Qarabağ müharibəsi ekrana necə gətirilməli?

04.11.2020 tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən “Qarabağ müharibəsi kinoda” başlıqlı müzakirənin əsas məqsədi – necə filmlər çəkməliyik ki, Qarabağ müharibəsi kinoda dolğun əks olunsun və xalqımızın ağrı-acıları dünya tamaşaçısına çatdırılsın.

Müzakirənin lakonikləşdirilmiş stenoqramını təqdim edirik.

Əli isa Cabarov: Biz istəyirik Kinoittifaqda kinomuzun problemləri ilə bağlı silsilə müzakirələr olsun. Bugünkü mövzumuz müharibə və kinodur. Bugün bir tərəfdən ordumuzun qəhrəmanlığını görürük, digər tərəfdən faciələrin də şahidiyik. Bütün bunlar təbii ki, kinoya gəlməldiir. Biz indi baş verənləri kinoda ifadə etməliyik və bizdən sonra gələn nəsil  qəhrəmanları tanımalıdır. Eyni zamanda insanların yaşadığı faciəni kinoya gətirməliyik ki,  bu, təkcə bizdən sonra gələn nəsil üçün yox, bizim özümüz üçün də lazımdır. Müharibə insan həyatları kimi bir rəngli deyil. Bütün bunlar kino üçün zəngin materialdır. Necə ki, “Bizim Cəbiş müəllim”də, “Şəriki çörək”də fərqli hadisələri görürük. Eləcə də bunu indiki filmlərimizdə görməliyik. Ən başlıcası müharibəni elə dildə, rakursda verməliyik ki, onu dünyaya çatdıra bilək. Sevda Sultanova Azərbaycan kinosunda müharibə mövzusunda danışacaq.

Sevda Sultanova: Əvvəlcə, bir haşiyə çıxmaq istəyirəm. Yaxınlara qədər erməni rejissorların Qarabağ, soyqırım mövzusunda filmlərini izləmirdim. Çünki mənəvi  cəhətdən asan deyildi. Anlayıram ki, bu, peşəkarlıq baxımından doğru deyil. İndi izləmək nisbətən rahatdır. Bu günlərdə “Qaregin Njde” filminə baxdım. Film mahiyyətcə, irqçi, nasistdir. Qarabağ mövzusunda zəif filmlər olsa da, hər halda rejissorlarımıza təşəkkür edirəm ki, belə irqçi, nifrət dolu filmlər çəkməyiblər…Əsasən  müharibənin bədii kinoda təsviri haqda danışacağam. Çünki sənədli kino və müharibə ayrıca böyük mövzudur. Yəqin ki, gələcəkdə bunu  da müzakirə edəcəyik.

Azərbaycan kinosunda əsasən iki müharibə geniş işlənib. İkinci Dünya müharibəsi və Qarabağ müharibəsi. 1940-cı illərdən başlayaraq İkinci Dünya Müharibəsi kinoda əksini tapmağa başladı. Bu, əsasən biorqarfik filmlərdir. Qərb kinosunda bizdən fərqli olaraq Birinci Dünya Müharibəsi təcrübəsi vardı. Azərbaycan üçün isə bu mövzu yeni idi, müharibəyə qəfil yaxalanmışdıq və bu mövzuda çəkmək üçün real təcrübəyə ehtiyac vardı. Həm də dövlətin kino qarşısında tələbləri vardı: təbliğati, qəhrəmanlıq filmlərinin çəkilməsi. Ona görə müharibənin ilk illərində üç bioqrafik qısametrajlı film çəkilmişdi: Ağarza Qliyevin Kamal Qasımova həsr etdiyi  “Vətən oğlu”, Bəxtiyar Kərimovdan bəhs edən “Bəxtiyar” və  Mikayıl Mikayılovun  İrsafil Məmmədov haqqında danışan “Sovet pəhləvanı”. Artıq 1943-cü ildə sırf bədii material əsasında Qriqori Aleksandrov “Bir ailə” filmini çəkdi. Üç novelladan ibarət filmdə xalqların sevgisi, dostluğu haqda səmimi, sadəlövh filmdir. Burada sovet ideologiyasının təbliğatından çox ağır şərtlərdə insani duyğuların itirilmədiyi, xeyirxahlıq, təmənnasızlıq, sevgi, fədakarlıq kimi keyfiyyətlər ön plana çəkilir. Filmin qadağan edilməsinin əsas səbəblərdən biri Stalinin onun bəyənməməsiydi. Onun fikrincə, burda sovet xalqının alman işğalçıları ilə mübarizəsi zəif əks olunub. Müharibədən sonra kinoda hansı tendensiyalar yayıldı? Neft mövzusu 1940-cı illərin sonu 50-ci illərdə geniş yayılmışdı. Onlardan yalnlz birində “Bakının işıqları”nda (Rza Təhmasib, Aleksandr Zarxi)  müharibə zamanı neftçilərin fədakarlığı haqda danışılır. 1960-cı illərdə müharibə kinosunun diskursu bir qədər dəyişdi. Və bu dəyişiklik, bütün Sovet İttifaqında gedən mülayimləşmə, sənətdə, ədəbiyyatda intibahla, yeni nəslin gəlişiylə bağlıydı.  Bizim rejissorların əsas fokusu arxa cəbhə mövzusuna yönəldi. Çünki Bakı müharibə vaxtı arxa cəbhəydi. Bugün də kinomuzda kult sayılan “Bizim Cəbiş müəllim”, “Şəriki çörək”, “Mən ki gözəl deyildim”, “Tütək səsi” filmləri yarandı. Bu filmlər daha çox italyan neorealizm estetikasına yaxın idi, güllə səsinin eşidilmədiyi  bu filmlərdə qəhrəmanla tamaşaçı arasında emosional doğmalıq vardı, ideallaşdırmadan arındırılmış personajlar vardı və onlar pafosla danlşmırdılar. Maraqlı, amma çox yayılmayan filmlərdən biri İkinci Dünya Müharibəsi illərində Bakını ələ keçirmək istəyən faşistlərə qarşı mübarziə aparan kəşfiyyatçıların fəaliyyətini əks etdirən, Muxtar Dadaşovun ”Bakıda küləklər əsir” filmidir. Janrına görə detektiv olan filmin önəmli cəhətlərindən biri müasir milli kinomuzda çatışmayan – rejissorun obrazların biqorafiyasını yarada bilməsidir. Bu günümüzdən baxanda bəzi səhnələri daha fərqli şəkildə şərh etmək mümkündür. Məsələn, faşistlərlə işbirliyi quran, casus kimi Bakıya gələn Şahmar bəy Kirovun heykəlinə baxıb qəzəblə deyir: “Gör azərbaycanlılar bu rusa nə boyda heykəl qoyublar”. Burda Kirovun heykəlinin aşağı rakursdan – millətə diktə edən obraz şəklində göstərilməsini, onun nəhəng kölgəsində Şahmar bəyin kiçilməsini – sovet dominantlığı, işğalçılığı kimi də dəyərləndirmək olar. Postmüharibə mövzusunda çəkilən filmlərdən danışırıqsa, ilk yada düşən Əlisəttar Atakişiyevin “Bizim küçə”dir. Əhvalat müharibədə itkin düşmüş Sara adlı bir qızın axtarışlardan  bəhs edir. Deyim ki, burda diqqətimi çəkən filmi forması, strukturudur, nəinki hekayənin özü. Əhvalatda  “film içində film” texnikasından istifadə olunub. Personajlardan biri televizorda müharibə haqda sənədli xronika izləyir və həmin xronikada bombardman zamanı Saranın necə əsir düşdüyü təsvir edilir. Başqa səhnədə isə personajlardan biri Sara haqda məlumatı ilk dəfə “Uzaq sahillərdə” filmindən aldığını deyir. “Uzaq sahillərdə” filmindən kadrlar göstərilir: Mixaylo təsadüfən Sara ilə Almaniyada restoranlardan birində tanış olur, onu xilas edir və s. “Uzaq sahillərdə” dekonstruksiya olunur. Çünki 1958-ci ildə çəkilən “Uzaq sahillərdə” ekran əsərində belə bir səhnə yoxdur. Amma hər iki filmin ssenarisini İmran Qasımov yazıb. Ə.Atakişiyev filmlərində müxtəlif zamanları ustalıqla iç-içə keçirən, zamanla oynaya bilən rejissor idi. Onun milli kinomuzda dəyərə çevrilən “Bir qalanın sirri”, “Sehirli xalat” ekran əsərləri buna misaldır. Şamil Mahmudbəyov və Həsənağa Turabovun çəkdiyi “Tənha narın nağılı” müharibədən sonrakı ilk illərdə  mənəvi dəyərlərin toqquşmasından danışır. Hüseyn Mehdiyev və Əbdül Mahmudovun 1986-cı ildə çəkdiyi “Şəhərli biçinçilər”i müharibənin travmalarını insanların sonrakı həyatında təsiri haqqındadır. 1989-da çəkilən  “Ölsəm bağışla”  müharibədən sonra da bitməyən repressiya dövrünün insanlara gətirdiyi faciələr haqda danışır.  Bu ekran işi Stalin repressiyalarına açıq toxunan iki filmdən biri olub. Milli kinomuzda  Sovet İttifaqının qəhrəmanlarının biroqrafiyasına toxunan, iki tammetrajlı bədii film var. Bunlardan biri Mehdi Hüseynzadənin partizan fəaliyyətini anladan “Uzaq sahillərdə” (Tofiq Tağızadə),  digəri  Rasim İsmayılovun Həzi Aslanova həsr etdiyi “Sizi dünyalar qədər sevirdim” (1985) filmidir. Birinci filmdə M.Hüseynzadənin partizan kimliyi önə çəkilir, ikinci filmdə isə H.Aslanovu hərbçidən başqa həm də şəxsi həyatı da yer alır. Tamaşaçı onu bir də bu tərəfdən tanıyır. Qarabağ müharibəsi başlamasaydı çox güman ki,  kinomuzda yer alan mövzulardan biri Əfqanıstan müharibəsinin travmalarından əziyyət çəkən personajların həyatı olardı. Eldar Quliyevin “Təxribat”ı bu mövzuda çəkilən tək filmdir. Hələ o zaman Qarabağdakı vəziyyət müharibə səviyyəsinə gəlməmişdi. “Təxribat”da Əfqanıstan müharibəsinin fəsadları xüsusi qabardılır. Müharibədən psixoloji travma alan fərdlər müharibənin acı xatirələri ilə yaşamağa məcburdur. Əsas qəhrəmanın  tarvmatik keçmişi Bakıda üzləşdiyi ədalətsizliklərlə birləşir. Qarabağ müharibəsi haqda filmlərin ümumiləşdirilməsini aparmadan öncə, bir filmi xüsusi vurğulamq istəyirəm. Rasim İsmayılovun 1990-cı ildə çəkdiyi “Tələ” filmini. Sənət baxımından plankasını aşağı olmasını kənara qoyuram.  Amma “Tələ” ölkədə bundan sonra baş verəcək faciələrin, faciələrimizə səbəb olan xəyanətlərin öncəgörməsiydi. Reportaj manerasında çəkilən filmdə qəhrəman ermənilərin təxribatının şahidi olur, lentə alır.  Əlindəki  dəlili yüksək vəzifəli şəxslərə göstərsə də onlar buna əhəmiyyətsiz yanaşırlar. Sonda isə o,   qətlə yetirilir. Oğlunun ölümündən sarsılan atanın hakimlə mübahisəsi zamanı dediyi “Biz hamımız bu ölkənin girovlarıyıq” fikri bir neçə il sonra Ali Sovetin sədri Yaqub Məmmədovun dilində maşqa redaktədə səslənsə məzmun dəyişmir: “Biz böyük oyunun peşkalarıyıq”. Qarabağ haqda filmlərə gəlincə, bu mövzuda ekranlaşdırılan filmlərdə əsasən iki fərqli yanaşma mövcuddur. Bir yanaşmada vətənpərvərlik didaktikası formal vətən sevgisi,  cansız təsvirlər, ritorik dialoqlar hakimdir, müəlliflərin şəxs iztirabı duyulmur.  “Ağ atlı oğlan”, “Girov”,  “Arxada qalmış gələcək”, “Yalan” “Son nəfəsədək”, “Ümid” filmlərini buna misal göstərmək olar. Əslində ideya problematikasına görə əhvalatlar bəşəridir,  rejissorlarımız dünyəvi dəyərlərdən yayınmayıblar. Lakin rejissor həlli, yanaşması, bədii səviyyənin yetərincə olmaması mövzuları bəsitləşdirib. Bu kateqoriyalı filmlərin sırasına müəyyən fərqli yanaşma ilə “Dolu” dramı da əlavə edildi. “Dolu”da batal  səhnələri peşəkar işlənib,  Qarabağ mövzusunda çəkilmiş digər filmlərdən fərqli olaraq, məğlubiyyət kompleksi hiss olunmur və yeni qəhrəman tipləri var. Digər yanaşmada (Ceyhun Mirzəyevin “Fəryad”, Yavər Rzayevin “Sarı gəlin”, Elçin Musaoğlunun “Nabat”, Elxan Cəfərovun “Yarımçıq xatirələr” dramları) şüarçılıq yoxdur. Əksinə insan faktoru ön plana çıxır, müəllifin şəxsi iztirabı duyulur. “Fəryad” həm də Ceyhin Mirzeyivin şəxsi faciəsi idi. 1993-cü ildə, məğlubiyyət günlərində çəkilməsinə baxmayaraq, müəllif sənəti nifrətə uduzdurmur. İsmayıla ermənilərin amansız davranışı, onların böyük Ermənistan iddiası banal mübaliğəyə yol vermədən, sərt ironik intonasiyada işlənib. Bu da yəqin, filmin ssenaristi, tragik-dramatik əhvalatı özünəxas komik fəndlərlə ifadə edən Vaqif Mustafayev baxışının təzahürüdür. Vaqif Mustafaev bu tərzini daha geniş şəkildə “Hər şey yaxşılığa doğru” filmində də davam etdirir. Antimilitarist filmlərimizdən biri Yavər Rzayevin “Sarı gəlini”ndə ində qəhrəmanlar yox, müharibənin gərəksizliyini dərk edən insanlar var. Elçin Musaoğlunun “Nabat” dramı modernist nəql texnikasının elementləri üzərində qurub. Milinmal əhvalatda fərdin daxili gerçəkliyi əsas götürülür. “Yarımçıq xatirələr” rejissor Elxan Cəfərovun öncəki “Dolu” filmindən fərqli olaraq, əhvalatına, təsvir həllinə, baxış bucağına görə peşəkardır, antimüharibə mövqeyindədir. İlk dəfə Qarabağ haqda filmlərdə İkinci Dünya Müharibəsi və Qarabağ müharibəsi kəsişir. Oqtay Mirqasımovun “Günaydın mələyim” şəhid  ailəsinin cəmiyyətdə rastlaşdığı problemlərdən danışan sosial dramdır. Gənc rejissorların bu mövzuda  çəkilən filmlərində ümumi bir cəhət var: onlar minimum emosiya ilə  müharibənin nəticələrindən əziyyət çəkən insan dramını ekrana gətirir, daha maraqlı yanaşmalar təklif edirlər. Çingiz Rəsulzadənin “Kuklalar”ı sırf müharibə mövzusunda deyil. Amma 1980-ci illərin sonu 90-cı illərin əvvəllərində– Sovet İttifaqının dağılması ərəfəsində gedən prosesləri, Qarabağ müharibəsinə gedən  yolu təsvir edir. Ən yadda qalan səhnələrdən biri elə müharibə ilə bağlıdır. Vaxtilə Mədəniyyət Nazirliyinin məmurları tərəfindən mübahisələndirilən həmin səhnədə  yeniyetmələrdən birinin səngərdə qorxu içərisində ağlaması yetərincə insani mövqedir. Haqqında danışacağım digər rejissorlar qısametraj çəkiblər. Emin Əfəndiyevin “Yuva”sı  Qarabağ müharibəsinə metafor kimi də qəbul eləmək mümkündür. Sevgi üçbucağı çərçivəsində müharibənin faciəsi göstərilir. Əgər “Tələ” faciələrimizin öncəgörəməsi idisə, Amil Amalın  “Qara bağ” filmi olacaq yaxşı hadisələrin vizuallaşmasıdır. Süjet torpağın xiffətini çəkən atanın ömrünü uzatmaq üçün telekanallardan birində oğullarının Qarabağın sülh yolu ilə alınması haqda xəbərin verilməsindən ibarətdir. Biz bugün torpaqların azad edilməsinə emosional reaksiyaların şahidi oluruq. Filmdə də ata bu sevinc hissini yaşayır. Qarabağ müharibəsini mistik, magik realizm, reallıqla irreallığın sərhədində işləyən filmlər var: “Arxada qalmış gələcək”, Pərviz Həsənovun “Soraq.” Bu janrda çəkilən ən yaxşı film Ayşad Səfərəliyevin “İnikas”ıdır.  Ağdam şəhərində köhnə fotoaparatla qarşısına çıxan hər şeyi çəkən Cavid şəkilləri aşkarlayanda gələcək faciələri görür.

Aygün Aslanlı: Mən Sevdaya yüngülvari opponentlik etmək istəyirəm. Mən soyqırım mövzusunda çox flmə baxmışam. Filmlərdə düşmənçilik nifrət təlqin olunmur. Xaricdə yaşayan erməni rejissorlarının filmlərində əhvalatın nüvəsində faciə yaşamış erməni ailəsi dayanır. Məsələn, “Ana”  adlı filmdə ailənin bir qismi qırılıb. Əhvalatın əsas mövzusu odur ki, ailə Fransada necə həyata tutunur. Filmin içində bu xətt çəkilir ki, uşaq böyüyüb vacib adam olsun və onların səsini dünyaya çatdırsın. Atom Eqoyanın “Ararat”ında erməni ideologiyası açılır, yəin “biz buyuq, buna inanırıq,  inanmasaq mövcud olmayacağıq”. Məncə bizim kinomzuda çatmayan odur ki, mövzunu fərddən açaraq danışmırıq. Amma “Nabat”da qadının yaşadıqlarında müharibənin dəhşətlərini dərk edirik. Məncə, Qarbağ mövzusunda istədiyimiz kimi filmin çəkiləməsini bir səbəbi də yaradıcı krizdən əlavə, məğlubiyyət kompleksinin olmasıydı. Bəlkə qalibiyyətdən sonra yaxşı əsərlər ortaya çıxar.

Nəriman Əbdürrəhmanlı: Rejisor müharibənin anatomiyasını görməlidir. Müharibəni içindən görməlidir, öz taleyindən keçirməlidir. Nizami Abbasın “Batalyon” filmində müharibənin anatomiyası var. O, insanların  taleyini hadisənin içindən keçirir. Kəmiyyət baxımından müharibə haqda filmlər çox olsa da, keyfiyyətlisi azdır.  Mənim Sevda xanımın çıxışına bəzi əlavələrim var. Müharibə filmlərindən biri də “Sualtı qayıq “T-9” filmdiir. Düzdür, rejissoru rusdur. Amma bizim aktyorlar da çəkilib. Sualtı mühit yaratmaq üçün kinostudiyanın həyətində hovuz düzədlimişdi.Müharibə qurtarandan sonra qeyri-qanuni bir göstəriş verilmişdi ki, müttəfiq respublikalar müharibəylə bağlı film çəkməsin. Çünki müharibənin qəhrəmanı ancaq rus ola bilər. “Əsgər atası” isə 1965-ci ildə çəkildi. “Uzaq sahillərdə”  filmi Moskva ilə dönə-dönə yazışmadan sonra çəkildi. Stalin öləndən sonra mülayimləşmə dövründə bu mövzu qapandı. Müharibə filmlərimiz əsasən rəmzlər üzərində qurulub: “Mən ki gözəl deyildim”də məktub, “Tütək səsi”ndə tütək, “Şərikli çörək”də çörək. Bu, düşünülmüş deyildi. “Gilas ağacı”, “Dvorjakın melodiyası” yaxşı filmlərdəndir. Şamil Mahmudbəyovun “Dörd bazar günü”ndə də sarsıdıcı insan taleləri var. Qaldi müstəqillik dövrünün filmlərinə. Çox vaxt itirildi, dövlətin vəsaitləri havaya sovruldu. İki filmi çox fərqləndirirəm. “Nabat” bütün komponentlərinə görə, müstəqillik dörvünün ən yaxşı əsərlərindən biridir. “Sarı gəlin”də müəyyən razılaşmadığım tərəflər olsa da,  insan faktoru bizim üçün yaxşı məqamdır. Yüzə qədər Milli Qəhrəman haqda film çəkilib. Əksərində eyni struktur, təfəkkür tərzi var, sxematik portret yaradılıb. Rejissorlar ədəbiyyatımzıla kifayət qədər maraqlanmırlar. Qarabağ mövzusunda yazılmış əsərlərdə maraqlı məqamlar var, onları işləmək lazımdır.

Nizami Abbas:  Uydurma qəhrəmanla real qəhrəman arasında böyük fərq var. Biz Qarabağ müharibəsini yaşaya yaşaya müxtəlif qəhrəmanları tanıdıq. Sənədli janr bu qəhrəmanları tanıdır, ona görə də kinoda onun yükü böyükdür.  Sergey Bondarçuk barıt qoxulu rejissordur. Oğlunun filmləri isə atasının filmləri kimi olmadı. Müharibə filmi çəkən rejissor barıt qoxulu olmalıdır. Azərbaycan kinosunun ən böyük qüsurlardan biri pafosdur: həm bədii, həm sənədli kinoda. Müharibə ilə bağlı maraqlı hadisələr var ki, onları kinoya gətirmək lazımdır. Laçında bir hadisə olmuşdu, işğalın son günləri idi. O qoca kişi maşın təkərinə söykənmişdi ki, oğlanlarımı gözləyirəm. Onun fotosu da, videosu da var. Ovladları sonra məni tapmışdı. O qoca orda qalmamışdı. Deyirdi ki, vallah biz qayıdacağıq. Doğrudan da, indi bzi qayıdırıq. 1941-45-ci il hadisələrini sənədli kinodan öyrənmişik, ona görə sənədli kino vacibdir.

Oleq Səfərəliyev: Söhbət ondan gedir ki, yaxın 5-6 ildə biz dəyərli bədii film gözləməli deyilik. Çünki kadrlar, peşəkar səviyyəs aşağıdır. Biz gücümüzü sənədli filmlərə, qələbə filmlərinə sərf etməliyik. Sənədli filmlər həm maliyyə baxımından daha ucuzdur, həm də tamaşaçıya qəhrəmanları daha yaxşı çatdıra bilər. Nazirlik iki müsabiqə etmişdi. Mənə elə gəlir ki, 12-14 film qalib gəlib. Hazırda heç biri istehsalata buraxılmır. Bədii səviyyəsinə görə. Bunun kökü isə təhsilə gedib çıxır. İncəsənət Universitetində təhsil səviyyəsi yüksəlməlidir.

Vaqif Azəryar: Qarabağla bağlı filmlər necə olmalıdır? Əvvəla inandırıcı olmalıdır. Hansı baxış bucağından baxırsan bax, lap mövzunun ssenaridə işlənməsi əla olsun, həqiqətə uyğun olsun. Amma kinoya gətirəndə o inandırıcı olmalıdır. Peşəkar deyilsə, inandırıcı da olmayacaq. Bu, həm də qəlb məsələsidir. Yəni rejissor bildiyi, ruhuna yaxın olan mövzusunu çəkməlidir. Müharibə ilə bağlı mənim üçün ən təsirli film “İvanın uşaqlığı”dır. Müharibənin dəhşətini orda hiss etdim. Nə çəkirsən çək,  nəticə o olmalıdır ki, müharibə dəhşətdir. Birinci yanaşma müharibə nədir, necə olub, ikinci yanaşma isə bundan sonra necə olmalı olmalıdır. Barışıq nöqtələrini tapmalıyıq. Bizim mədəniyyətimizdə də bu var: “Əsli və Kərəm”, “Şeyx Sənan”, “Kamança”, “Bahadır və Sona”, “1905-ci ildə”. Yəni bu, bizim əxlaqımızdır, saxta deyil. İnsan xarakterlərini, dərin insan travmalarını araşdırmalıyıq. Bu isə peşəkarlıq və bədii səviyyə tələb edir.

Amil Amal: Fikir verdim ki, daha çox işlənən söz “pafos” idi.  Yəni filmlərimizin əsas problemlərindən biri kimi görünür. Mənim “Qara bağ” filmimdə də vardı. Qarabağın geri qayıtması səhnəsində.  VGİK-də oxuyanda, “Qara bağ” diplom işim idi. Veledenski və Arabov filmimi qiymətləndirəndə Veledinski dedi ki, bu parça xoşuma gəldi. Arabov soruşdu ki, bu, sənə pafos kimi görünür? Bir rejissor kimi görünür dedim. Amma vətəndaş kimi yox.  Pafosdan qorxmaq lazm deyil, bu bədii priyomdur. Rayonlarda göstəriləndə çox adam ağlayırdı. Yerində olanda lazımdır. İkinci, məsələ kadr məsələsidir. İstehsalatda  çoxlu problemlər var. Rejissor istehsalatdan asılıdır. İstehsalat zamanı rejissor topladığı yox, kinostudiyanın təklif etdiyi komanda ilə işləməlidir.  “Titrəmə” yaralı əsgərin hekayəsidir. Orda qar əsas detallardan idi. İstehsalat rəhbərliyi təhrik edirdi ki, qarsız çək. Mən isə bir il qarı gözlədim. Filmi yekunlaşdırdım. İstehsalat problemini şəxsi təcrübəmdə gördüm. Bundan başqa ssenariyə senzuralar olur. Bu problemlər olmamalıdır. Humanizmi, bəşəri dəyərləri  filmlərdə saxlamalıyıq.

Nicat: Mənə elə gəlir ki, müharibə filmlərində Qarabağdan çox danışırıq. Ona görə filmlərimiz bəşərilikdən uzaqlaşır. Çünki şüar tipli məqamlar üzə çıxır. Bu hamıya aydındır. Müharibə hər yerdə vəhşiliklə, ölümlə üzə çıxır. Amma bunun necə göstərilməsi məsələsi var. Batal səhnələrdənsə fərdi hekayələrə üstünlük vermək lazımdır. Gəncədə uşağını xarabalıqlarda axtaran ata artıq müharibədir. Minimalist filmlər çəkmək olar bu mövzularda.

Əli İsa Cabbarov : Tərtərdəki, Bərdədəki və Gəncədəki ailələr qəhrəmana çevrilməlidir. Dövlət sənədli kinoya daha artıq pul xərcləməlidir. Zabitlərimiz, ordu, hamısı ayrıca filmlər tələb edən qəhrəmanlardı. Sənədli kinonun funksiyalarından biri də xalqa qəhrəmanlarını tanıtmaqdır.

Vaqif Azəryar: Vətən müharibəsi devizi altında müharibədən əziyyət çəkən vətandaşlarla sorğu üzərində film qurulmalıdır. Bu Vətən müharibəsidir və yeni millət yaranır. Bu prosesi göstərmək lazımdır. Yeni bir millətin doğulması.

Əli İsa Cabbarov: Bizim kinematoqrafçıları bu işdə bir üstünlüyü var: bizim filmlərimizdə yalan danışmağa ehtiyacımız yoxdur. Həqiqət bizim tərəfdədir. Bu da bizim üstünlüyümüzdür.

Sevda SULTANOVA