“Ata ocağı” 5-ci sezonun astanasında
Azərbaycan Kinematoqrafçılar İttifaqında serial sektoruna dəstək, onların problemlərini və uğurlarını işıqlandırmaq məqsədilə silsilə tədbirlər keçiriləcək.
5 iyun 2021-ci il tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqında növbəti müzakirə keçirildi.
İttifaqın ilk qonağı beşinci mövsümə hazırlaşan, bu mənada günlük seriallar arasında ilkə imza atan, uğurlu seriallarımızdan biri “Ata ocağı”nın yaradıcı heyəti idi.
Müzakirədə kinotənqidçi Sevda Sultanova və AKİ-nin katibi, rejissor Əli İsa Cabbarovun moderatorluğu ilə serialın ssenari müəllifi Valeh Əhmədov, quruluşçu rejissoru Rüfət Şahbazov, prodüseri Amiran Babayev, baş rolların ifaçıları, Xalq artisti, professor Həmidə Ömərova, Əməkdar artist Rasim Cəfər, Rəşad Bəxtiyarov iştirak ediblər.
Sevda Sultanova: Azərbaycan şərtlərində bir serialın uğur qazanmasının əsas səbəbləri hansılardır? Söhbət ilk növbədə sizin öz təcrübənizdən gedir.
Rüfət Şahbazov: Məncə, istənilən serialın uğurlu olması bütün komandanın işindən asılıdır. Birinci və ən vacibi uğurlu ssenari və hekayədir. Birinci müəyyənləşdirmək lazımdır ki, serial kimin üçün çəkilir? Məsələn, internet tamaşaçısı, televiziya tamaşaçısı üçün çəkilən seriallar var. Bizim “Ata ocağı”nın tamaşaçıları ən çox evdar qadınlardır.
S.Sultanova: Nəyə əsasən deyirsiz ki, məhz evdar qadınlardı?
R.Şahbazov: Biz illərlə tamaşaçını sınamışıq. Çox uğursuz olmuşuq. Və bu uğursuzluqdan dərs götürdüyümüzdən sonrakı layihələrdə tamaşaçı sarıdan uğur qazanmışıq. Bizim serialı bəzən internetdə çox tənqid edirlər, biz tənqidlərdən qaçmırıq. Çox normal qarşılayırıq. Haqlı və haqsız tənqidlər də var. “Ata ocağı”nın ilk seriyalarına başlayanda, bütün bölümlərin çəkiliş strukturundan tutmuş musiqiyə, aktyorun oyun tərzinə, dinamikasına, ritminə kimi hər xırdalığı nəzərdə tutmuşduq ki, səliqəli, savadlı serial olsun. Bir müddətdən sonra gördük ki, baxan yoxdur. Ritmini artırdıq, mövzularda Valeh (“Ata ocağı”nın ssenaristi nəzərdə tutulur) bir balaca dəyişiklik elədi. Aktyorların danışıq tərzinı tamaşaçının dilinə yaxınlaşdırdıq və reytinq başladı artmağa. Niyə deyirik ki, ən çox evdar qadınlar baxır? Qurban İsmayılovla Həmidə Ömərova 4 ildir ki, bizdə çəkilirlər. Onlara küçələrdə verilən reaksiyalardan bilirik ki, evdar qadınlar daha çox izləyir. Mövzu ailə olduğundan ailə serialıdır. Ümumiyyətlə, serialın keyfiyyəti reytinq demək deyil. Bunu biz bilirik. Amma bugün biz reytinqə işləməliyik ki, serial ayaqda qalsın. Serial sektorunun çox yaralı yerləri var. Biz 11 ildir ki, bu sahədəyik. İstəyirik ki, serial həm ssenari, həm rejissor, həm prodüser işi tərəfdən yaxşı olsun. Aktyorların çoxu ilə işləmişik və aktyorların potensialını əzbər bilirik. Amma son nəticədə problem maliyyədə, təşkilatçılıqda ilişib qalır. Daha üst səviyyəyə çıxa bilmirik. Sənət sarıdan çox şey eləmək istəyirik. Bu sahədə yeni yetişənlər deyirlər ki, olar, filan şey bir az akademik olsun? Biz akademik çəksək tamaşaçı olmayacaq. Telekanal da serialı reytinq vermədiyi üçün bağlayacaq. Olmamağındansa orta həddi tutub olmağı yaxşıdır. Netflixdə, müxtəlif internet platformalarında seriallara baxırıq. Bilirik ki, hər bir obrazın xarakteristikası, travmaları, obraza uyğun geyimləri var. Biz bunu edə bilmirik. Rasim Cəfərin oynadığı Nadir obrazına onun daxili xarakterindən gələn bir geyim tərzi tələb olunur. Amma bir müddət sonra geyim dükanları deyir ki, biz seriallara geyim vermirik. Geyim üçün maliyyə ayrılmalı, dərzi sexləri olmalıdır. Türkiyədə Valehlə Birol Güvənin pavilyonunda olmuşduq, orda böyük dərzi sexləri var ki, obrazların geyimlərini təmin edir. Yaxud mən çox gözəl rəssamla işləmək istəyirəm. İstəyirəm ki, rəssam Türkiyədə təcrübəsini artırsın. Buna da gərək kimsə şərait yaratsın ki, rəssam Türkiyədə serial setini görsün.
S.Sultanova: Mövzuları necə seçirsiz? Mövzuyla bağlı araşdırma aparırsız?
Valeh Əhmədov: Ssenarinin bir qolu da araşdırmadır. Mövzu seçərkən araşdırmalar edirik. Mövzu boşanmadırsa, səbəblərini araşdırırıq: ərin qadını işləməyə qoymaması, qaynananın müdaxiləsi, qohumların anlaşmaması və s. Ən çox hansı səbəb yayğındırsa, mövzunu onun üzərində qururuq. İkinci dəfə mövzuya qayıdanda ikncidən başlayırıq. Hekayələri seçəndə fikir ayrılıqları olur ssenari müəllifləri komandasında. Və bu fikir ayrılıqları işimizə yarayır. Bəzən mən bəzi şeyləri qavramadan onun “okeyini” vermək məcburiyyətində qalıram. Çünki bunu düşünən 20 yaşında bir qadındır. Qadın baxış bucağını başa düşməyə bilərəm. Amma qadın tamaşaçı onu mütləq ki, başa düşəcək. Ssenarinin digər mərhələsi müşahidə və empatidir. Bizim çoxumuz 1990-cı illərdə böyümüş uşaqlarıq. Ailədəki sıxıntıları, problemləri özümüzdə, özümüzdə də olmasa, qonşuda, qohumda görürük. Ona görə şərhlərdə də oxuyuruq və ya rastlaşdığımız tamaşaçılar deyir ki, o, sanki atam idi, ya əmimin evində olan problem idi. Cəmiyyətdən gələn reaksiyalara biganə qalmırıq.
Seçdiyimiz hekayənin uzun vədəli perspektivinin olub olmadığını analiz edirik. Sonra onu tökürük sinopsisə. Sinopsisdən sonra biz artıq hekayənin yol xəritəsini qururuq ki, nələr ola bilər, bu qəhrəmanın başına hansı hadisələr gələ bilər. Yol xəritəsindən sonra başlayırıq bölüm sinopsisini qurmağa. Bölüm sinopsisindən sonrakı mərhələ tredman mərhələsi olur. Tredman mərhələsində artıq səhnələrdə nələr olacaq, nələrə diqqət etməliyik, onu düşünürük. Türkiyədə olanda bizə bu işin də master klassını öyrətdilər. Yəni “dəqiqəli reytinqlər” deyilən anlayış var televiziyada. Bir hekayə şkala üzrə üzüyuxarı gedirsə, demək ki, bu hekayə uğurlu alınıb. Məsələn, tredmanda 4-cü səhnə-Nazimlə Şəfiqənin qarşılaşmasıdır. Biz bu səhnənin içinə mütləq şəkildə duyğular qatırıq ki, o səhnə əvvəldən sonadək izlənsin. Və dəqiqəli reytinqlərdə bunun nəticəsini görürük ki, bu hekayə tutdu.
Komandanın uğurlarından biri budur ki, hər kəsin fikirləri önəmlidir. Tredmanlarda səhnənin dinamikasına baxırıq. Tutaq ki, filan səhnə bir az oturaq səhnədirsə bura düşünürük ki, ya detektiv qataq, ya fərqli hisslər qataq və ya milli musiqi. Bu tipli təkliflərlə artıq tredmanı da oxuyub qərarlaşandan sonra ssenaristlər sərbəst şəkildə dialoqları yazırlar. İşçilərdən biri həmin həftə araşdırma ilə məşğuldur. Yəni bölümdə polisə, tibbə aid mövzu varsa polislə, həkimlə əlaqə saxlayır. Və dialoqları son dəfə mən oxuyandan sonra rejissora yollayıram.
Əli İsa Cabbarov: Çəkiliş zamanı ssenariyə nə qədər korreksiya olur?
V.Əhmədov: Komanda şəklində o qədər gözəl anlaşırıq ki, heç kimdə elə bir eqo yoxdur ki, niyə mənim yazdığım kimi çəkilməyib. Bəzən ola bilər ki, çəkilişin getdiyi məkan mənim yazdığım ssenariyə uyğun olmasın. Yaxud aktyorun danışıq dili mənim yazdığım danışıq dilimə uyğun deyil.
Ə.İ.Cabbarov: Strukturda dəyişikliklər olur?
R.Şahbazov: Struktur dəyişikiliyi ola bilməz. Çünki bu halda bütün sistem dağılacaq. Səhnə içində nə dəyişirik? Ssenaristin təsəvvüründəki atmosferlə setdəki atmosfer, aktyorun ovqatı düz gəlməyə bilər. Vaxta görə bir çox şeylər remarkalarda yazılmır. Artıq rejissor remarkaları yazır. Dialoqdakı bəzi şeylərin üstündən xətt çəkirik. Onu reaksiya ilə əvəz edirik. Bilirəm ki, Valeh nəyi nəzərdə tutur. Önəmli səhnələrin konfliktləri var. Ola bilsin, Valeh 15-20 bölüm sonraya saxlayıb həmin konflikti. Ondan əvvəlki bölümlərdə yeni başlayacaq konfliktin ilk cücərtilərini vermək lazımdır. Ola bilsin, aktyor, setdə heç kimi başa düşməsin ki, həmin söz niyə deyilir. O zaman Valeh mənim üçün onu xüsusi qeyd edir ki, niyə bu fikir deyildi. Günə minimum 20 epizod çəkməsək alınmır. Digər seriallarda 30-40 epizod 40 dəqiqə edir. Biz Valehlə serialın ritmini müəyyənləşdirmişik, 20-22 epizodla 42 dəqiqəni tamamlayırıq. Bir ay ərzində 20-22 seriya çəkirik.
Ə.İ.Cabbarov: Neçə kamera ilə işləyirsiz?
R.Şahbazov: Əvvəl iki kamera ilə işləyirdik. Ara-sıra üç kameradan istifadə edirik. İki kamera ilə işıq, görüntü keyfiyyəti daha çox olur. Amma sürət lazım olanda üç kameradan istifadə edirik.
S.Sultanova: Bir ay ərzində bu qədər bölüm çəkməyiniz yəqin keyfiyyətə təsir edir.
R.Şahbazov: Çox pis təsir edir. Yaradıcı insanların içində bir alovlanma var. Sağ olsunlar aktyorlarımız hamısı peşəkardır və mənə kömək edirlər. Mən ssenarini oxuyuram və bu səhnənin üzərində işləmək istəyirəm. Aktyor oyununu, mizanı, xətti qururam. İki-üç səhnəni yaxşı işləyəndən sonra artıq hava qaralır, gün batır. Qarşıda isə 15 səhnə var. Ona görə bir sistem qurmuşuq. Orta hədd. Nə keyfiyyətli, nə keyfiyyətsz işləyəcəksən. Mizanları sadə verəcəksən. Oyun tərzlərinə gəlincə, xarakterlər aktyorun canına hopubsa aktyor başa düşməlidir səni. Məni başa düşməyən aktyorla işləyə bilmirəm. Məni başa düşməyən aktyor pis aktyor deyil. Sadəcə onunla bir səhnəni bir saat məşq edə bilmərəm. Amma Rasimdir, Qurban müəllimdir, Rəşaddır, artıq personaj hopub canlarına, bir birimizi başa düşürük. Çalışırıq ki, dubl çox olmasın. Çox dubla qarşı deyiləm. Belə olanda istədiyini də alırsan. Amma zaman qıtlığı var.
Ə.İ.Cabbarov: Mənə elə gəlir ki, uğur həm də adla bağlıdır.
V.Ə: Ad seçimində bacardığımız qədər həssas oluruq. Günlərlə vaxımız gedir buna. Çox versiyalar vardı. “Ata ocağı“ deyəndə hamıya toxundu. Prodüser heyəti dəstək verdi adına. Və serialdakı əsas ailənin evinin şəklini çəkib gətirdilər. Evə baxdıq ki, ata ocağı budur.
S.Sultanova: Serial aktyorunun çətinliyi nədir? Maksimal nəticəni almaq üçün komfort yaradılırmı aktyorlara?
Rasim Cəfər: Mən də razılaşıram ki, serialın uğuru komanda işidir. Tamaşaçı hədəfini düzgün seçmək də böyük rol oynayır. Bunu dəqiq bilsən serial baxılacaq. Və serialı elə danışmaq lazımdır ki, səni öldürməsinlər, həyatda qalasan. Hər bölümü elə yerdə kəsəsən ki, tamaşaçı maraqda qalsın. Bizim strategiya bu baxımdan doğrudur.
Günlük seriallarda ssenaristləri qınamıram. Çünki burda ssenaristin obrazın, əhavalatın alt qatının fəlsəfəsini düşünmək komfortu yoxdur. Sən bir həftəyə beş bölümü yazmalısan. Hətta olur ki, daha çox yazmalısan. Daha sürətli qurmalısan ki, efir serial istəyir. Eyni sürətlilik bütün komandadan tələb olunur. Aktyor işinə gəlincə, filmdə konkret səhnələrə köklənirsən. Serialda isə səhər 9-dan çəkiliş meydançasındasan, nə vaxt bitəcəyi bilinmir, bəzən tez, bəzən gec bitir. Aktyor sürətli düşünməlidir. Komfort imkan daxilində bizə yaradılır. Bizim serialları türk serialları ilə müqayisə etmək yanlışdır. Onlarda olan komfort bizdə yoxdur. Hər baxımdan. Bizdəki şərtlərə görə mümkün olan bütün imkanlar yaradılır.
V.Əhmədiv: Bizim kanal 11 ildir çətinliklərə baxmayaraq serial istehsal edir. Konkret bizim serialda bütün heyətin maraqları gözlənilir, hüquqları qorunur. Büdcədə əgər artıq pul qalırsa, o da keyfiyyətə xərclənir. Çöllükdə çəkiliş ediriksə, Amiran yeriyən təkərli ayaqyolu, ya dincəlmək üçün lüks avtomobil gətirdir. Türkiyədə bunlar adi şeylərdir. Bizdə də zamanla düzələcək. Bunun üçün reklam bazarı inkişaf etməlidir. Reklamçının da intellekti. Bu, hamıya aid deyil.
Ə.İ.Cabbarov: Bildiyim qədərilə, sizin serial Çində serial sərgisinə çıxarılıb.
R.Şahbazov: Çində “Cehizsiz gəlinlər” serial bazarına çıxarılmışdı və bir ərəb ölkəsinə satılmışdı. Ərəb ölkələrində ən çox bizim və türk seriallarına maraq var.
Amiran Babayev: Əminliklə deyə bilərəm ki, söhbət günlük serialdan gedirsə, ən çox komfort bizim serialdadır. Təbii ki, çatışmamazlıqlar var. Amma bunlar görünən, edilə bilməyən cəhdlərdir. Çünki həftə ərzində o beş bölümü çatdırmalıyıq. Geyimlərə gəlincə, niyəsə dükanlarla anlaşa bilmirik. Bu tək geyimlərə aid deyil. Məkanlardan da danışmaq isəyirəm. Misalçün, xəstəxana səhnəsi çəkilirsə, biz xəstəxanaya saat 6 dan sonra girə bilirik. Çünki iş saatı bitir və biz ora girə bilirik. Hər hansı personaj qəzaya uğrayır, xəstəxanaya çatdırılır və orda dünyasını dəyişməlidir. Xəstəxanada personajın dünyasını dəyişməsini çəkə bilmirik. Bunu heç bir klinikada edə bilməzsiniz. İmicinə zərbə kimi qəbul edir. Halbuki, bu, serialdır və orda hər şey baş verə bilər. Günlük serialda hava limanıdır, dəmiryoludur – müəyyən dövlət qurumları var ki, ən azı bir həftə, on gün əvvəl, onun icazəsini almaq lazımdır. “Azərbaycanfilm” studiyasında cəzaçəkmə müəssisəsi var ki, orda asanlqla çəkirsən. Türkiyədə ən azı beşmərtəbli bina var. Bunun bir mərtəbəsi klinikadır, bir mərtəbəsi cəzaçəkmə müəssisədir. Seriallar orda gəlib istədiklri zaman çəkirər. Müəyyən ödəniş edirlər. Və bunu bizdə də biznesə çevirmək lazımdır. Bütün bunlara rəğmən serial sektoru var. Minlərlə insanın iş yeridir. Zəif seriallar da var. Amma ümumən iş gedir. Hətta zəiflər olanda yaxşılar blinir. Vaxtilə dövlət büdcəsindən seriallara maliyyə ayrılırdı. İndi biz bilmirik, nələr oldu, nələr baş verdi, bəlkə inam itdi, maliyyə dayandı. Amma istənilən halda serial sahəsinə yenə də təkan lazımdı.
Ə.İ.Cabbarov: Məncə, vəsait ayrılmaqda məqsəd bu idi ki, yerli seriallara nəfəs verilsin. Neçə ildir ki, vəsait ayrılmır, amma yenə də seriallar çəkilir. Demək ki, məqsədə nail olunub.
R.Şahbazov: Bunu da deyim ki, günlük seriala, yəni 5 bölümə ayrılan maliyyə vəsaitinin cəmini həftəlik serialın bir bölümünə ayırmırlar. “Ata ocağı”nı həftədə bir dəfə etsək, biz onun keyfiyyətini maksimum qaldıra bilərik. Amma dediyim kimi 5 seriyaya ayrılan maliyyə bir seriyaya ayrılmır. Kanallarda həftəlik seriallar çəkilir. Həmin həftəlik seriallar qəpik quruşa çəkilir. Bu sektora birbaşa zərbədir, səbirli olmurlar dostlarımız. Niyə? Həftəlik serial sifarişini günlük serial büdcəsinə götürürlər. Və bir ayın içində bir ilin materialını günlük serial səviyyəsində çəkirlər. Biz məsəlçün həftəlik serial təklif etmək istəyirik. “Ata ocağı”nın 5 seriyasına ayrılan məbləğdən bir az aşağı maliyyə ilə keyfiyyətli serial vermək olar. Amma deyirlər ki, filankəs gəlir, sənin bir seriyaya istədiyin pulu verirəm, iki aya bir illik serialımı çəkir. Həmin adamlara demək istəyirəm ki, buna getməyin. Ucuz məbləğlə həftəlik serialı günlük serial estetikasıyla tələsik çəkməyin. İki aydan sonra aktyor da, komanda da işsiz qalır.
Ə.İ.Cabbarov. “Ata ocağı”nı bir həftəlik çəksəniz, tamaşaçını iritmək qorxusu yoxdur?
R.Şahbazov: Yoxdur. Müəyyən tamaşaçımız var. Həftədə bir dəfə daha keyfiyyətli olar. Azərbaycan serialının keyfiyyətini qaldırmaq istəyiriksə bunun yolları budur. Orxan Mərdan sizin də tədbirdə, başqa verilişlərdə də yaxşı bir söz dedi ki, dövlət tərəfindən seriala maliyyə dəstəyi olmasın. Filmlərə, seriala maliyyə ayıran sponsorlardan vergi tutulmasın. Görün nə qədər sponsor gələcək seriala. Ondan sonra kanalın maliyyəsi mənə lazım deyil. Mən serialımı özüm çəkib satacam kanala.
Rəşad Bəxtiyarov: Keyfiyyətli iş istəyiriksə, puldan başqa sevgi, yanğı lazımdır. Burda vicdan da, istək də, həvəs də rol oynayır. Bunlar birləşəndə peşəkarlıq ortaya çıxır. Çünki biz təcübəmizdə çox görmüşük ki, xeyli maliyyə ayrılıb ortaya keyfiyyətli iş çıxmayıb. Burda bayaq deyildi ki, bu seriala qadınlar baxır. Kişilər üçün daha maraqlı kriminal, döyüş serialıdır. Bizim serialın fərqi ondadır ki, yetəri qədər kişi də baxır. Nazim – ata obrazı azərbaycan kişilərinin yaxşı mənada ümumiləşmiş bir obrazıdır. Yaxşı mənada bizim kişiləri məcbur edir ki, seriala baxsınlar. Bu cəhətlər serialı baxımlı edir. Bütün hallarda çatışmazlıqlar olsa da, bu sektor inkişaf edir. Hərdən bizi türklərlə müqayisə edirlər. Bir tərəfdən bu, bizim xoşumuza gəlir, bir tərəfdən yox. Xoşuma gəlir ki, biz özümüzü güclülərlə müqayisə edirik, çünki bu, inkişafa aparır. Maliyyə məsələlərində biz onlara uduzuruq. Amma aktyor oyununda biz onlara uduzmuruq. Teatrda bizim minimum üç ay vaxtımız var ki, rahat rol üzərində işləyək. Serialda isə operativ olmalısan. Bugün ssenarini aldınsa iki gün sonra sən onu oynamalısan. Adətən yaşlı nəsil buna hazır olmur. Çünki 15 il əvvəl seriallar yox idi. Onlar öyrəşib ki, üç-dörd ay hazırlaşsın. Amma indi dövr başqadır. Sürət əsridir. Hər həftə beş seriya verməlisən və borclusan keyfiyyət vermək üçün sürətlə düşünməyə. Serialın üstünlüyü ondadır ki, o, teatr aktyorunu tanıdır. Tamaşa olanda da serial aktyoruna görə gələcək.
Ə.İ.Cabbarov: Siz dediz ki, fokus qrupunuz evdar qadınlar və hətta kişilərdir. Əgər fokus qrupu dəyişərsə, günlük serial reytinqli ola bilərmi? Əgər əsas qəhərmanlar iş adamları, məmurlar, sənət adamları olsa.
R.Şahbazov: O təbəqənin baxması üçün bizə televiziyada müəyyən mövzulara toxunmağa icazə verilməldir. Həm də bir tərəfi maliyyəyə dirənir. Biz imkanlı şəxsi imkanlı şəxs kimi göstərə bilmirik. Villada göstərə bilərəm. Amma imkanlıların getdiyi restoranda onu çəkə bilmirəm. Həmin təbəqə üçün maraqlı olan mövzuları çox istifadə edə bilmərik. Müəyyən nöqtələrə kimi ancaq edə bilərik. Reytinq də olmaz, efir siyasətində də olmazlar var. Azərbaycanda o kateqoriya üçün işləyən telekanal İTV-dir. Bu zaman maliyyələşmə dövlətdən olmalıdır.
Həmidə Ömərova: Dörd ildir ki, bu serial göstərilir. Tələbat olmasaydı, gəlir olmasaydı bunu heç vaxt növbəti mövsümə saxlamazdılar. Böyük tamaşaçı auditoriyası var. Valeh də, setdə çalışanlar da rol alırlar. Maliyyə səbəbindən. Maliyyə dəstəyi daha yüksək olsaydı daha rahat işləyərdik. Çünki onsuz da əməkdaşlar yüklənirlər. Bu serial ailə dəyərlərinə üstünlük verir. Ən gözəl mental xüsusiyyətlərimiz bu serialda əks olunur. Serialın səviyyəsi ssenari, rejissor quruluşu sayəsində artır.
S.Sultanova: Nazim obrazı nümunəvi ata kimi dəstəklənsə də, o əvvəldə təzyiq edir övladlarına, hətta alçaldır. Bu obraz, necə nümunəvi ola bilər?
Ə.İ.Cabbarov. Tolstoyun sitatı var ki, Turgenevin romanındakı qadın obrazları roman çıxana qədər yox idi. Romandan sonra başladılar qadınlar o obrazları təkrarlamağa. Başqa tərəfən belə təhlükə ola bilər ki, zalım ata obrazını virus kimi populyarlaşdırırsınız. Ya da göstərirsiz ki, belə bir davranış modeli də var. Siz ailələrə kömək edirsiz yoxsa?
V.Əhmədov: Atanın bir travması vardı, gəncliyində başına gəldiyi üçün, oğlunun da başına gələcəyindən qorxurdu. Amma sonradan öz səhvini anladı, dəyişdi və müsbətə doğru gedir. Bir məsələyə də diqqət çəkmək istəyirəm. Bizim seriallar yayımlanmadan əvvəl ölkəmizdə türk, hind seriallarının reytinqləri yüksək idi. 2011-ci ildə dövlət qərar verdi, yerli istehsal başladı, xarici serillar dayandırlıdı. Keçən ildən bəlli şərtlər daxilində xarici serialların yayımına izn verildi. Biz bir az narahat olduq ki, tamaşaçını itirə bilərik. Amma nəticələr göstərdi ki, türk və hind serialları azərbaycan serialının yaxınına belə gələ bilmir. Dövlət bu mənada öz işini gördü. Bir də qərəzsiz, haqlı tənqid lazımdı ki, qeyri-peşəkar serial çəkməsin.
Həmidə Ömərova: Mən 1992-ci ildə İranda “Zindani dev” filmində çəkiləndə bizi Tehranda kino şəhərciyinə apardılar. Kino şəhərciyinin bir küçəsi 30-cu , bir küçəsi 40-cı və s. illərə aid idi. Bütün dövrlərin geyimləri vardı. Seriallar üçün pavilyonlar tikilmişdi. Kino şəhərcikləri hər yerdə var. Kaş bizdə də olsun. Bütün seriallar, filmlər orda çəkilsin. Bu, serial sektorunun inkşafına da kömək edər.
Müzakirənin videoyazısı:
aki.az