“Səpələnmiş ölümlər arasında” filmi Oskara niyə təqdim olunmadı?
Türkiyənin Oskar mükafatına seçilən namizədin adı açıqlandı. Mehmet Ada Öztekinin rejissoru olduğu “7-ci Palatadakı Möcüzə”(7. Koğuştaki mucize) filmi 93-cü Akademiya Mükafatları (Oscar) üçün Ən Yaxşı Beynəlxalq Film Bölümü nominasiyası üzrə təqdim edilib.
Hurriyet.com Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin açıqlamasına əsasən bildirir ki, kino və kino sahəsində çalışan peşəkarlar arasından seçilən 16 nəfərlik nümayəndə heyəti və Seçki Şurası Türkiyənin ən yaxşı beynəlxalq filmə görə 93-cü “Oskar” mükafatı nominasiyasını müəyyən etmişdir. Belə ki, Seçki Şurası tərəfindən keçirilən iclasda, Cinema Force Birliyinə müraciət edən 23 film qiymətləndirilmiş və Mehmet Ada Öztekinin rejissoru olduğu “7-ci Palatadakı Möcüzə” filmi Oskar nominasiyası kimi təyin olunub.
İran islam Cümhuriyyətində də son illərdə çəkilən filmlər beynəlxalq festivallarda geniş marağa səbəb olur.
Mehrnews.com-un verdiyi xəbərə görə, İran rejissoru Məcid Məcidinin quruluş verdiyi “Günəşin uşaqları” filmi “Oskar 2021″ə namizəd ola bilər. Film akademiyaya təqdim olunaraq namizəd filmlər arasında yer alıb. “Günəşin uşaqları” filmində 12 yaşlı Əli və üç dostunun həyatından bəhs edilir. Onlar ailələrini dolandırmaq üçün bir çox çətinliklərlə üz-üzə qalırlar və günlərin birində balaca qəhrəman dəfinə tapmaq şansı ilə üz-üzə qalır.
Onu da qeyd edək ki, M. Məcidi, Oskara namizəd göstərilən ilk iranlı rejissordur. Rejissorun “Cənnətin uşaqları” filmi 1998-ci ildə “Akademiya mükafatı”na namizəd olub.
Azərbaycan bu il Oskar yarışmasında daha şanslı olmasına baxmayaraq, bu imkandan istifadə etməyib. Oskar uğrunda yarışmada “A” kateqoriyalı festivalın əsas proqramında iştirak müsbət faktorlardandır. Bu il ilk dəfə Azərbaycan üçün belə imkan olub: Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi Venesiya Beynəlxalq Film Festivalının əsas müsabiqəsinin iştirakçısı olub və bu filmin Oskar uğrunda yarışmada, ən azı qısa siyahıya düşməkdə şanslar yaradırdı. Mötəbərliyi şübhə doğurmayan mənbənin bildirdiyinə görə, film müsabiqəyə təqdim edilməsi üçün, son illər fəaliyyətdə olan Oskar Komitəsi tərəfindən müzakirə edilib, amma Hilal Baydarovun filminin əleyhdarları çoxluqda olub. Həmin mənbənin bildirdiyinə görə, Azərbaycanda faktiki iki Oskar Komitəsi var. Rüstəm İbrahimbəyovun rəhbəri olduğu Komitə bu vaxta qədər 4 filmi ( “Qafqaz”, “Sahə”, “Qala”, “Buta”), Şəfiqə xanım Məmmədovanın rəhbərliyi etdiyi Komitə isə 2 filmi ( “Çölçü”, “Nabat”) təqdim edib. “Səpələnmiş ölümlər arasında” filminin prodüserləri ikinci Komitəyə müraciət ediblər, imtina cavabı alıblar.
X.QIYAS