Kino Məktəbinin tələbəsi Ülviyyə Heydərovanın ssenarisi əsasında film çəkilib

Kino Məktəbinin tələbəsi, yazıçı Ülviyyə Heydərovanın ssenarisi əsasında rejissor Elmar Bayramov müharibədə əsir düşənlərə həsr olunmuş “Nəfəs” (Breath) filmini çəkib.

Yeri gəlmişkən, Ü.Heydərova “Uşaqlıq” monopyesi, “Pələng” və s. əsərlərin müəllifidir. Onun “Uşaqlıq” monopyesi Batumi Beynəlxalq Monodram Fstivalında qalib gəlib. Bundan başqa,  bu pyeslə 2018-ci ildə Almaniyanın Potsdam şəhərində Höte İnstitutu tərəfindən keçirilən “Next Stage Europe -2018” gənc dramaturqların festivalında ölkəmizi təmsil edib. 2019-cu ildə Moskvada keçirilən “XXI əsr- ilk hadisə” Müstəqil Beynəlxalq Müasir Dramaturgiya Müsabiqəsinin “Tənha artist” nominasiyanın uzun siyahısına daxil edilib. Səhnə əsəri 2020-ci ildə Sumqayıt Dövlət Dram Teatrında Xalq artisti Firudin Məhərrəmovun quruluşunda tamaşaya qoyulub.

Qeyd edək ki, yazıçının ssenarisi əsasında çəkilən “Nəfəs” filmində müharibə vaxtı əsir düşmüş Bəxtiyardan bəhs olunur. İllər sonra doğma kəndi işğaldan azad olunduqdan sonra Bəxtiyar ora getmək qərarına gəlir. O sanki əsirlikdə olan zaman yaşadığı hissləri yenidən yaşamalı olur.

Filmin rejissoru Elmar Bayramov Sputnik Azərbaycan-a bildirib ki, qısametrajlı çəkdiyi “Nəfəs” filmi ABŞ-ın Old stone pictures və Black Garden Company şirkətlərinin istehsalıdır və filmin çəkilişləri Azərbaycanda baş tutub.

Pandemiya ilə əlaqədar olaraq E.Bayramov ABŞ-dan vətəninə gələ bilməyib, ona görə də çəkilişlərə onlayn formatda başçılıq edib.

Filmin yaradıcı heyəti aşağıdakılardır:

Ssenari müəllifi Ülviyyə Heydərova(Elmar Bayramovla birgə), quruluşçu rejissor Elmar Bayramov, prodüserləri Elçin Ağazadə, Vüqar Yusifoğlu, Rəşad Dadaşov, operatoru Ruslan Ağazadə, bəstəkarı Vüqar Camalzadə, montajçıları Şahmar Haşımov, Röyal İsmayılov, Elmar Bayramov, ikinci rejissoru Cabir Hacıyevdir. İştirak edirlər: Vüqar Hacıqədir, Rasim Cəfər, Tural Əhməd, Günay Əhməd.

aki.az