“Rakurs” rüblük bülleteninin ikinci nömrəsi çapdan çıxıb
Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” rüblük bülleteninin ikinci nömrəsi çapdan çıxıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” informasiya bülleteni ölkəmizdəki kino prosesinin xronikasını izləmək məqsədilə nəşr edilir. Əlamətdar kino hadisələrini xatırlatmaq üçün nəzərdə tutulan bülleten Azərbaycan Kinematoqrafçılar İttifaqının bu ilin aprel ayında görülən işlərin hesabatı ilə başlayır.
Qeyd edək ki, hesabatda bu ilin aprel-may-iyun aylarında Azərbaycan Kinematoqrafçılar ittifaqının, eyni zamanda ölkədə kinoyla bağlı görülən işlər diqqətə çəkilir.
AKİ-nin Qarabağ torpaqlarının bərpası çərçivəsində görülən işlər içində kitabxanaları üçün toplanan kitab kampaniyasına qoşulması, AKİ sədri Rüstəm İbrahimbəyovun Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri İrek Zinnurovu qəbul edərək onunla Azərbaycan-Rusiya kino əlaqələrini müzakirə etməsi, eyni zamanda R.İbrahimbəyovun İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcanla görüşərək hər iki ölkənin tarixi və mədəniyyətinin birgə filmlərin ərsəyə gəlməsi üçün müzakirələr aparması qeyd olunub. Bunqan başqa, kino sahəsində dövlət sifarişilə bağlı mexanizmin təkmişlləşdirilməsi, Mədəniyyət Nazirliyi tərəfindən elan olunan “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələrinin müsabiqəsinin qaliblərinin müəyyən olunması da xüsusilə qeyd olunur.
Hesabatda kino ilə bağlı keçirilən təqdimatlar, festivallar, hazırlanan layihələr, çəkiliş meydançaları, yubileylər də yer alıb. Hesabatın sonunda AKİ üzvü, rejissor Çingiz Rəsulzadənin vaxtsız ölümünə həsr olunmuş Nekroloq da diqqəti çəkir.
Xatırladaq ki, AKİ sədri Rüstəm İbrahimbəyovun məsləhətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” rüblük bülletenin çap edilməsində əsas məqsəd İttifaqın gördüyü işlərlə bağlı ictimaiyyət və dövlət qarşısında hesabat xarakteri daşıyır.
Son olaraq qeyd edək ki, kino araşdırmaçıları üçün nəzərdə tutulan “Rakurs” rüblük bülleteni Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun məsləhəti ilə nəşr olunub. Nəşrə məsul Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov, tərtib edən yazıçı Nəriman Əbdülrəhmanlı, redaktor kinoşünas Sevda Sultanovadır.
aki.az