“Məryəm” filminin çəkilişləri tamamlanıb

“Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Məryəm” tammetrajlı bədii filminin çəkilişləri artıq yekunlaşıb.

Qeyd edək ki, ekran əsərinin süjet xətti Məryəm obrazının uzun illər sonra dünyasını dəyişmiş atasını görmək üçün Azərbaycana gəlişi üzərində qurulub. Belə ki, atasını ucqar bölgədə yerləşən psixiatrik xəstəxanada tapan Məryəm, yeni reallıqla üz-üzə qalır ki, bu zaman da ortaya “nə etməli?” sualı çıxır. Və bununla da filmdəki hadisələr Məryəmin xəstəxananın baş həkimi ilə yaşadığı konfliktlər və qarşısına çıxan çətinliklər ətrafında cərəyan etməyə başlayır.

“Azərbaycanfilm” kinostudiyasından “Report”a verilən məlumata görə, filmin çəkilişləri Zaqatala-Balakən bölgəsində lentə alınıb və çəkiliş prosesi iki aya yaxın davam edib.

Yeri gəlmişkən, bir neçə gün əvvəl Türkiyənin önəmli film layihələrinin inkişafı və istehsalı platformalarından biri olan “12 Punto – 2021”, TRT Beynəlxalq Birgə İstehsal Mükafatlarının qaliblərindən biri də, “Azərbaycanfilm” və “Sinema Evi” şirkətinin müştərək istehsal etdiyi “Məryəm” tammetrajlı bədii film layihəsi oldu.

Filmin yaradıcı heyəti: Ssenari müəllifi və rejissoru Elçin Musaoğlu, prodüseri Fariz Əhmədov, təsvir üzrə rejissoru (operator) Orxan Abbasov, rəssam isə Zaur Abdullayevdir.

Filmdə iştirak edirlər: Təhminə Rafaella(Məryəm), Ayşad Məmmədov(Ata).

“Məryəm” filmin premyerası 2022-ci ildə nəzərdə tutulub. Film beynəlxalq festivallara göndərildikdən sonra şəhərin kinoteatrlarında nümayiş etdiriləcək.

aki.az