Kinoteatrların sayı çoxalmalıdır
Martın 6-da Azərbaycan Kinematoqrafçılar İttifaqında “Komediyalarımızın bu günü və sabahı” mövzusunda müzakirə keçirilib. Müzakirədə prodüser Orxan Mərdan, senaristlər Vüqar Hüseynov, Talıb Əhmədov, aktyor Nofəl Vəliyev, rejissor Emin Əfəndiyev, kinoşünaslar Aygün Aslanlı və Sevda Sultanova iştirak ediblər.
Prodüser Orxan Mərdan çıxışında bir neçə il əvvəl insanları komediya filmləri ilə kinoteartrlara necə cəlb edə bildiklərindən danışıb: “Biz Zaur Mirzəzadə ilə oturub, araşdırdıq və belə qərara gəldik ki, posterə adı yazılsa, tamaşaçıda maraq cəlb edəcək adamlar tapaq və onlarla necə isə razılaşaq. Qəribədir ki, bizim istifadə etdiyimiz birinci piar metodu bilirsiniz nə idi? Azərbaycanın tarixində ilk dəfə 5/1 formatlı səsdə kino göstərirdik”.
Kinoşünas Sevda Sultanova ümumilikdə müasir Azərbaycan komediyalarında bayağılıq olduğunu bildirib: “Bizim komediya filmlərimizin problemi ondadır ki, onların vahid dramaturgiyası yoxdur. Bizdə yumordan çox, zarafat var”.
Prodüser Orxan Mərdanın fikrincə, ölkədə komediyaların inkişafı üçün kinoteatrların çoxaldılması mütləqdir və kino sahəsinin pul qazana bilməsi üçün dövlət kinodan uzaq dayanmalıdır: “Qonorarların artması, hamının pul qazanması üçün dövlət getsin öz işi ilə məşğul olsun. Qarabağı düzəltsin, yol çəksin, əlillərə, şəhid ailələrinə baxsın, dövlətin vacib öhdəliklərini yerinə yetirsin, kinodan əlini çəksin. Bir balaca da şərait yaratsın, onda ssenarist də, rejissor da, hamı qonorar almağa başlayacaq”.
Müzakirənin videyazısını burdan izləyin:
aki.az