunlarına görə qız atasının sözündən çıxa bilməzdi. Məsələni tələbə öz dostları ilə birlikdə həll edir. Nəticədə Məşədi İbad qulluqçu Sənəmlə (Barat Şəkinskaya) evlənir.

Filmdə musiqi xadimlərinin çəkilməsi- Rüstəm bəyin evindəki qonaqlıq səhnəsində Xan Şuşinski (xanəndə), Tələt Bakıxanov (kamança) və Bəhram Mənsurovdan (tar) ibarət üçlük “Segah” muğamını ifa etməsi,  toy səhnəsində Əminə Dilbazinin rəqsi və s. epizodlar hər biri komediyanın gücünü daha da artırıb. Film öz dövrünün mətbuatında tənqid atəşinə məruz qalsa da, reallıq başqa söz deyirdi. Premyerası 1958-ci il yanvarın 27-də Moskvada keçirilən film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Bundan başqa, film eyni ildə Daşkənddə Asiya və Afrika ölkələrinin beynəlxalq kinofestivalında yüksək qiymət alıb, SSRİ hüdudlarından kənarda böyük uğurlara imza atıb.

SSRİ Xarici Ölkələrlə Mədəni Əlaqələr İdarəsinin sədri A.Davıdov filmin rejissoru Hüseyn Seyidzadəyə məktubunda yazırdı ki, “O olmasın, bu olsun” filmi 40 ölkəyə, o cümlədən İran, İraq, Yuqoslaviya, Yaponiya, Avstriya, ABŞ, İsveçrə və Macarıstana satılıb. Sonralar film daha 10 ölkəyə satılıb.

İllər keçir bu ölməz komediyaya dəfələrlə müraciət olunur, uğurlar qazanılır və bu proses hələ dvam edəcək, çünki Üzeyir hacıbəyli xatirələrində dediyi kimi, hələ yazdığı vaxtlarda belə əsərlərinin illər sonra da uğur qazanacağının proqnozunu vermişdi.

“ÜZEYİR ÖMRÜ” FİLMİ ÜZEYİR HACIBƏYLININ HƏYATINI ƏKS ETDİRİR

Dahi bəstəkarın qələmə aldığı əsərlərin təhlili, yaradıclığını əks etdirən məqalələr, şəxsiyyətini göstərən sənədli filmlər çəkildi və sözün həqiqi mənasında, yazılan, lentə alınanlar sənət nümunəsi kimi yadda qaldı. Ancaq bəstəkarın haqqında çəkilən “Üzeyir ömrü” filmi bir başqa ruh  üzərində kökləndi. Belə bir filmi sadəcə Üzeyir Hacıbəyli yaradıclığına bələd olan, onu dərindən araşdıran, sadəcə film xatirinə film deyil, əksinə ekranda bəstəkarın şəxsiyyətini əhatə edən, onun keçdiyi yola nəzər yetirməyi bacaran yazıçı Anar bunu bacarardı, bacardı da. O da təsadüfi deyil ki, filmin ssenari və rejissor işi Anara  aiddir.  Film bəstəkarın uşaqlıq və gənclik illərini, onun musiqi aləmində ilk müvəffəqiyyətlər qazandığı, istedadlı yazıçı, jurnalist, ictimai xadim kimi fəaliyyətə başladığı bir dövrü əhatə edir. Tamaşaçılar bu nəcib keyfiyyətlərin hamısını Üzeyir Hacıbəylidə görür və dahi bəstəkarın həyat və yaradıcılıq yolu, onun maarifçilik fəaliyyəti, yazıçılıq məharəti ilə tanış olurlar. Hətta bəstəkarın ayrı-ayrı əsərləri, eyni zamanda “Leyli və Məcnun”u, “Arşın Mal Alan”ı və “Koroğlu”sunun səhnə taleyi də öz əksini tapıb.

Xatırladaq ki, filmdə SSRİ Dövlət Filmfondundan və Azərbaycan SSR Mərkəzi Dövlət kinofotosənədlər arxivində saxlanılan bədii və sənədli filmlərdən alınmış fraqmentlərdən istifadə olunub. Bundan başqa, bəstəkarın əsərləri , Azərbaycan xalq musiqisi, eyni zamanda Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib. İki seriyalı filmdə “Küləklər şəhəri”, “Arşın mal alan”, “O olmasın. bu olsun”, “Doğma xalqıma”, “Bəstəkar Müslüm Maqomayev” filmlərindəki kadrlardan da istifadə olunub.

Əslində Anarın yazıçı təxəyyülündən çıxış edərək demək olar ki. “Üzeyir ömrü” filmi Üzeyir  bəyin  həyat yoluna bədii-publisist  baxış olmaqla yanaşı, filmdə  çox  qiymətli tarixi faktlar var. Belə ki, Ü.Hacıbəyli sənətinin Azərbaycan xalqının mədəni  yüksəlişindəki  rolunun misilsiz olması və zaman keçdikcə  onun əsərlərinin əhəmiyyətinin artması daha da aydın hiss olunur ki, bu da filmdə geniş əks olunur.

Rejissor yozumundan irəli gələrək filmdə tarixi prinsiplər qorunur, hətta istər natura, istərsə də dekorasiya çəkilişlərində dövrün, zamanın nəbzi açıq-aydın duyulur. Üzeyir bəy, Cabbar Qaryağdıoğlu, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi kimi tarixi şəxsiyyətin dolğun ekran təsviri filmin bədii məziyyətlərini daha da artırır. Ən önəmlisi isə Üzeyir Hacıbəyli rolunda, görkəmli rejissor Hüseynağa Atakişiyevin təkrarsız ifası, portret obrazda onun təbiiliyi əsas götürməsi və üzeyir şəxsiyyətinə layiq bir şəkildə olan təqdimat, bütün bunlar hamısı filmin yaranmasına necə böyük məsuliyyət hissi ilə yanaşmasından xəbər verir. “Üzeyir ömrü” filminin ilk premyerası 10 yanvar 1982-ci ildə baş tutdi və o gündən bu yana böyük maraqla qarşlanan film, böyük maraqla da baxılır və sənət nümunəsi kimi tamaşaçını öz sənət sehrində saxlayır.

SON SÖZ ƏVƏZİ: Üzeyir Hacıbəylinin 135-ci yaşında yad etmək böyük qürur hissi olsa da, narahat bir düşüncə ilə, necə etməli ki, onun yaradıcılığına fərqli yanaşasan, fərqli fikir söyləyəsən və necə edəsən ki, indiyədədk söylənənləri, təkrarçılıq xatirinə deməyəsən, düşüncəsi də bir an olsun bizi tərk etmədi. Bütün bunları bir tərəfə qoyaq, bəlkə də önəmli olan sadəcə Üzeyir bəyin yaradıcılığına olan marağın, sevginin azalmaması, əksinə daha da artmasıdır.

Milli musiqi günündə dahi bəstəkarı böyük ehtiram, hörmət və sevgiylə yad edirik!

Xədicə QİYAS