Bir daha Kino Agentliyi haqqında

Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov “Xalq qəzeti”nə müsahibə verib.

Müsahibədə Mədəniyyət Nazirliyinin qarşıdakı fəaliyyətinin əsas istiqamətləri ilə bağlı danışan nazir, eyni zamanda milli mədəniyyətin inkişafı ilə bağlı prioritetlər müəyyənləşdirilərkən ayrı-ayrı sahələrlə yanaşı konkret vəzifələrin nəzərə alındığını da qeyd edib: “Sözsüz ki, fəaliyyətimizdə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları, habelə dövlət başçısı tərəfindən təsdiq olunmuş dövlət proqramlarının icrası prioritet təşkil edəcək. Mədəniyyət sahəsində qanunvericilik bazasının da yenilənməsinə ehtiyac var”.

A.Kərimov qeyd edib ki, bu il kino haqqında yeni qanun layihəsini Milli Məclisə təqdim edib müzakirəsini keçirmək istəyirik və hazırda bununla bağlı müzakirələr aparırıq: “Planımızda ilk sırada olan məsələ isə Azərbaycan Respublikasının Kino Agentliyinin yaradılmasıdır. Agentlik publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək. Əsas məqsəd kino sənayesində müasir tələblərə cavab verən şərait yaratmaq, bu sahəyə ölkəmizdən və xaricdən investisiyalar cəlb etmək, özəl sektorla işləri qurmaq və insan resurslarına diqqəti gücləndirmək, bununla da Azərbaycan kinosunun inkişafına nail olmaqdır”.

Nazir bildirib ki, kino konsepsiyası çərçivəsində xarici kinostudiyaların Azərbaycanda film çəkilişlərini təşviq edən bir platforma yaradılması da nəzərdə tutulub. Bu bizə imkan verəcək ki, xarici kino şirkətləri öz filmlərini Azərbaycanda çəksinlər. Təbii ki, bu, həm də ölkəmizə sərmayə gətirəcək.

Söhbət əsnasında Türkiyə Cümhuriyyətiylə əməkdaşlıq səviyyəsinə diqqət çəkilib: “Qardaş Türkiyə ilə mədəniyyət sahəsində həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində geniş əməkdaşlıq imkanları mövcuddur. Ortaq tarix və dəyərlərimizə əsaslanan bu əməkdaşlıq dövrün tələbi olmaqla bərabər, ölkələrimizin bütün maraqlarını tam şəkildə ehtiva edir. Səfər zamanı iki ölkə arasında mədəniyyət üzrə birgə komissiyanın iclası keçirildi. İncəsənət, muzey, kitabxana işi, kino sənayesi və s. sahələrdə əməkdaşlığa dair faydalı müzakirələr aparıldı. Məqsədimiz Türkiyə ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığı daha da gücləndirmək, bir çox məsələlər üzrə təcrübə mübadiləsi aparmaqdır. Xüsusilə də kino sahəsi üzrə birgə layihələr həyata keçirməyi planlaşdırırıq”.

“Vətən müharibəsində əldə etdiyimiz zəfərin həm türk dünyasında, həm də beynəlxalq platformada ən yüksək səviyyədə təbliğində kino layihələri mühüm rol oynaya bilər” deyən nazir, eyni zamanda əlavə edib ki, bu məqsədlə ortaq layihələr həyata keçirmək istəyirik: “Türkiyə tərəfi də bu sahədə işbirliyinə böyük önəm verir. Türkiyənin film istehsalı ilə məşğul olan aparıcı şirkətləri ilə əlaqə yaratmışıq. Birgə filmlərin çəkilişlərində Azərbaycan tərəfindən həm aktyorlar, həm də rejissorlar iştirak edəcəklər. Məlumdur ki, Türkiyənin kino sənayesi son dövrlərdə çox inkişaf edib. Türk filmləri, serialları dünyada maraqla qarşılanır. Biz də bu təcrübədən yararlanmaq istəyirik”.

aki.az