“Fulya” sənədli filminin çəkilişlərinə başlanılıb
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə ekranlaşdırılan, “Azərbaycanfilm” və Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı olan “Fulya” sənədli filminin çəkilişlərinə start verilib.
II Qarabağ müharibəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Türkiyə Cümhuriyyətinin başlıca rol oynaması, savaşın qızğın çağında dəqiq informasiyalar hazırlayaraq dünyaya çatdırılması ölkəmiz üçün siyasi əhəmiyyət kəsb edirdi. Bu baxımdan “CNN-Türk” TV-nin müxbiri Fulya Öztürkün Qarabağ həqiqətlərini dəqiq və qərəzsiz şəkildə dünyaya yayması sonda onunla nəticələndi ki, onun həyatının sənədli film olmasına qərar verildi.
Azərbaycanfilm” kinostudiyasından Azərtac-a verilən məlumata görə, film Vətən müharibəsi dövründə müharibənin acı və dağıdıcı həqiqətlərini dünyaya çatdıran “CNN Türk” televiziyasının hərbi müxbiri F.Öztürkün keçdiyi şərəfli yolu onun ifadəsində ən xüsusi kadrlarla yenidən əks etdirəcək.
Qeyd edək ki, ekran əsərinin ssenari müəllifi və rejissoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü Tahir Tahiroviçin “Fulya” layihəsi “Böyük qayıdış”ın qalibləri sırasında yer tutmuşdu.
Rejissorun dediyinə görə, əslində Fulya Öztürkə həsr edilən ssenari bədii film kimi düşünülmüşdü, sonrakı proseslərdə sənədli film olmasına qərar verilib ki, bunda da müharibədən çəkilən sənədli kadrların çox olması böyük rol oynayıb.
Filmdə F.Öztürkün və onunla birlikdə cəbhə bölgəsində çəkilişlər aparan operator Halil Kahramanın lentə aldığı və hələ ki, yayınlanmayan bir neçə saatlıq video materiallardan istifadə ediləcək.
Filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviç, operatoru Cengizhan Durmaz, prodüserləri Fariz Əhmədov və Özcan Dadadır. Çəkilişlər Gəncə, Tərtər və Şuşada aparılacaq.
aki.az