Azərbaycan Kinematoqrafçılar İttifaqı Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın yaradılmasını dəstəkləyir
Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın seçki komissiyasının yaradılması haqqında əmr imzalayıb.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək üçün yaradılan İctimai Şura, ictimai əsaslarla (ödənişsiz) fəaliyyət göstərəcək.
Apa-nın məlumatına görə, mədəniyyət sahəsində ixtisaslaşan hər bir Azərbaycan vətəndaşı İctimai Şuraya üzv seçilə bilər. İctimai Şuraya seçkilərin təşkili məqsədilə İctimai Şuraya namizədlərin və seçici qismində çıxış edəcək vətəndaş cəmiyyəti institutlarının qeydiyyatı oktyabrın 20-dək davam edəcək.
Azərbaycan Kinematoqrafçılar İttifaqı İctimai şuranın yaradılması təşəbbüsünü dəstəkləyir. AKİ İdarə Heyətinin 12.06.2020-ci il tarixində keçirilən iclasında qəbul edilmiş bəyanatda məhz bu təklif irəli sürülmüşdü. İttifaq kinomuzda rəsmi qurumlarla ictimai təşkilatların birgə fəaliyyətini vacib sayır. İttifaqın katibliyindən bildiriblər ki, Şuraya namizəd verilməsi proseduru daha da sadələşsə yaxşı olar. Şəxsiyyət vəsiqəsinin notarial nüsxəsi, İctimai təşkilatın qeydiyyat sənədinin notarial nüsxəsi vaxt apara biləcək prosedurlardı. Xüsusilə nəzərə alsaq ki, Vergilər xidməti, Ədliyyə Nazirliyi reyestrlərində qeydiyyatda olan təşkilatların da adı var.
Xədicə QİYAS