“Oğuz elinin qəhrəmanı” sənədli filmi təhvil verilib

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor Kəmalə Musazadə çəkdiyi “Oğuz elinin qəhrəmanı” qısametrajlı sənədli filmini artıq təhvil verib.

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Rafiq Alıcanova həsr edilən film qəhrəmanın həyat hekayəsi üzərində qurulub.

Xatırladaq ki, Rafiq Alıcanov 11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açıb. Kalininqrad Ali Hərbi Məktəbində təhsil alıb. 1988-ci ildə Ukraynada ixtisası üzrə işə fəaliyyət göstərib. Həmin il Qarabağ müharibəsinin başlanması onun vətənə geri dönməsinə səbəb olur. Hərbi təcrübəsi nəzərə alınan gənc zabit, Tovuz rayonunda yerləşən N saylı hərbi birləşmədə mühəndis xidməti rəisi vəzifəsinə təyin edilir. Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan və Naxçıvan döyüşlərində iştirak edib, kapitan rütbəsinə yüksəlib.

5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub, Köçəvəlli kəndində dəfn edilib.

2020-ci ilin 20 sentyabrından çəkiliş üçün Qazax-Ağstafa bölgəsinə yollanan  rejissor Kəmalə Musazadə, II Qarabağ Müharibəsinin başlanması səbəbindən dekabr ayına qədər orda qalmalı olur. Və həmin ərəfədə çəkiliş üçün geniş hazırlıqlar görüb.

Rejissor deyir ki, “Oğuz elinin qəhrəmanı”  filmində bir qədər uzaqgörənlik edərək qələbə ruhundan çıxış edib. Bir şəhidin həyatı üzərində qurulan filmdə, ömrünü vətən üçün qurban edənlərin sonda qələbə ruhunu hiss etməsi əsas şərt idi.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin layihəsi çərçivəsində “Salnaməfilm”  studiyasında Milli Qəhrəmanlar haqqında silsilə filmlərin istehsalı davam edir. K.Musazadə bu silsilə çərçivəsində bir çox filmlər “Qəhrəmanlıq zirvəsi”, Vətənim mənim”. “Şuşalı şəhid” “Alı zirvəsi”  və s. lentə alıb.

Rejissor qeyd edir ki, əvvəllər filmlərin təqdimatında “Vətən yolunda canından keçmiş qəhrəmanların qanı hələ də yerdə qalıb” kimi ruhdüşgünlüyü olan cümlələr qurulsa da, hazırda “biz qalib gəlmişik” deyə qələbə sevincinə köklənmşik: “Oğuz elinin qəhrəmanı” filminin çəkilişləri zamanı “Qazaxda idim, gərgin davam edən II Qarabağ müharibəsini bütün həyəcanını məhz orda izlədik. Xoşbəxtlikdən bu filmdə artıq qələbə ruhunu ortaya qoya bildik”.

Məhz buna görə də filmin çəkilişi zamanı qələbə ruhunu əks etdirən quraşdırma səhnələrə ehtiyac qalmayıb, o ruhu canlı olaraq filmə gətirməyə nail olunub.

Kəmalə xanım onu da qeyd edir ki, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsi başda olmaqla layihəni gerçəkləşməsi böyük zəhmətlər hesabına başa gəlib: “Vətən uğrunda şəhid olan qəhrəmanlarımız bizə böyük millət olduğumuz həqiqətini yaşatdı”.

Vətən uğrunda həlak olan şəhidlərimizin hər birinin keçdiyi döyüş yolu bir həyat hekayəsidir. Kinematoqrafçılarımız hər zaman bu mövzunu gündəmdə saxlamağa çalışır və qarşıda neçə-neçə qəhrəmanın həyatının lentə alınması var.

Rejissor Kəmalə Musazadə onu da qeyd etdi ki, hazırda 3 film üzərində işləyir və tezliklə həmin filmlərin də çəkilişini yekunlaşdırmaq fikrindədir.

aki.az