Müstəqil kino necə maliyyələşməlidi?

Kinematoqrafiya kifayət qədər bahalı bir sahədir. Hər il dünyanın bir çox yerlərində keyfiyyətli və əlbəttə ki, gəlir gətirən, ya da ən azından, istehsalına xərclənən vəsaiti geri qaytaran məhsul əldə edə bilmək üçün bu sahəyə milyonlar, bəzən isə milyardlar xərclənir. Dünyada kino sahəsinə böyük vəsaitlərin sərf olunduğu bir dövrdə Azərbaycanda bu sahədə vəziyyət necədir? Görəsən, ölkəmizdə kino çəkmək istəyən, əlində hazır ssenarisi olan rejissorlar hansı çətinliklərlə üzləşir?

Azərbaycan tamaşaçısının “Pərdə” silsiləsi ilə tanıdığı rejissor Emil Quliyev bildirir ki, o, öz filmlərini dostları sayəsində çəkib: “Bundan qabaq çəkdiyim filmlərdə büdcəni böyük bir çətinliklə əldə etmişəm. Dostlarımdan, tanışlarımdan, imkanlı şəxslərdən. Onlar təmənnasız mənim filmimə yatırım ediblər. Söz  yox ki, bu filmlərdən gəlir əldə edə bilməmişəm. Və bu da əvvəldən məlum olduğuna görə, filmə yatırım edən hər bir kəsə bu haqda məlumat vermişdim. Onlar isə demişdilər ki, heç bir problem yoxdur, təki, sən çək və biz də əlimizdə olan imkanlarla sənə kömək edək”.

Əlbəttə ki, büdcə tapa bilməyən hər rejissorun şansı Emil Quliyev kimi olmaya bilər. Buna görə də o, büdcə axtaranlara Mədəniyyət və Turizm Nazirliyinə üz tutmağı məsləhət görür.

Komediyasevərlərin “Bozbas Pictures” layihəsinin müəllifi kimi tanıdığı aktyor, prodüser İlkin Həsəni hazırda ölkədə debut etmək istəyən istənilən gənc rejissorun film üçün büdcə tapa biləcəyinə inanmır: “Xüsusi ilə hazırkı çətin dövrdə büdcə tapmaq bir, onu düzgün şəkildə prodüserlik edib, düzgün xərcləmək isə ikinci bir məsələdir. Məncə, bu gün gənc rejissorlar üçün bu, mümkünsüz bir işdir”.

Emil Quliyevin “İkinci Pərdə” filminin də prodüseri olmuş Orxan Mərdan sponsor tapmağın niyə çətin olduğunu belə izah edir:

“Azərbaycanda televiziyaların sponsorlara təklif etdiyi qiymət meyarı çox aşağıdır. Televiziyalar bir şirkətdən baş sponsorluq üçün 8-10 min manat pul istəyir və bunun əvəzində ay ərzində  8,  yaxud da 16 dəfə hərəsi 45 dəqiqədən olmaqla,  bir efir söz verir. Eyni qiyməti biz film üçün istəyə bilmirik.  Çünki mən gəlib, hər hansı bir şirkətə “Mənə 10 min manat pul ver, mən də bir filmdə bir və ya bir neçə dəfə səni reklam edəcəm və sənin reklamın bir il sonra gedəcək” deyəndə, təbii ki, şirkətlər artıq öz şəxsi, reklam maraqlarını düşünməyə başlayırlar deyə, film üçün o uzunmüddətli, uzun rəqəmləri vermək istəmirlər”.

Emil Quliyevin fikrincə, sponsorların filmlərə büdcə ayırmaqda maraqlı olmamasının səbəbi həm də son məhsuldur:

“Məncə, sponsorlar, böyük şirkətlər baxırlar kı, bu filmin geridönüşü nə olacaq? Onlar oradan nə əldə edəcəklər? Və bunları nəzərə alaraq, filmə yatırım edib-etməmək haqda qərar verirlər. Çox şey rejissordan, ssenaridən və çəkilən filmdən asılıdır. Yəni, mənim filmlərimdə elə olub ki, böyük şirkətlər də dəstək olub. Onlar da təmənnasız. Demək olar ki, heç onların məhsullarını da filmdə yerləşdirməmişəm, sadəcə bir loqonun vurulması ilə kifayətlənmişəm. Amma buna baxmayaraq, yenə də, filmə dəstək olublar. Bunda da, belə deyək də, mənim bəxtim yenə gətirib”.

Prodüser Ilkin Həsəni hesab edir ki, Azərbaycanda iş adamlarının film istehsalına sərmayə yatırmağa yetərincə maraqlı olmamasının başqa səbəbləri də var:

“Misal üçün Hollivud filmlərində və ya əcnəbi  filmlərin hamısının “box-office”ləri tam açıqdır. Məsələn, IMDb-də, “kinopoisk” kimi saytlarda və ya filmin wikipediasında filmin büdcəsi yazılır.  Təəssüf ki, Azərbaycanda box-officelər düzgün göstərilmir.  Çox təəssüf ki, bu gün bizdə həmin o  box office-in hardasa, təxminən, 25 faizi film istehsalçısına çatır.  O da ki, misal üçün, heç filmin öz büdcəsini ödəmir. Çünki hamı bilir ki, oradan 50 faiz – kinoteatr öz pulunu götürür,  10 faiz distribyuter götürür, ondan sonra 18 faiz bu məhsulun  ƏDV-si çıxılır, sonra yenidən köçürmə ilə kinoteatr bunu istehsalçıya ödəyir. Daha sonra istehsalçı oradan yenidən vergi ödəyir və nəticədə istehsalçıya bir şey qalmır. İş adamlarının isə əksəriyyəti baxır ki, filmin box office-i məsələn, 760 min manatdır, amma büdcəsi  250 mindir. Deyirlər ki, hə, nə yaxşı?  250 min manat qoyub, 760 min manat qazanıblar. Amma bu, belə deyil. Bu gün iş  adamlarının tələbi  budur ki, mən məsələn, filmə100 min yatırım edəcəmsə, istəyirəm 150 min gəlir götürüm. Amma bu, real deyil, çünki kommersiya filmi bir latoreyadır, yəni, sənin filmin uda da bilər, uduza da bilər”.

Bəs görəsən, sponsor olmaq istəyən şirkətlər hansı şərtlərlə filmlərə sərmayə qoymağa razılıq verirlər? Prodüser Orxan Mərdan bildirir ki,  sponsorların şərtləri belədir:

“Sponsorlar özlərinin geniş reklamını istəyir. Bəzən bu reklam istəyi elə bir həddə olur ki, filmin böyük bir hissəsini reklama sərf etmək məcburiyyətində qala bilirik”.

Rejissorlar, prodüserlər filmlərinə büdcə tapa bilmədikləri üçün şikayətlənirlər. Əlbəttə, heç nəyə baxmayaraq, filmini çəkmək, xəyallarını reallaşdırmaq istəyənlər də var və maddi çətinliklər, büdcə problemi onlara maneə ola bilmir. Ancaq heç də hər kəs azbüdcə, aşağı keyfiyyətli texnika ilə işləmək, telefonla film çəkmək istəmir. Və bu istəyində də haqlıdır. Bəs görəsən, sözügedən problemi aradan qaldırmaq, ya da heç olmazsa, təsir gücünü azaltmaq üçün nələr etmək lazımdır?  Orxan Mərdan bu sahənin inkişafı üçün  dövlətin müəyyən bir fond yaratmalı olduğu qənaətindədir.

Mütəxəssislər hesab edir ki, bu ilin avqustunda Mədəniyyət və Turizm Nazirliyində edilən dəyişiklik  yəni, gənc rejissor Rüfət Həsənovun qurumun Kinematoqrafiya Şöbəsinə müdir təyin olunması kino sahəsindəki bir çox problemlərlə yanaşı rejissorların büdcə tapa bilməmək probleminin həllində müsbət rol oynayacaq. Onların yeni təyinatdan öz gözləntiləri var. Rejissor Emil Quliyev deyir: “Ən azından bacarığı olan, potensialı olan rejissorlar, ümumiyyətlə, kino adamları film çəkmək üçün gedib hardansa qapı-qapı düşüb, maliyyə axtarmamalıdır. Yaradıcı adam yaradıcılıqla məşğul olmalıdır.  Və bu gün olan kadr dəyişikliyi mənə elə gəlir ki, buna gətirib çıxaracaq. Çünki mən bu insanları tanıyıram və onların nə məqsədlə gəldiklərini də bilirəm”.

Orxan Mərdan isə hesab edir ki, dəyişikliklərin baş verməsi təkcə yeni kadrlardan asılı olan proses deyil: “Ehtimal edirəm ki, yeni gələn təyinatlar festival filmlərinə istiqamətlənəcəklər və daha çox gənc nəslin çəkdiyi festival filmləri istehsal olunacaq  ki, beynəlxalq aləmdə Azərbaycan kinosunun təbliğatı başlasın. Yerdə qalan büdcəni isə ölkədaxili filmlərin inkişafına xərcləməyə maddi resurs çatmayacaq.  Müəyyən bir büdcə var və o büdcə çox yerə parçalanmalıdır. Yəni, bu işdə uzun müzakirələr  sonunda bir neçə nəfər insanın hazırlayacağı bir kino konsepsiyası,  kino təklifi, kino layihəsi, adını nə istəyirsiz qoyun, bunun dövlət qarşısında bir teqdimati olmalıdır. Dövləti, onun rəhbərlərini, inandırmaq lazımdır. Ki, Azərbaycan kinosuna, Azərbaycan sənətinə həmişə dəstək olmağa çalışan bir hökumət var, onlari inandırmaq lazımdır ki, Azərbaycan kinosunun inkişafı üçün belə bir konsepsiya olsa, yaxın 5 il ərzində bu, bu, bu kimi nəticələr əldə etmək olar və Azərbaycan filmi 5 ildən sonra Azərbaycan iqtisadiyyatına dolayısıyla gəlir gətirə bilər”.

Bu ilin avqustunda Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edilən və həmin ay “Sarayevo film festivalı”nda “Ən yaxşı rejissor” nominasiyasında “Sarayevonun ürəyi” mükafatına layiq görülən rejissor Rüfət Həsənov rejissorların büdcə  tapa bilməməsinin aktual problem olduğunu və həll yolları üzərində işlədiklərini bildirir: “Hazırda biz bu problemin həll yollarını araşdırırıq. Təhlillər aparırıq. Hazırda proses gedir və biz inanırıq  ki, bu prosesin nəticəsi müsbət olacaq”.

Mövzu ilə daha ətraflı tanış olmaq üçün bu link-dən  süjeti izləyin.

İzolda AĞAYEVA